Onlayn ictimai-siyasi qəzet
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyası planetin gələcəyini düşünən hər bir sakinin diqqət mərkəzində idi.
COP29-un sonunda qəbul edilən razılaşma iqlim dəyişikliyi ilə mübarizədə tarixi addım kimi qiymətləndirilir. Yeni razılaşmaya əsasən, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim tədbirləri üçün hər il 100 milyard dollar əvəzinə 2035-ci ilə qədər 300 milyard dollar vəsait ayırmağı öhdəliklərinə götürdülər. Bu vəsait təbii fəlakətlərin zərərini azaltmaq, bərpa olunan enerji keçidini dəstəkləmək və yoxsulluğun azaldılması üçün istifadə olunacaq.
Azərbaycanın ən müxtəlif rayonlarında, Bakı və ətraf qəsəbələrdə COP29-a töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləşmoblar keçirilib.
Bu aksiyalara Bakı sakinləri də öz töhfələrini verməkdədir.
Musavat.com xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 23 saylı evin mülkiyyətçisi Ramin Ağayev özünə məxsus 14,5 sot torpaq sahəsində 50-dən çox Eldar şamı əkməklə beynəlxalq tədbirə töhfə verib.
“İnşallah, Bakımız günü-gündən yaşıllaşsın. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xahiş edirəm ki, bu ağacları da həyətimdə olan digər ağaclar kimi dövlət qeydiyyatına alsın”, - deyə Bakı sakini bildirib.
Aksiyaya Ağadadaş Qurbanov küçəsi, dalan 1, ev 2 ünvanında yaşayan Ofelya Ağadadaş qızı Hacıyeva da qoşulub. Onlar da həyətlərində 20-yə yaxın şam ağacı əkiblər.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ