İnsanlara hürriyət, millətlərə istiqlal!

Ter-Petrosyanın açıqlaması və ona “artsax”dan açılan "atəş"

Qondarma “artsax dövləti”nin “qanunverici orqan”ında təmsil olunan “Ədalət” fraksiyasının rəhbəri David Qalstyan bir gün əvvəl Ermənistanın Türkiyə və Azərbaycanla razılığa gəlməsinin vacib olduğunu deyən Levon Ter-Petrosyana cavab verib.

D.Qalstyan Ermənistanın ilk prezidentinin “artsax məsələsi”nin artıq həll olunduğunu bildirməsinə deyinərək qeyd edib ki, bu problemin həlli “artsax”ın öz müqəddəratını təyinetmə hüququnun tanınması olacaq: “Əgər bu gün belə bir tanınma olmasa, “artsax məsələs”i həll olunmayacaq. Dünən Ermənistan Respublikasının birinci prezidentinin dedikləri isə Nikol Paşinyanın xalq arasında panika yaratmaq tezisləridir ki, verilən ağrılı qərarlar xalqa başqa çıxış yolunun olmadığını göstərsin. Bu, “artsax” ermənilərinin heç vaxt qəbul etməyəcəyi məğlubiyyətçi bir nöqteyi-nəzər idi. Bundan əlavə, kimsə “artsax” ermənilərinin məsələsinin həll olunduğunu düşünürsə, o zaman Azərbaycanın dəyirmanına su tökür”.

D.Qalstyan hiddətli ritorikasına belə davam edib: “Hətta 2018-ci ildən sonra Nikol Paşinyan “artsax” ermənilərnini adından danışa bilməyəcəyini bəyan edəndə yüksək səslə bəyanatlar verdi ki, “artsax “Ermənistandır, elə bir dövr idi ki, biz danışırdıq ki, Ermənistan “artsax”ın təhlükəsizliyinin təminatçısı kimi çıxış etməlidir. Əgər bu gün Ermənistan “artsax”dan əlini çəkərsə və “artsax məsələsi” ilə məşğul olmaq istəməzsə, onun üzərinə Sünik dəhlizi və başqa ərazilər kimi başqa problemlər qoyulacaq. Belə demək mümkünsə, Ermənistanın suveren ərazisinə təcavüzlər tətbiq olunacaq”.

Qalstyanın fikrincə, bu gün Ermənistan hakimiyyətindən başlayaraq bütün ermənilər yekdilliklə “artsax”ın tərəfini tutmalı və bu məsələsinin həll olunmadığını söyləməlidir: “Biz isə “artsax məsələsi”nin həllini “artsax” ermənilərinin öz müqəddəratını təyinetmə yolu ilə görürük. Bu tezisdən əl çəksək, həm ərazini, həm də vətəni daha çox itirəcəyik”.

33322.JPG (47 KB)

Qeyd edək ki, Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyan iki gün əvvəl Ermənistanın İTV-sinə verdiyi müsahibədə Qarabağ münaqişəsi barədə geniş danışmışdı. Ter-Petrosyanın əsas zərbəçi mülahizələri belə idi:

“Ermənistan çətin və ağrılı qərarlar gözləyir, həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacaq”;

“Bu, heç kimə xoş gəlmir, lakin elə an gələcək ki, başqa seçim olmayacaq”;

“Alternativ yoxdur. Əgər sənəd imzalanmasa, bu iki qonşu ilə sülh bağlanmasa, biz artıq Sovet İttifaqının 70 illik reallıqlarını bərpa edə bilmərik. Biz yenidən dövlət qurmalıyıq”;

"Müxalifət hesab edir ki, Paşinyanı hakimiyyətdən kənarlaşdırmaqla ağrılı qərarların qarşısını almaq olar. Bu sadəlövhlükdür. Kim gəlsə, daha pis sənədə imza atacaq. Onların Ermənistandan nə istədiklərini anlamaq və daha ağrısız həll yolunu seçmək lazımdır. Bunu isə yalnız Paşinyanla danışmaqla başa düşmək olar, çünki o, tam məlumatı olan yeganə şəxsdir. Üstəlik, Paşinyan da sənədi imzalamaqdan qorxur, çünki nəyə imza atsa da, onu “satqın” adlandıracaqlar. Bu yolla biz də Paşinyana əlimizi uzadırıq, bu müqavilələrin imzalanmasının məsuliyyətini öz üzərimizə götürürük. Mən də öz növbəmdə bu məsuliyyətə hazıram. Digərləri, bilmirəm, görünür, hazır deyildilər, ona görə də təxirə saldılar. Uğur qazanmaq üçün bütün tərəflərdən mütləq səmimiyyət tələb olunur. Bütün ambisiyalardan bir kənara atmaq lazımdır";

"Bəli, bu kapitulyasiyadır. Şərait buna gətirib çıxardı. Heç bir faciə yoxdur, daha güclü dövlətlər bundan keçib";

“Əgər bu gün az-çox razılaşmalar əldə etmək mümkündürsə, daxili iğtişaşların davam edəcəyi, hər kəsin özünü Ermənistanın növbəti prezidenti kimi hiss edəcəyi təqdirdə proses daha da çətinləşdirəcək. Belə vəziyyətdə Türkiyə və Azərbaycanın tələbləri daha da artacaq. Əgər biz daha yarım il də belə davam etsək, ölkəmiz olmayacaq”;

“Rusiya ilə münasibətlər daha yaxşı, indikindən xeyli konstruktiv olardı, əgər yeni reallıq olmasaydı. İndi hər şey qarışıb, Rusiya-Ukrayna müharibəsini nəzərdə tuturam. İndi bizim üçün daha təhlükəli vəziyyət yaranıb, o mənada ki, Rusiya Federasiyasının hər zaman bizim üçün bu regionda xüsusi rolu olub və əvvəllər onu həmişə yerinə yetirib”;

“ "Artsax" məsələsi artıq həll olunub: mən insanların ümidini kəsmək istəmirəm, amma indi Ermənistan “artsax”da aktr deyil. "Artsax" məsələsinin həllinin açarı bu müharibədən əvvəl Rusiyanın əlində idi, indi isə onun özünün çoxlu problemləri var. Mümkündür ki, indi bu açar haralardasa İtib. İndi Rusiyadan nə gözləmək olar?"

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR