İnsanlara hürriyət, millətlərə istiqlal!

“Təmasların başlaması həm də ekofəalların fəaliyyətinin nəticəsidir” - deputat

Elman Nəsirov: “Nəzarət-buraxılış məntəqələrinin yaradılması ilə bağlı məsələdə israrlıyıq”

Martın 1-i Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 80-ci günü tamam oldu.

QHT fəalları və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Bereqite prirodu!”, “Ekotidu net! Monitorinqu da!” şüarlarını səsləndirirlər. Aylardır onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.

Əraziyə gələn əcnəbi jurnalistlər də təsdiqləyirlər ki, heç bir blokadadan söhbət gedə bilməz:

İspaniyalı jurnalist Beya Ximenes: “Ekofəalların etiraz aksiyasının bu gün də davam etdiyi Xankəndi-Laçın yolunda heç bir blokada yoxdur, humanitar yardım daşıyan avtomobillər bu yoldan sərbəst keçir. Bu yolda etiraz edən gənclər təbii sərvətlərin istismarı, ərazilərin minalanmasına son qoyulmasına tərəfdardırlar. Bu, çox yaxşı təşəbbüsdür. Aksiya dinc xarakter daşıyır”.

Etirazçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 80 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Elman Nəsirov — Vikipediya

Elman Nəsirov

Millət vəkili Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın QHT fəallarının, könüllülərin etirazının motivləri bəllidir. O qeyd etdi ki, səbəblər aradan qalxdığı təqdirdə etiraz dayandırılacaq: “Etirazın mühüm istiqamətlərindən biri Ruben Vardanyanın yeritdiyi siyasət idi. Hesab edirəm ki, ölkə başçısı İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyi, ekofəalların Vardanyanın istefası məsələsini gündəmə gətirməsi ilə "dövlət naziri" vəzifəsini icra edən Vardanyan istefa verdi. Bu da həm ekofəalların, eyni zamanda dövlətimizin uğuru kimi qiymətləndirilməlidir. Bəziləri bunun əksini söyləyirlər, amma unutmamalıyıq ki, Vardanyan Rusiyanın layihəsi idi. Onun istefasına nail olmaq o qədər də asan məsələ deyildi. Deməli, Moskvanın iradəsinin ziddinə gedilərək buna nail olunub".

E.Nəsirov xatırlatdı ki, əsas müzakirə mövzularından biri Ermənistan və Azərbaycan icmaları arasında danışıqların başlaması idi. Millət vəkili vurğuladı ki, heç bir halda Qarabağda doğulmayan, yaşamayan şəxslərlə danışığa gedilməyəcəkdi: “Bu məsələdə də artıq kompromis əldə olunub. Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib, erməni icması ilə danışıqlar başlayıb. Hesab edirəm ki, təmasların başlaması eyni zamanda ekofəalların da fəaliyyətinin nəticəsidir. Digər tələb Laçın rayonunun Ermənistanla sərhədində, həmçinin Zəngəzur dəhlizinin hər iki başında nəzarət-buraxılış məntəqələrinin açılması ilə bağlıdır. Bu məsələdə israrlıyıq. Hesab edirəm ki, bu məsələ də həllini tapacaq. Azərbaycanın müvafiq dövlət qurumlarının nümayəndələri Xankəndinə getməlidir. İlk növbədə ekoloji terror siyasəti, təbii sərvətlərimizin mənimsənilməsi məsələsi araşdırılmalıdır, monitorinq aparılmalıdır. Bütün səbəblər aradan qalxacağı təqdirdə gənclərin etirazı dayana bilər. Hələ ki buna ehtiyac var. Görünən odur ki, gənclərin irəli sürdüyü tələblər ardıcıllıqla yerinə yetirilməlidir”.

Ermənilərlə görüşə göndərilən Ramin Məmmədov kimdir?

Ramin Məmmədov 

Qeyd edək ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

Musavat.com xəbər verir ki, bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.

Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar davam etdiriləcək.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq  "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusunda hazırlanıb.

HAZIRLADI: Nigar HƏSƏNLİ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR