İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tofiq Yaqublu haqqında" - Zaur Bayramlının sensasion yazısı! İlk dəfə açıqlanan faktlar

İlk başda deyim ki, mən Tofiq Yaqublunun aclığı dayandırmasını və onun məhkəməsinin təkrardan sözün əsl mənasında ədalətli keçirilməsini istəyirəm.

Tofiq bəylə həmişə normal, qarşılıqlı sayqıya əsaslanan münasibətimiz olub.

İlini dəqiq xatırlamıram, təxminən 7-8 il öncə olardı, mənə telefon açdı ki, bəy, Amerikadayam, indi Filadelfiya şəhərindəyəm, sabah Vaşinqtona gələcəyəm. Mən də dedim ki, nə yaxşı, o zaman sizi qarşılayım, qonağımız olun. Fikrim də bu idi ki, həmin vaxt Virciniyada, mənimlə eyni şəhərdə yaşayan iqtisadçı Dr. Qubad İbadoğlunu da dəvət edim, üçlükdə bizim balkonda manqal başında söhbətləşək.

Tofiq bəy təşəkkür edərək bildirdi ki, başqa dostlarla da görüş təyin edib və sabah axşama Bakıya təyyarə bileti var və mənə dedi siz Qubad bəylə harda və nə vaxt görüşəcəyimizi koordinasiya edin.

Qısacası, Virciniyanın Alexandria adlı şəhərində Qubad bəyin dediyi bir kafedə görüşdük. Baxdım ki, Tofiq və Qubad bəylərdən başqa Ramis Yunus və başqa 3 nəfər daha var. Açığı, eyni atmosferdə olmaq istəmədiyim o insanları görəndə qanım qaraldı və demək olar ki, görüş boyunca mən heç nə danışmadım.

Sonradan Qubad bəyə irad tutanda ki, niyə o adamların da orda olacaqlarını mənə demədiniz, o dedi ki, mənim də xəbərim yox idi, Tofiq bəy dəvət edib.

Qısacası, görüşdən sonra Tofiq bəyi hava limanına mən aparası oldum öz maşınımla. Yol boyu və aeroportda xeyli söhbət etdik.
Mən Tofiq bəyə onun kimi milli bir insanın Taleh Bağırzadə və onun kimi İranın fars-molla rejiminə işlədikləri heç kimdə şübhə doğurmayan şəxsləri müdafiə etmələrini irad olaraq bildirdim və dedim ki, zəlzələdən, ya vəlvələdən, sabah siz hakimiyyətə gəlsəniz, bu adamları zərərsizləşdirməyəcəksiniz??? Əgər zərərsizləşdirməyəcəksinizsə, sizdən hakimiyyət, dövlət-filan olmaz.
O da "yox ey bəy, bilirsiniz, elə deyil, belədir..." tipli anlamsız cümlələrlə öz yanlışlarına haqq qazandırmağa çalışdı.

Ondan bir neçə ay sonra politoloq Şahin Cəfərlinin yazısına yazdığım bir yoruma görə mənə Whatsapp üzərindən zəng etdi və 2 saata yaxın mədəni mübahisə və müzakirə etdik.

Daha sonra mən Azərbaycandakı aşırı qərbpərəstlərə yönəlik bir status yazdım və qeyd etdim ki, Azərbaycanda elələri var bir Amerikalı arxasından qaz buraxanda az qalırlar qaçıb o qazı torbaya doldurub da desinlər "oxxxaayyy, demokratiya ətri".
Tofiq bəy bunu öz üstünə alındı və məni sosial şəbəkədə dostluqdan çıxardı.

Daha sonra mən Bakıya gedəndə mərhum dostumuz, jurnalist Qadir Ibrahimlinin cənazəsində qarşılaşdıq. Qızı Nigar xanım mənə salam versə də, Tofiq bəy nümayişkaranə şəkildə üzünü yana tutdu.

Bu arada, bu hadisədən öncə - 2021-ci ildə atamın il mərasimi üçün Azərbaycana getmişdim. Dövlətimizdən mənə zəng gəldi və dedilər Zaur bəy, bildik ki, Azərbaycandasınız, əgər istəyirsinizsə Şuşaya apara bilərik sizi. Mən də təbii ki, çox sevinərək qəbul etdim. Qeyd edim ki, o vaxtlarda Şuşaya səfərlər yeni açılırdı və getmək çox çətin idi.

Dedilər 2 gün sonra filan saatda, filan yerdə olun.

Bunun səhərisi günü bir aksiyada Tofiq Yaqublu döyülmüşdü və gözlərinin altı qapqara qaralmışdı. Mən o görüntünü görəndə Tofiq Yaqublu ilə aramızın sərin olmasına rəğmən ağladım və açıq şəkildə bəyanat verərək bildirdim ki, mən özüm də atayam və bir atanın evinə, övladlarının yanına belə bir görüntüdə getməsini göz önünə gətirərək, Tofiq Yaqubluya qarşı edilən bu şiddətə etiraz olaraq Şuşa səfərindən imtina edirəm.

Həmin vaxt hələ Tofiq Yaqublu ilə sosial şəbəkə dostluğumuz vardı və bəyanatımda adını da etiketləmişdim.

Təsəvvür edirsiniz, Tofiq bəy onunla bağlı ən kiçik dəstək mesajı yazanların statuslarının altına bir-bir girərək təşəkkür edirdi, amma onun üçün Azərbaycanda ən böyük fədakarlığı edən məni görməzdən gəldi.

Amma mən yenə də ona qarşı haqsızlıq hesab etdiyim məsələlərdə onu müdafiə etməyə davam etdim və küsülü olmağımıza rəğmən, atası vəfat edəndə də mesaj yazaraq başsağlığı verdim.

Daha sonralar onun gözlərinin altının qaralmasının əslində necə olduğu ilə bağlı mənə güvəndiyim yerlərdən inandırıcı dəlillər təqdim etdilər, amma mən indiki anda bu mövzunun dərinliklərinə girməyi məqbul hesab etmirəm.
Açıq deyirəm, Tofiq Yaqublu mənim qəhrəmanım-filan deyil.

O sadəcə 31 ildir gilyatinə damazdıqlar yetişdirərək göndərən məlum uğursuz siyasətçinin "aslansın, kaplansın" deyə poh-pohlayaraq önə itələdiyi aldanmış bir kəvakibdir.

Tofiq bəyin mübarizə yöntəmini də, mübarizə hesab etdiyi fəaliyyətində istifadə etdiyi leksikonu da qəbul etmirəm.

Hələ onun Ukrayna səfirinə iki daşın arasında öz dövlətini şikayət etməsi tam bir utanc səhnəsi idi.

Amma bütün bunlara rəğmən mən Tofiq Yaqublunun ölməsini əsla istəmirəm.

Çünki ilk başda insanam, daha sonra özüm də atayam.

Eyni zamanda mən Tofiq bəyin mümkün ölümünün Azərbaycana, xalqımıza və dövlətimizə fayda yox, ancaq zərər gətirəcəyini görürəm.

Bir neçə ay öncə Tofiq Yaqubluya simpatiyası olmayan çox məlumatlı bir nəfər mənə dedi ki, "Sən özün bilirsən mənim Tofiqdən xoşum gəlmir və onun bu saxta qəhrəmanlıqları məndə itici bir rişxənd doğurur, amma mən 100 faiz əminəm ki, Tofiqə qarşı bu dəfə irəli sürülən ittiham saxtadır və adam haqsız yerə həbs edilib".

Mən bundan da əminəm ki, müxalif düşərgənin müəyyən - məlum hissəsində Tofiq Yaqublunun ölümünü dörd gözlə gözləyənlər var ki, bundan siyasi manipulyasiya məqsədilə istifadə etsinlər.

Amma təkrar edirəm - bu ölüm xalqımızı sarsıdar, dövlətimizə zərər verər.

Adam 32 gündür acdır.

Mən şəxsən ömrümdə 2 dəfə, birində 3 sutka, digərində 3 sutka yarım ac qalmışam və aclığın nə olduğunu onda hiss etmişəm. İndi bu adam mənim aclığımın 10 qat artığını keçirib.

Dövlətimdən, dövlətimin başçısı, qalib Ali Baş Komandandan sadə bir Azərbaycan vətəndaşı olaraq xahiş edirəm: marığa yatıb həvəslə bu ölümü gözləyənlərin həvəslərini qursaqlarında qoyun.

Cənab prezident, ya səlahiyyətinizdən müsbət mənada istifadə edərək Tofiq Yaqublunun dərhal azad edilməsi üçün təlimat verin, ya da ki, məhkəməsinin təkrardan şəffaf və daha ədalətli keçirilməsi üçün.

Bu xalqın 200 illik məğlubiyyət zolağının qalibiyyətə dönməsi prosesinə öncüllük etmiş bir lider olaraq sizə də bu BÖYÜKLÜK yaraşar.

Untitled (4)-12.jpg (8 KB)

Zaur Bayramlı, ABŞ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

BÜTÜN XƏBƏRLƏR