İnsanlara hürriyət, millətlərə istiqlal!

Torpağını ver, sərvətini ver, AES-i də ver...

(Kərbəlayi İsmayıl: “Evimi aldılar, dinmədim, malımı aldılar, dinmədim. İndi də deyirlər torpağını ver. Sabah da deyəcəklər papağını da ver...”)

Gözlənildiyi kimi, Rusiya və Ukrayna cəbhəsində enerji sektoruna hücumların dayandırılması haqda razılaşmaya əməl edilmədi. ABŞ prezidenti əvvəl Putinin, sonra isə Zelenskinin bu məsələdə “hə”sini alsa da, atəşkəsə nəzarət mexanizmi olmadığı üçün qarşılıqlı hücumlar davam edir. Məsələn, Ukrayna PUA-larının Krasnodar diyarının Kavkazskaya kəndində vurduğu neftbaza üçüncü gündür yanır, Sudjada Avropaya gedən qaz kəməri partladılıb, Rusiya da Ukrayna ərazisində bir neçə enerji obyektinə zərbələr endirib.

IMG_5146.jpeg (110 KB)

Belə anlaşılır ki, ABŞ-ın AES-lərin hədəfdən çıxarmaq istəməsinin arxasında plan varmış. Tramp hər iki ölkə prezidenti ilə telefon danışığından əvvəl ilk dəfə olaraq AES məsələsinin Rusiya-Ukrayna müharibəsinin nizamlanması kontekstində müzakirə olunacağını demişdi. Tramp hələ bu mövzuda qiymətli yeraltı metallarla bağlı sazişin imzalanması kimi israrçı mövqedə deyil, amma bu barədə artıq açıq danışmaqdan çəkinmirsə, demək, tezliklə AES-lərlə bağlı məsələ də gündəmdə olacaq.

Zelenski Trampla son telefon danışığında yalnız Zaporojye AES-lə bağlı müzakirələr aparıldığını Ağ Evin mətbuat katibi təkzib edib. Deyib ki, baş tutan söhbətdə Ukrayna AES-lərinin Amerika mülkiyyətinə verilərsə, enerji infrastrukturunın müdafiəsinin daha etibarlı qurulacağı müzakirə olunub. Yəni belə qənaət yaranır ki, nadir metallardan sonra ABŞ indi də gözünü AES-lərə dikib, bu səbəbdən ilk olaraq enerji obyektlərinə hücumların dayandırılmasını istəyib.
Burada isə iki “amma” ortaya çıxa bilər ki, o da Rusiya ilə ABŞ arasında kövrək razılaşmaları təhlükəyə sala bilər.

IMG_5147.jpeg (230 KB)

Zaporojye Avropada ən böyük AES-dir və altı nüvə reaktorunu özündə birləşdirir. Stansiya 2022-ci ilin martın əvvəlindən Rusiyanın işğalı altındadır. AES Dnepr çayının sol sahilində yerləşir, bu çayın sağ sahili isə Ukraynanın nəzarətindədir. Rusiya Ukraynanın stansiyaya zərbələrindən ehtiyat etdiyi üçün onu “yatmış rejimə” keçirib. Müharibəyədək bu AES Ukraynanın elektrik enerjisinə olan ehtiyacının təxminən 20-25%-ni ödəyirdi. Rusiya bu enerjini sakitlik yaranandan sonra özünə birləşdirdiyi yeni ərazilərin enerji ilə təmin edilməsində istifadəsini planlaşdırır. Zaporojye AES istisna olmaqla, Ukraynanın nəzarətində üç atom elektrik stansiyası var-Rivne, Xmelnitski və Yujno-Ukrainskaya AES. (Çernobıl AES isə işləmir).

IMG_5148.jpeg (296 KB)

Rusiya Zaporojye AES-i nə ABŞ-ın sərəncamına verər, nə şərikli istifadəsinə razılaşar. Bu da münasibətlərdə yeni gərginlik mövzusu ola bilər. İkincisi, ABŞ bu AES-ləri qorumaq üçün ərazilərə öz hərbiçilərini yerləşdirməlidir ki, bu da Moskvanın “Ukraynanın ərazisində heç bir xarici qoşun ola bilməz” tələbinə ziddidir. Nəhayət, Ukraynanın mövcud qanunvericiliyi də AES-in özəlləşdirməsini qadağan edir. ABŞ-ın energetika naziri deyib ki, ABŞ Ukraynanın AES-lərini nəzarətə götürməyə hazırdır. Hələ 2023-cü ildə Ukraynanın 15 enerji blokunun yarısı Amerika yanacağı ilə işləyir, tam keçid isə tezliklə, əvvəllər alınmış Rusiya yanacağı tükəndikdə baş verəcək...

Yeri gəlmişkən, iddia olunur ki, Kiyevin nadir metal yataqları o qədər də zəngin deyilmiş, ona görə ABŞ Ukraynaya verilmiş 350 milyard dolları təkcə təbii sərvətlərlə qaytara bilməyəcəyini hesablayır, ona görə AES-ləri də sövdələşmə predmetinə çevrir.

IMG_5149.jpeg (376 KB)

İndi diqqətlər martın 24-də Səudiyyə Ərəbistanında Rusiya-ABŞ və Ukrayna nümayəndələri arasında olacaq görüşə yönəlib. ABŞ tərəfi deyib ki, Rusiya və Ukrayna heyətləri ilə ayrı-ayrılıqda görüşəcəklər, hər iki tərəfin mövqelərini onlar uzlaşdırmağa çalışacaqlar. Yəni ABŞ bu danışıqları Brüsseldən və Zelenskidən kənar tam nəzarətə götürüb. Belə “iştaha” ilə davam edərlərsə, danışıqların sonunda Ukraynadan “çox şey qalmaya" bilər.

Kərbəlayi İsmayıl dediyi kimi: “Evimi aldılar, dinmədim, malımı aldılar, dinmədim. İndi də deyirlər torpağını ver. Sabah da deyəcəklər papağını da ver...”

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR