Onlayn ictimai-siyasi qəzet
Bayden adminstrasiyasının Ermənistanı Azərbaycana qarşı yeni təxribata çəkməsi həm Nikol Paşinyan hökumətinin məğlubiyyətinə, həm də ABŞ-nin regiondan qovulmasına gətirib çıxaracaq.
Bu fikirlər “The European Conservative” nəşrində dərc olunan "Bayden administrasiyası Ermənistanı məğlubiyyətə hazırlayır" adlı məqalədə yer alıb.
Məqalədə deyilir ki, Ermənistanda repressiyaların və polis zorakılığının artması fonunda Bayden administrasiyasının Nikol Paşinyanı açıq şəkildə dəstəkləməsi mübahisəli məqamlar doğurur. ABŞ ilk növbədə, burada istər-istəməz tələyə düşür. Ermənistan 2020-ci ildən hərbi və iqtisadi cəhətdən ciddi şəkildə zəifləyib və Paşinyan hələ də ölkədə vəziyyətin yaxşılaşmasına nail olmayıb, əksinə ölkədə siyasi böhran, təqiblər və çəkişmələr gündən-günə artmaqdadır. Belə olan halda Azərbaycanla yeni qarşıdurma Ermənistanı növbəti hərbi uğursuzluğa və humanitar fəlakətə apara bilər.
Paşinyan hökumətinin Rusiyadan uzaqlaşmaq üçün verdiyi bəyanatlar sadəcə tüstü effektindən başqa bir şey deyil. Reallıq ondan ibarətdir ki, Ermənistan Rusiyanın rəhbərlik etdiyi alyansın üzvü olaraq qalır və öz ərazisində Rusiya hərbi bazalarını saxlayır.
Faktiki olaraq Ermənistan əks yol tutub, Rusiyanın Ukrayna ilə bağlı sanksiyalardan yan keçə bilməsi üçün təkrar ixracın əhəmiyyətli dərəcədə artmasına şərait yaradıb. İsveçrədə keçirilən Qlobal Sülh Sammitində Ermənistan nümayəndəsi Ukrayna ilə bağlı yekun bəyannaməni imzalamaqdan imtina edib. Üstəlik, Rusiyanı sevindirəcək və ABŞ və onun müttəfiqlərinin bir çoxunu narahat edəcək bir addımla Ermənistan 21 iyun 2024-cü ildə Fələstin Dövlətini tanıyıb. Nəhayət, Paşinyan oktyabrda Rusiyanın Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcəyini açıqlayıb.
ABŞ-nin isə Paşinyan hökumətinin öz ölkəsinə və xalqına qarşı destruktiv meyillərini dəstəkləməsinə nəyin haqq qazandıra biləcəyi bəlli deyil. Hakim partiyanın ümumi bəyənmə reytinqi olduqca aşağıdır. Paşinyanın sərhədin demarkasiyası ilə bağlı son mübahisəli addımlarından əvvəl mart ayında Beynəlxalq Respublikaçılar İnstitutunun keçirdiyi sorğuda seçicilərin yalnız 13 %-nin ona etimad göstərdiyi məlum olub. Daha pisi odur ki, hakim partiyanın namizədi 2023-cü ilin sentyabrında İrəvanın meri seçkilərində cəmi 8 % səs toplayıb.
Hazırda Bayden administrasiyası ölkənin müdafiəsində ən zəif bənd olan Paşinyana kömək etməyə çalışır. Paşinyan Amerika rəsmiləri qarşısında özünü qərbyönlü siyasətçi kimi göstərsə də, onlar baş naziri Rusiyadan ayrılmaq üçün sistemli dəyişikliklər etməkdə çox səriştəsiz sayırlar.
Bəs niyə Bayden administrasiyası Ermənistanı itirmək riski ilə üzləşir? Amerikalı diplomatlar bilirlər ki, Ermənistan ordusu 2020-ci ildən bəri faktiki olaraq məhv edilib.
Əhalisi iki milyondan az olan kiçik bir ölkə üçün otuz mindən çox polis toplanıb ki, bu da yəqin ki, Ermənistanı adambaşına görə regionun ən polis dövləti edir, maaşları və mükafatları müəllimlərin, elm adamlarının maaşından qat-qat artıqdır. 2024-cü ilin may ayından etibarən ölkədə ümummilli etiraz hərəkatı Paşinyanın istefasını tələb edir. İyunun 12-də Ermənistanın xüsusi təyinatlıları dinc etirazçılara və jurnalistlərə qarşı səs-küylü qumbaraatanlardan istifadə ediblər. Nəticədə 80-ə yaxın etirazçı və jurnalist yaralanıb, onlarla insan saxlanılıb. Etiraz hərəkatının liderlərindən biri, jurnalist Abraham Qasparyan həbsdə olarkən polis tərəfindən qaçırılıb və vəhşicəsinə döyülüb. Hakim partiyanın deputatı və oliqarx Xaçatur Sukiasyan müxalifətçi həmkarlarını hədələyib: “Əgər özünüzü yaxşı aparmasanız... ya həbsxanaya düşəcəksiniz, ya öləcəksiniz, ya da əmlakınız əlindən alınacaq”. Etiraz hərəkatını dəstəkləyən özəl müəssisələr gözlənilməz vergi yoxlamalarına, o cümlədən kompüterlərin və digər avadanlıqların müsadirə edilməsinə məruz qalıblar.
Qəribəsi odur ki, faciəli hadisələrdən 24 saatdan az bir müddət əvvəl ABŞ Dövlət Departamenti Blinkenin köməkçisi Ceyms O'Brayenin səfərindən sonra polis islahatını tərifləyən bəyanat yayıb. Onun ABŞ-nin İrəvandakı səfirliyindəki həmkarları isə həqiqətdən daha da uzaq idilər, çünki bəyanatlarında iyunun 12-də baş verənlərə görə etirazçıları günahlandırdılar və onları cinayətkarlarla eyni səviyyəyə qaldırdılar.
Bayden administrasiyası Paşinyanı dəstəklədikcə, Ermənistan və onun əhalisi üçün fəlakətli nəticələrə səbəb olacaq siyasəti davam etdirir. Bu, Ermənistanı növbəti məğlubiyyətə hazırlayır və çox güman ki, ABŞ-nin regiondan qovulmasına gətirib çıxaracaq.//Report
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ