İnsanlara hürriyət, millətlərə istiqlal!

6 gündən sonra İrana... - Uzaq yola çıxan Tehranı niyə “tapança götürməyə” qoymurlar?

Yayılan xəbərlərdən belə anlaşılır ki, 12 günlük müharibədə “qələbə qazanması”na baxmayaraq, nüvə silahı əldə etmək niyyətindən vaz keçmək niyyətində deyil.

Yuxarıdakı cümlədə “qələbə qazanması” ifadəsi ona görə dırnaq işarələri arasında verilir ki, əslində iyun ayının 12-də başlayan və 24-də başa çatan müharibədə İsrailin hərb maşını İranın generallarını və nüvə fiziklərini, ABŞ isə bu ölkənin yeraltı nüvə obyektlərini vurub sıradan çıxarıb və bunu qələbə kimi qələmə vermək çətindir.

Güman olunurdu ki, bu qısa müddətli, ağır nəticəli savaşdan sonra İran nüvə proqramını inkişaf etdirməkdən imtina edəcək, ölkənin iqtisadi potensialını hərtərəfli inkişafa, xalqın rifahına yönəldəcək. Hərçənd İranın bəzi rəsmilərinin hikkəli və hiddətli açıqlamalarından bəlli olurdu ki, nüvə silahı yaratmaq istiqamətində sıfırdan başlamaq, qisas almaq niyyəti hələ də ciddidir.

Görünür, mühüm qərarlar qəbul etmək sahəsində bu fikirdə olanların çəkisi daha ağır gəlib və onların sözü keçib.

Ona görə də BMT Təhlükəsizlik Şurası İrana qarşı 2015-ci il nüvə sazişindən sonra dondurulmuş sanksiyaları bərpa etmək qərarına gəlib. Bu qərarı ABŞ, Böyük Britaniya, Fransa və Almaniya dəstəkləyib. Onlar İranın nüvə silahına malik olmasını istəmirlər və buna qarşı sərt mövqedədirlər.

Xəbərdə bildirilir ki, ABŞ və Avropa ölkələri İranı nüvə silahından imtina etməsinə zəmanət verməli olan müqavilələri pozmaqda ittiham edib.

rake1.JPG (25 KB)

Çin, Rusiya və Pakistan sanksiyaların dayandırılmasının uzadılmasını təklif edərək əleyhinə səs verib. Pakistanın mövqeyi islam həmrəyliyi ilə izah oluna bilər. Bu, ölkə nüvə silahına malik olan yeganə müsəlman ölkəsidir və daha bir islam ölkəsinin onunla eyni gücə malik olmasında maraqlıdır.

Rusiya ABŞ-nin “hə” dediyi bütün məsələlərə “yox”, eləcə də “yox” dediyi məsələlərə mütləq “hə” deməyə vərdiş etdiyindən, 46 ildir ABŞ ilə mübarizə aparan İranın tərəfindədir və onun nüvə ölkəsi olmasını istəyir. Çin də təxminən eyni mövqedədir. Bu ölkə İranı müttəfiq hesab edir, ondan özünə zərər gözləmir və hesab edir ki, ABŞ-yə qarşı olan güclü ölkələrin sayı çox olsa, bir o qədər yaxşı olar. Bu ölkələr öz hərbi qüdrətləri ilə ABŞ-nin qarşısında daha yaxşı dayanarlar.

Ərəb ölkələri İranın nüvə silahı əldə etməsinə qarşıdırlar və bunu ilk növbədə özlərinə qarşı təhlükə sayırlar. Burada islam həmrəyliyi söhbətinin əhəmiyyəti yoxdur, milli təhlükəsizlik məsələsi “din qardaşlığı”ndan önəmlidir.

Türkiyə bir az fərqli mövqedədir, İranın haqqını müdafiə edir. Amma anlamaq çətin deyil ki, İran nüvə silahına malik olsa, bütün regiona, o cümlədən Türkiyəyə qarşı iddialar irəli sürə, özünü regional lider hesab edərək ekspansiv xəyallara qapıla bilər.

İndi bildirilir ki, İran və Avropa liderləri bu günlərdə həmin mövzuda sonuncu dəfə müzakirə aparmalıdırlar. Tərəflər razılığa gələ bilməsələr, sanksiyalar sentyabrın 26-da bərpa olunacaq.

meemte.JPG (56 KB)

İranın xarici siyasət idarəsi BMT Təhlükəsizlik Şurasının bu qərarını "beynəlxalq hüququn kobud şəkildə pozulması" adlandırıb və qismən haqlıdır.

Gerçəkdən də hipotetik olaraq hər bir ölkənin özünümüdafiə məqsədilə effektiv silahlar əldə etmək hüququ var. Necə ola bilər ki, yola çıxan 15 adamın 9-nun tapançası var, 6-nın yoxdur və tapançası olanlar olmayanlara silah götürməyə imkan vermir. Bəs irəlidə onların sözü çəpləşsə (adətən mütləq elə olur), o zaman silahlılarla silahsızların davası necə nəticələnəcək?

Ancaq məsələnin mahiyyətini dəyişən detallar var. İran nüvə silahı əldə etmək işinə girişərkən özünümüdafiə ritorikasıyla yox, başqalarına hücum etmək, konkret olaraq, İsraili Yer üzündən silmək, ABŞ-ni yerində oturmaqdan bəhs edib – həm də vaxtaşırı və israrla. Beləliklə, İran özünü aqressiv dövlət kimi göstərərək haqsız duruma düşüb.

Aydın məsələdir ki, hər bir dövlətin Yer üzündə öz mövcudluğunu qorumaq hüququ var. İndi həmin dövlət və onun qüdrətli müttəfiqləri məhz bu arqumentdən yapışaraq, uzun yola çıxan İrana özüylə tapança götürmək haqqı vermək istəmir.

yadklub.JPG (66 KB)

Tehran vaxtında başını aşağı salaraq, dilini şirin edərək, səsə salmadan işini görsəydi, yəqin ki, nüvə silahı əldə edə bilərdi. “Nüvə klubu”nun üzvü olan 9 ölkədən ən azı dördü (Pakistan, Hindistan, İsrail və Şimali Koreya) elə edib.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR