İnsanlara hürriyət, millətlərə istiqlal!

Tıxacla mübarizə indi də metroda görünməmiş sıxlıq yaradıb

Ekspert: “Tiflisdə ictimai nəqliyyat saat kimi işləyir, Tallində heç metro yoxdur, amma...”

Şəhərdə tıxac probleminin həll olunması üçün dövlət qurumları tez-tez vətəndaşları ictimai nəqliyyatdan istifadəyə səsləyirlər. Ancaq bu, daha acınacaqlı  vəziyyət yaradır, ictimai nəqliyyatdan istifadə etmək müəyyən saatlarda mümkünsüz olub. Məktəb, universitet və işdən evlərinə qayıtmaq üçün metroya üz tutan vətəndaşlar elə bir mənzərə ilə üzləşirlər ki, bu barədə yazmağa söz tapmaq olmur. Tər qoxusu, dözülməz sıxlıq və havasızlıq sərnişinləri çarəsiz qoyub. Oxşar vəziyyətə avtobuslarda da rast gəlinir. Mənzil başına çatmaq üçün avtobusu seçən sərnişinlər də böyük problemlərlə üzləşirlər. Bəs bu vəziyyətdən çıxış yolu nədir? Qatarların sayı artırılmalıdır, yoxsa?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Yeni Müsavat”a dedi ki, bu gün ictimai nəqliyyatda avtobuslar arasında intervalın çox böyük olması, dayanacaqlarda ödəmə terminallarının olmaması vətəndaşları metrodan istifadə etməyə sövq edir. Təbii ki, belə olan halda metroda daha çox sıxlıq yaranır: “Metro elə bir nəqliyyat vasitəsidir ki, burada qatarlar hərəkət edir və qatarlar arasında olan intervallar texniki və təhlükəsizlik məsələlərinə görə  o qədər də yaxın ola bilməz. Burada müəyyən intervala ehtiyac var.

Ekspert: “Ölkəmizdə avtomobil parkının yenilənməsi üçün bir neçə üsul var”  - 30.04.2021, Sputnik Azərbaycan

Eldəniz Cəfərov

Bununla bağlı "Bakı Metropoliteni"ndə qatarların sayının artırılmasına ehtiyac var. Estoniyanın paytaxtı Tallini misal çəkə bilərəm ki, orada ictimai nəqliyyat çox ideal işləyir. Buna baxmayaraq, orada metro yoxdur. Vətəndaşlar yalnız yerüstü nəqliyyat vasitələrindən istifadə edirlər. Barselona şəhərini də misal çəkmək olar, orada isə yeraltı nəqliyyat vasitələri daha çox inkişaf edib. Vətəndaşlar, turistlər daha çox metrodan istifadə edirlər. Yaxınlarda Gürcüstanın paytaxtı Tiflisdə oldum, çox heyrətləndim, bir az da pərt oldum. Çünki orada ictimai nəqliyyat saat kimi işləyir, avtobuslar arasında interval cəmi üç dəqiqədir. Orada uzunluğu 20 kilometr olan marşruta 20 avtobus buraxılır. Həmçinin marşrut taksiləri də buraxılır. Vətəndaşlar daha çox avtobusdan istifadə edirlər. Metroya minmirlər. Qeyd edim ki, Tiflisdə kifayət qədər sıxlıq da var, avtomobil də var. Taksi minik avtomobilləri də var. Buna baxmayaraq ictimai nəqliyyatın avtobus seqmenti çox gözəl işləyir. Elə metro da çox yaxşı işləyir. Bakı şəhərində ictimai nəqliyyatın qaydaya salınması üçün sadəcə marşruta kifayət qədər avtobusun buraxılmasına ehtiyac var".

Avtomobil idxalı asanlaşa bilər: DGK-nin yeni xidməti | No Comment

Yasin Mustafayev 

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev də “Yeni Müsavat”a dedi ki, şəhərimizin küçə və prospektlərində nəqliyyatın sıxlığı son dərəcə kəskin hal alıb: “Bu sıxlığı nəinki pik vaxtlarda, adi vaxtlarda da müşahidə etmək mümkündür. Hazırda ictimai nəqliyyatda da vəziyyət gərgindir. Metroda da gecikmələr var, sıxlıq var. İntervalı azaltmaq olarmı, o da texniki cəhətdən mümkün deyil. Çünki "İçərişəhər" istiqaməti dalan olduğu üçün qatarların ora gedib qayıtması intervalı 3 dəqiqədən aşağı salmağa imkan vermir. Avtobuslarda da gecikmələr olur, buna görə də sıxlıqlar var. Gecikmələrin də əsas səbəbi avtobusların özünəməxsus zolaqlarının tam şəkildə olmamasıdır. Bakının nəqliyyatındakı bugünkü mənzərə budur. Bunun çıxış yolu tez bir zamanda həll olunası məsələ deyil. Bunun üçün həm infrastruktur olmalıdır, həm insanların düşüncə tərzinə bir az təsir etmək lazımdır, həm də yeni texnologiyalar tətbiq olunmalıdır. Bunların hamısı kompleks şəkildə həll olunmalıdır. Misal üçün, metronun intervalını artırmaq lazımdır. Eşitdim ki, bu istiqamətdə iş başlanacaq. İntervalı 3 dəqiqədən 1 dəqiqəyə qədər endirsək, bu, üç dəfə daha çox daşınma potensialını artıracaq. Avtobuslara gəldikdə isə bu sahədə daha çox insanları da maarifləndirmək lazımdır. Avtomobili olan insanlar elə bilirlər ki, hər yerə öz maşınları ilə getməlidirlər. Halbuki yaxınlıqda digər nəqliyyat vasitələri var. Eyni zamanda iki təkərli nəqliyyat vasitələrindən istifadə edilə bilər. Bunun üçün yollarda cizgilər çəkilməlidir. Məsələn, Elmlər Akademiyasında pik vaxtda o qədər tələbə, müəllim axını olur ki, bunun qarşısını heç nə ilə almaq mümkün deyil. Bununla bağlı müvafiq qurumlar Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi maarifləndirici işlər görə bilərlər. Gənclər iki təkərli nəqliyyat vasitələrindən istifadə etsələr, bu həm də sağlamlıqlarına müsbət təsir edər".

SON DƏQİQƏ! Mais Ağayev və ailəsi koronavirusa yoluxdu - VİDEO

Mais Ağayev 

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə deyib ki, gün ərzində tıxac səbəbindən bir neçə marşrut xətti üzrə avtobuslar yolda hərəkətsiz qalır: “Dünən səhər saatlarında paytaxtın əsas ictimai nəqliyyat dəhlizi olan Q.Qarayev və M.Useynov prospektlərində səhər pik saatlarında böyük bir tıxac yaranmşdı. Bu səbəbdən də bir neçə marşrut xətti üzrə avtobuslar yolda hərəkətsiz qaldı. Nəticədə müvafiq marşrut xətləri üzrə avtobusların hərəkət cədvəllərində əhəmiyyətli gecikmələr baş verir. Həmçinin hərəkət sxemi boyunca dayanacaqlarda sərnişinlər dəqiqələrlə avtobus gözləməli olurlar. Beləliklə də ictimai nəqliyyatın cəlbediciliyi azalır və nəticədə insanlar səyahətlərini şəxsi avtomobil, eləcə də taksi ilə reallaşdırmalı olurlar. Yollar yüklənməklə sıxlıq və tıxac halları artır. Onu da qeyd edim ki, bu prospektlər avtobus zolağının təşkil edildiyi yol sahələrindəndir. Lakin avtobus zolaqlarının tələbinin pozulması mövcud mənzərəni yaradır. İctimai nəqliyyatın səmərəli olması ilk növbədə fərdi avtomobildən istifadə edənlərin marağında olmalıdır. Çünki ictimai nəqliyyat cəlbedici olmadıqca sıxlıq və tıxac halları özünü daha qabarıq formada büruzə verəcək”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR