İnsanlara hürriyət, millətlərə istiqlal!

Samir Şərifovdan SON DƏQİQƏ AÇIQLAMALARI - 2030-cu ilədək...

Milli Məclisdəki büdcə müzakirələri zamanı çıxış edən maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib.

Musavat.com-un məlumatına görə, nazir 2025-ci il dövlət və icmal büdcələrinin layihələrinin, həmçinin növbəti il üçün icmal büdcənin əsas göstəricilərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim olunduğunu bildirib.

O deyib ki, layihə hazırlanarkən Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair milli prioritetlərinin ehtiva etdiyi məqsədlərin reallaşdırılması vəzifəsi rəhbər tutulub, gözlənilən meyllər, həmçinin qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin göstəricilərinə ehtimal olunan təsirləri nəzərə alınıb:

“Bu zaman əsas prioritetlər kimi ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur rayonlarının bərpası, ölkə iqtisadiyyatına reinteqrasiyası və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsi, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası əsas vəzifələr kimi qəbul edilib. Bununla yanaşı, əməkhaqqı, pensiya, sosial təminat, ünvanlı sosial yardım və təqaüd xərclərinin, səhiyyə, təhsil, mədəniyyət və ölkəmizin ərzaq təhlükəsizliyinin, beynəlxalq fəaliyyətlə əlaqədar xərclərinin, dövlət borcuna xidmətlə bağlı xərclərinin, bir sözlə, dövlətin əsas funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan bütün xərclərin maliyyə təminatı üçün müvafiq məbləğdə vəsait dövlət büdcəsində proqnozlaşdırılıb”.

Samir Şərifovun sözlərinə görə, 2025-ci ilin dövlət büdcəsinin xərcləri 41 367,7 milyon manat nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 1625,0 milyon manat və ya 4,1 faiz çoxdur. Layihəyə əsasən, 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri 38316,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 1928,0 milyon manat və yaxud 5,3 faiz çoxdur:

“Dövlət gəlirlərinin 49 faizi və ya 18773,0 milyon manatı neft-qaz sektorunun, 51 faizi və ya 19543,0 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür, bu isə cari illə müqayisədə 924,0 milyon manat və yaxud 5 faizdən artıqdır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR