Onlayn ictimai-siyasi qəzet
Vaxtilə bəzi şəxslər pul qarşılığında diplom əldə ediblər. Bu hallar sonradan aşkarlanıb və həmin diplomlar etibarsız hesab olunub. Bu addım təhsildə saxtakarlığın qarşısını almaq məqsədi daşıyır. Bəs saxta diplomlar necə aşkarlanır?
Musavat.com xəbər verir ki, metbuat.az mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyevdən açıqlama alıb.
Onun sözlərinə görə, təxminən 2011-2012-ci illərdə Gəncədə yerləşən bir sıra ali təhsil müəssisələrində kütləvi şəkildə diplomların ləğv edilməsi faktı ictimaiyyətə açıqlanıb. Hətta bəzi şəxslər bu saxta diplomlarla əmək fəaliyyətinə başlayıb, təhsil müəssisələrində dərs deyiblər. Sonradan bu diplomlar etibarsız sayılaraq onların iş fəaliyyətlərinə də xitam verilib:
“Bu gün ali təhsil sistemində elektronlaşdırma tam tətbiq edildiyindən saxta diplom əldə etmək, demək olar ki, mümkün deyil. Xarici ölkələrdən əldə edilən diplomlar isə yalnız Təhsilin Keyfiyyətinin Təminatı Agentliyi (TKTA) tərəfindən tanındığı halda sistemdə görünür. Əgər tanınmırsa, diplom elektron bazada yer almır və etibarsız hesab olunur. Əvvəlki illərdə, xüsusilə də elektron sistemin tətbiqindən əvvəl bir sıra ali təhsil müəssisələrində qeyri-qanuni yollarla qəbul və diplom verilməsi hallarına rast gəlinirdi. Məhz bu səbəbdən bəzi universitetlər, o cümlədən Beynəlxalq Universitet bağlanmış, yüzlərlə tələbənin ödədiyi vəsait və aldıqları diplomlar etibarsız hesab olunmuşdu. Bu diplomlar bu gün də sistemdə olmadığı üçün keçərsizdir.
Hazırda Azərbaycanda birinci ali təhsil pilləsinə qəbul Dövlət İmtahan Mərkəzi (DİM) vasitəsilə həyata keçirilir. İkinci ali təhsil imtahansız olsa da, onun müxtəlif şərtləri var. Yəni birinci ali təhsilin diplomu olduğu təqdirdə ikinci ali təhsilə imtahansız müraciət etmək olur. İmtahanda iştirak edən hər bir abituriyentin məlumatı isə DİM-in bazasına daxil edilir və bu baza ali təhsil müəssisələrinə ötürülür. Universiteti bitirən şəxslərə təqdim olunan diplomlar da bu sistemdə qeyd olunur və qanuni hesab edilir. Əvvəllər isə DİM imtahanı olmadan, müxtəlif qeyri-leqal yollarla universitetlərə qəbul olan şəxslərin diplomları sistemdə görünmədiyindən etibarsız sayılır və istifadə edilə bilmir”.
R.Nurəliyevin sözlərinə görə, hazırda bu cür hallar mümkün deyil. Çünki bütün proseslər qanuni şəkildə və elektron bazada aparılır:
“DİM-in imtahanı ilə universitetə qəbul olunur və diplomlar da Elm və Təhsil Nazirliyinin sistemində əks olunur. Əgər kimsə hansısa qeyri-qanuni yolla universitetə daxil olursa, bilməlidir ki, diplom alması mümkün deyil. İndiki dövrdə hansısa şəxsin pul qarşılığında universitetə yerləşdiriləcəyi və diplom əldə edəcəyi barədə vədlər tamamilə yalandır. Belə təkliflər yalnız insanların pulunu mənimsəmək məqsədi daşıyır. Çünki sistemdə adı olmayan bir şəxsə diplom təqdim edilməsi mümkün deyil”.
Ekspert qeyd edib ki, Ukraynada distant şəkildə oxuyanların da diplomu tanınmayacaq:
“Həmçinin bəzi şəxslər xarici ali təhsil müəssisələrində, xüsusilə də Ukraynada distant təhsil alaraq diplom əldə edirlər. Amma bu diplomlar tanınmır. Müharibədən sonrakı dövrdə də Ukraynada distant təhsil əsasında alınan diplomlar Azərbaycanda tanınmayacaq və etibarsız hesab olunacaq. Bütün valideynlər bilməlidirlər ki, həmin diplomlar əmək fəaliyyəti üçün də keçərli olmayacaq. Eyni hal Türkiyədə təqdim olunan “açık öğretim” (qiyabi) təhsili üçün də keçərlidir. Türkiyənin heç bir dövlət və özəl universitetindəki qiyabi təhsil forması Azərbaycanda tanınmır. Çünki bizdə bu təhsil forması yoxdur. Bəzən valideynlər bu təkliflərə aldanaraq övladlarını göndərirlər, amma nəticədə nə diplom tanınır, nə də təsdiq olunur. Bəzi MDB ölkələrindəki ali təhsil müəssisələri də Azərbaycanda tanınmır. Təhsilin Keyfiyyətinin Təminatı Agentliyinin (TKTA) rəsmi saytında tanınmayan universitetlərin siyahısı dərc olunub. Bu siyahıda adı olan universitetlərdə təhsil almaq düzgün deyil. Çünki həmin diplomlar Azərbaycanda keçərsiz sayılacaq”.
Mütəxəssis valideynləri və tələbələri diqqətli olmağa çağırıb:
“Təəssüf ki, bəzi xaricdə təhsil şirkətləri insanları aldadaraq müxtəlif vədlərlə pullarını mənimsəyirlər. Hətta bəzi şirkətlər bir müddət sonra adlarını dəyişərək fəaliyyətlərini gizlədirlər. Bu da diplom əldə etmiş şəxsin tanınma prosesində ciddi problemlər yaradır. Bütün bu halların qarşısını almaq üçün valideynlər və tələbələr Elm və Təhsil Nazirliyinin qaynar xəttinə və TKTA-ya müraciət edərək planlaşdırdıqları ali təhsil müəssisəsinin etibarlılığını əvvəlcədən dəqiqləşdirməlidirlər. Belə olduqda sonradan diplomun tanınmaması və əmək fəaliyyətinə buraxılmamaq kimi xoşagəlməz hallarla qarşılaşmazlar”.
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ