İnsanlara hürriyət, millətlərə istiqlal!

Husilər müharibəyə GİRİR: ABŞ ilə atəşkəs BİTDİ

Yəmənin "Ənsar Allah" hərəkatına bağlı husilər İranın nüvə obyektlərinə ABŞ-ın endirdiyi zərbələrə cavab olaraq, Qırmızı dənizdəki ABŞ qüvvələrinə hücumlara başlayacaqlar. 

Musavat.com xəbər verir ki, bu barədə Yəmən hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Buheyti "Al Jazeera" telekanalına müsahibəsində bildirib.

"Birinci mərhələdə Qırmızı dənizdəki Amerika qüvvələri hədəf alınacaq", – deyə husilərin nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, husilər “İrana qarşı təcavüz” dayandırılana qədər münaqişənin miqyasını genişləndirəcəklər.

Əl-Buheyti həmçinin əlavə edib ki, ABŞ ilə husilər arasında mövcud olmuş atəşkəs razılaşması artıq qüvvədən düşüb. O, düşmənlərə qarşı "sürprizlər" vəd edərək, regionun təhlükəsizliyinə yeni zərbələr endirməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, mayın əvvəlində ABŞ administrasiyası və husilər Omanın vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəliblər. Birləşmiş Ştatların Yəmən ərazilərinə zərbələr endirməsini dayandırdıqdan sonra husilər Amerika hərbi gəmilərinə hücum etməyəcəyinə söz veriblər.

İyunun 22-nə keçən gecə Ağ Ev rəhbəri Donald Tramp ABŞ-ın İrandakı üç nüvə obyektinə zərbələr endirdiyini açıqlayıb. O, bunu ABŞ, İsrail və dünya üçün “tarixi an” adlandırıb və Tehranı “bu müharibəni dayandırmağa razı olmağa” çağırıb. ABŞ prezidenti xalqa müraciətində zərbənin məqsədinin İranın uranı zənginləşdirmə obyektlərini məhv etmək və nüvə təhlükəsinə son qoymaq olduğunu bildirib.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR