İnsanlara hürriyət, millətlərə istiqlal!

Tonuslu bonuslar

“Göy cöngə, gömgöy cöngə, dümgöy cöngə”

(yanıltmac)

Həkimlərimizin kütləvi şəkildə Almaniyaya qaçdığı haqda xəbər vermişdik. Tək keçən il 1400-dən çox doktorumuz alman xalqını xilas etməyə yollanmışdı. Mən əslində bu miqrasiya prosesinə mənfi yanaşmıram. Ən azından, qayıdanda hərəsi bir maşın gətirsələr avtomobil parkımız yenilənər. Bizim güclü həkimlərimiz var, almanların da keyfiyyətli maşınları. İkisi birləşəndə hara istəsən getmək olar.

Yaxşı xatırlayıram, 5-10 il qabaq Bakıda “Evrovizyon” manıs yarışması keçiriləndə 300-dən çox alman turist bura öz maşınlarını sürüb gətirmişdi, paytaxtımızda atıb getmişdilər. Deyəsən “qaçqınlara bağışlayırıq” demişdilər. Ancaq maşınlar günəşin, yağışın altında çürüdü getdi, hökumət onları sürməyə icazə vermədi. Son məlumatım belədir, ola bilər kimsə qapazladı. Ölkəmizdə şəffaflıq olduğu üçün heç nə görmürük. Şəffaf şeyi necə görəsən? Bunu mən söz oyunu kimi yazmıram.

Hərçənd, yazsam guya pis edəcəyəm? Bu saat söz oyunları ən populyar işimizdir. Şairlər söz oynadır, jurnalistlər, aparıcılar söz oynadır, hətta təzəlikcə hansısa test imtahanlarından (ya müəllimlərin, ya abituriyentlərin, ya dövlət qulluqçularının imtahanı idi, dəqiq yadımda qalmayıb) şikayətlər yazılmışdı. İmtahana girənlər deyirdi ki, sualları söz oyunu şəklində qoyurlar, biz bunu başa düşənəcən imtahan vaxtı qurtarır.

Yeri gəlib, bir zamanlar əsərlərində söz oyunlarından gen-bol işlədən rəhmətlik şairimizdən misra ilə yazımıza davam edək: “Mən sənin eşqindən piyan olmuşam, Əgər inanmırsan, ağzımı iylə”.

Lakin həkimlərimizin şikayətinə idarədən cavab gecikmədi. Bu da öz-özlüyündə sevindirici haldır: son zamanlar idarələrimizin cavabı gecikmir, dərhal şikayətçinin ağzının üstündən qapazı qoyurlar, tərpənə bilmir. Xülasə, idarə deyir həkimlərin maaşı qətiyyən az sayılmasın, onlar çoxlu bonus da alırlar. Sitat: “İxtisaslı həkim tərəfindən müayinə edilən hər pasiyentə görə tibb müəssisəsinə 17 manat ödənilir. Müvafiq Qaydaya əsasən hər pasiyentə görə bu məbləğin 8%-i (1.36 AZN) həkimin əməkhaqqına əlavə edilir. Həkim gün ərzində 35, ay ərzində 770 xəstə qəbul edərsə, o 1047 manat bonus almış olur”. Sitatın sonu.

Alqışlayıram. Doğrudan da belə “müvafiq qayda” varsa, həkimlərimiz yaxşı bonus toplayar. Məsələn, gündə 35 yox, 70 xəstə qəbul elə, qoy bonus 2000 manatı keçsin. Hətta hər 5 dəqiqədə 1 xəstə qəbul etsən aylıq qazanc astronomik artar. 1 saata 12 xəstə, 8 saatlıq iş günündə 96 xəstə edir. Bunu vuraq 22 iş gününə. Ayda 2112 xəstə. Bunu da təxminən hər 700 xəstəyə 1000 manat bonusdan götürsək, həkimin qazancı 3000 manata çıxır. Əldən və gözdən iti həkim 2 dəqiqəyə 1 xəstəyə də baxar, niyə də baxmasın? Ölkəmiz sürətlə inkişaf edir. Bu yaxında güzəştli mənzillər satışa çıxarılanda camaat 27-ci saniyədə artıq ev almışdı. Dəqiqə yarıma 500 ev satırlar. Həkimlərimiz aktiv olmalıdır. Vaxtilə Əli müəllim nazir olanda görürdün əlini yarım saniyəyə, gözbağlıca (ana dilimizdə fokusçu-nun adıdır) kimi fırlatdı, qızıl külçə yox oldu. Çox haqq-ədalətli adam idi, indi olmasın.

Bir də xəstələrimiz düzgün eləmir, onların da öz günahı var. Hərə bir bölgəyə dağılışıbdır. O səbəbdən həkimlərin bonusu aşağı düşür. Gərək hamı Bakıya toplaşsın, səmərə artsın. Yoxsa görürsən Lerikdən şikayət gəlib: “Rayonda cəmi 38 həkim var, qadınlar uşaqları evdə doğur, bütün rayonda 1 ginekoloq var, onun qəbuluna düşənəcən uşaq doğulub məktəbə gedir” və sairə.

Məktəb varsa, bunun özünə sevinməliyik. Əsas məktəbdir. Bütün işlərin məktəbi olmalıdır. Bildiklərimizi gələcək nəslə ötürməliyik.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR