İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisin sülh danışıqlarında yeni vasitəçi olmaq niyyəti

Regionda Rusiya ilə Qərbin maraq toqquşmasının kəskinləşdiyi vaxtda Gürcüstanın  vasitəçilik təklifini yeniləməsi nə ilə izah oluna bilər?

“Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı mən baş naziri məlumatlandırdım. Biz hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Hər halda, bizim niyyətimiz bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsipləri əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır”.

Bunu Prezident İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında söyləyib. Prezident daha sonra deyib: “Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bu gün eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq”.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili  isə deyib ki, görüşdə regional vəziyyəti, Azərbaycan və Ermənistan arasında olan təmasları, iki ölkə arasında sülh prosesinə toxunublar, nəzərdən keçirdik. “Şəxsən mən və bizim hökumətimiz ümidvarıq ki, sülh siyasətini həyata keçirmək üçün əlimizdən gələni edəcəyik. Regionumuzdakı mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil, bunu yalnız gücləndirəcəyik və əminəm ki, biz bir yerdə çox işlər görə bilərik”.

Azərbaycan-Gürcüstan münasibətləri yüksək səviyyədədir və Prezidentin bu səfərində verilən mesajlar da bunu sübut edir. Qeyd edək ki, bir müddət əvvəl hakim “Gürcü arzusu” Partiyasının sədri İrakli Kobaxidze də bildirib ki, Gürcüstan vasitəçiliyə hazırdır: “Biz bunda maraqlıyıq. Əgər Gürcüstan vasitəçi olsa, biz gərginliyin azaldılması üçün öz töhfəmizi verəcəyik”.

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili bir neçə gün əvvəl deyib ki, rəsmi Tiflis Azərbaycan və Ermənistan üçün müzakirələrin aparıldığı platforma olmağa hazırdır. “Əgər ölkəmiz üçün vasitəçilik prosesində iştirak zəruri olarsa, biz buna hər zaman hazırıq və bunu üçün bizim tərəfimizdən heç bir ön şərt irəli sürülmür. Bizim əsas məqsədimiz regionumuzda sülh və sabitlikdir”, - deyə Darçiaşvili qeyd edib.

Yada salaq ki, Tiflis əvvəllər də Bakı ilə İrəvan arasında vasitəçilik edib. 2021-ci il iyunun 12-də məhz Gürcüstanın vasitəçiliyi ilə Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verildi. Yəni bu istiqamətdə Tiflis müəyyən təcrübəyə malikdir.

Onu da nəzərə almalıyıq ki, Gürcüstan Qərbin regiondakı maraqlarının təmsilçisidir, Qərb hərdən arxa plana çəkilərək öz niyyətlərini Tiflis vasitəsilə həyata keçirmək istəyir. Regionda Rusiya ilə Qərbin maraq toqquşmasının kəskinləşdiyi bir  vaxtda Gürcüstanın  vasitəçilik təklifini yeniləməsi nə ilə izah oluna bilər?

Beşikdən məzara qədər... - Elçin Mirzəbəyli yazır

Elçin Mirzəbəyli

BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli əslində bu vasitəçiliyi pozitiv sayır: “Düşünürəm ki, sülh danışıqlarının Gürcüstan vasitəsilə aparılması Azərbaycan üçün də məqbuldur. Çünki azından bu ölkənin neytrallığına zəmanət var. Digər tərəfdən, Tiflis proseslərdə səmimi formada iştirak etmək istəyir. Gürcüstanın niyyəti həqiqətən də Cənubi Qafqazda sülhün, əmin-amanlığın təmin olunmasıdır. Bölgədə Gürcüstanın Qərbin maraqlarını təmin etməsi barədə mülahizələrlə razı deyiləm. Bunun üçün hər hansı bir formada əsas da yoxdur. Gürcüstan indiki şəraitdə daha neytral və balanslı siyasət yürütməyə çalışır. Eyni zamanda regionda öz tərəfdaşlıq münasibətlərini qorumaq üçün cəhd göstərir. Gürcüstan heç bir halda Qərbin geri çəkilib irəli verdiyi ölkə missiyasını yerinə yetirə bilməz. Əslində bunun üçün nə zəmin, nə şərait, nə də imkan yoxdur. Gürcüstan yalnız Azərbaycanla dost və tərəfdaşlıq münasibətlərində ola bilər. Ermənistanla da yaxın münasibətlərə malik bir ölkədir. Bu dövlət vasitəçilikdən daha çox öz ərazisini sülh danışıqları üçün bir platforma kimi təqdim edir. Proseslərdə də daha çox stimulverici tərəf rolunu oynaya bilərlər. Bu aspektdən məsələlərə yanaşmaq daha doğru olardı. Ermənistan buna razılıq verəcəksə, perspektiv olaraq nələrsə əldə olunacaq, bunu öncədən söyləmək çətindir. Çünki Ermənistanla ən müxtəlif müstəvilərdə danışıqlar aparılıb. Amma hər dəfəsində rəsmi İrəvanın danışıqlardan sonra mövqeyində fərqli qütblərin təzyiqi altında fərqli yanaşmaların ortaya çıxdığının şahidi olmuşuq. Əslində regionda ayrı-ayrı qütblərin maraqlarını ifadə edən yeganə ölkə varsa, bu da Ermənistandır. Bu aspektdən Ermənistanla hər hansı bir məsələlərdə razılığa gəlmək həddindən artıq çətindir. Çünki bu ölkənin mövqeyi tez-tez dəyişir. Regiondakı situasiyaya uyğun yox, ayrı-ayrı geosiyasi qütblərin maraqlarına uyğun şəkildə dəyişir. Bu aspektdən Ermənistanın nə istədiyi, hansı aspektdən çıxış etdiyini anlamaq və ona uyğun şəkildə davranmaq bir qədər çətinliklər yaradır. Eyni fikirləri Gürcüstan haqqında söyləmək mümkün deyil. Çünki bu ölkə daha sabit ölkədir. Ermənistan hansı platformada olursa-olsun, yeganə çıxış yolu bu proseslərdə Azərbaycanın irəli sürdüyü şərtlərə uyğun olaraq, sülh müqaviləsinin imzalanmasıdır. Bunun alternativi yoxdur. Nə qədər manevr çox olacaqsa, sağa-sola yönəlmələr, bəzi region ölkələrinin çirkin oyunlarında iştirak etmək və.s yenə də nəticəsi olmayacaq. Çünki Ermənistan mahiyyət etibarı ilə mövcud reallıqları dəyişəcək gücdə deyil. Digər tərəfdən, regiondakı başqa faktorlar, həmçinin Azərbaycanın öz potensialı bu proseslərdə xüsusi olaraq nəzərə alınmalıdır. Əgər Ermənistan həmin qütblərin təsir dairəsindən qoparaq, müəyyən qədər də olsa, öz mənafeləri naminə bir platforma kimi Gürcüstan üzərindən proseslərin həyata keçirilməsində maraqlı olarsa, hesab edirəm ki, ən azından tərəflərin prosesləri irəli aparmaları üçün imkanlar yarana bilər. Bütün hallarda Gürcüstan region dövlətidir. Həm də çox yaxşı münasibətlərə malik olduğumuz bir dövlətdir. Azərbaycan Prezidentinin səfəri çərçivəsində verilən mesajlar da sübuta yetirdi ki, rəsmi Tiflisin siyasi baxışları sabitdir. Bu isə onu bir daha göstərir ki, bu, indiyə qədər həyata keçirilən Azərbaycanla birlikdə ortaq bir dayanışmanın, həmrəyliyin davam etdirilməsi niyyətidir”.

Dərsliklərə dini mövzular salarkən çox ehtiyatlı olmalıyıq – Ekspert rəyləri

Kənan Rövşənoğlu

Siyasi yazar Kənan Rövşənoğlu isə tamamilə fərqli düşünür: “Gürcüstanın hazırkı situasiyada vasitəçi olması real deyil. Daha dəqiqi, Gürcüstan taktiki məsələlərdə vasitəçi ola bilər. Yəni qeyd etdiyiniz kimi, əsirlərin dəyişdirilməsi, yaxud hansısa görüşün təşkil olunması və sair... Amma sülh sazişinin imzalanması məlumdur ki, artıq Qafqazın coğrafi sərhədlərini aşan bir məsələdir. Burada Gürcüstan kiçik oyunçudur. Həlledici ölkələrin rəyi və mövqeyi mühümdür. Yəni bu razılaşma ABŞ, Avropa, Rusiya və Türkiyənin ortaq razılığı olacaq. Ona görə də Gürcüstan bu prosesdə yalnız texniki dəstək göstərə bilər. Yəni məsələn, ABŞ və ya Avropa İttifaqının istəyi ilə görüş təşkil edə bilər. Amma həlledici vasitəçi missiyasını böyük ölkələr həyata keçirəcək. Amma əlbəttə, indiki situasiyada Gürcüstanın Azərbaycanla yaxın olması, əlaqələrimizin yüksək səviyyədə olması bizim üçün siyasi üstünlükdür. Hansı ki, biz bunu 44 günlük müharibə zamanı da gördük. Gürcüstan qətiyyət göstərərək öz ərazisindən Ermənistana silah göndərilməsinə imkan vermədi. Bu səviyyədə əlaqələrin davam etməsi Azərbaycan üçün uğurdur”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR