İnsanlara hürriyət, millətlərə istiqlal!

Təhsil idarələri, məktəblər vakansiyaları gizlədir? - iddialara fərqli reaksiyalar

Nazirlik: “Bu iddiaların arxasında heç bir fakt dayanmır”

Son illərdə müəllimlərin işə qəbulu qaydası kifayət qədər sərtləşib. Müəllim işləmək üçün hələ universitet bitirib, pedaqoji ixtisasa sahib olmaq, diplom almaq kifayət deyil. Mütləq gərək MİQ imtahanından keçəsən, sonra vakansiya üzrə işlə təmin olunursan.

Son illərdə pedaqoqların şikayətlərindən biri də təhsil idarələri, məktəblər tərəfindən vakansiyaların gizlədilməsi ilə bağlıdır. Müəllimlər iddia edir ki, məktəbdə vakant yer olsa da, onu gizlədir və əvəzedicilərə, digər müəllimlərə “satırlar”.

Həqiqətənmi vakansiyalar gizlədilir? Bunu necə edirlər? Belə problemlərin olmaması üçün mexanizm necə formalaşdırlımalıdır?

Məsələ ilə bağlı “Yeni Müsavat” Elm və Təhsil Nazirliyinə sorğu göndərib. Nazirlik sorğunu cavablandırdığı təqdirdə dərc edəcəyimizi bildiririk.

Təhsil eksperti Kamran Əsədov isə mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib:

“Öncə qeyd edim ki, müəllimlərin işə qəbulu imtahanı 2009-cu ildən etibarən həyata keçirilməyə başlayıb və ilk dəfə həmin ildə 260-a yaxın gənc müəllim Bakı şəhəri üzrə orta ümumtəhsil məktəblərində işə qəbul edildi  və bununla da Azərbaycanda işə qəbul imtahanının yeni bir mərhələsi başlanıldı. Söhbət dövlət orta ümumtəhsil məktəblərindən gedir.

2013-cü ildən etibarən isə müəllimlərin işə qəbulu imtahanında yeni bir mərhələ başladı. İstər vakant yerlərin sayı, istərsə də imtahanlarda şəffaflıq, obyektlik baxımından biz 2013-20-ci illəri xüsusilə qeyd edirik.

Lakin etiraf edək ki, son 3 il də müəllimlərin işə qəbulu  ilə bağlı o qədər də xoş mənzərənin şahidi olmuruq, həm test tapşırıqlarının məzmunu, onların ağırlıq səviyyəsi, həmçinin imtahanın təşkili ilə bağlı. Belə ki, 3 ildə çox imtahan zamanı obyektivliyin, şəffaflığın qorunmasında ciddi  nöqsanlar müşahidə olunmağa başlayıb. Və biz son illərdə xüsusən  vakant yerlərin gizlədilməsini müşahidə edirik. 2013-20-ci illər ərzində isə bu proses tamamilə fərqli idi. Həmin vaxt təhsil nazirliyi çalışırdı ki, nə qədər boş vakant yer, saat var, onu yeni müəllimlərə versinlər. Bu ölkədə həyata keçirilən sosial iqtisadi inkişaf planının  bir hissəsi idi.  Lakin son illərdə, xüsusən də Bakı və digər işi şəhərlərdə Azərbaycan dili-ədəbiyyat, riyaziyyat, ibtidai sinif müəllimliyi üzrə vakant yerlər gizlədilir.

Məlum olduğu kimi, bu gün ölkədə 4432 orta ümumi təhsil məktəbi var və burada 150 minə yaxın müəllim çalışır, sinif sayı 80 mindən artıqdır. Yəni biz hər fənnin tədris planına uyğun  olaraq hansı sinifdə hansı fənnin nə qədər  keçirildiyini  elektron qaydada öyrənə bilərik və bunun üçün hər hansı bir kəşfə ehtiyat yoxdur.  Sadəcə Elm və Təhsil Nazirliyi vakant yerlərin  gizlədilməsini öz maraqlarına görə  göz yumur.

Bir daha qeyd edirəm, ölkədə 80 minə yaxın sinif var və ümumilikdə 50  minə yaxın müəllim var, dərs saatlarını fənlərə görə bölsək, görərik ki, əslində  daha çox sayda müəllim ola bilər  və müəllimlərin dərs yükü 18-36 saat ola bilir.  Bu da onların diaqnostik, MİQ ballarına uyğun olaraq həyata  keçirilir. Lakin regional  təhsil idarələri Elm və Təhsil Nazirliyinə arxayın olaraq vakant yerləri gizlədir, 1-ci, 2-ci turda vakant yerlər üzə çıxarılmır,  3-cü, 4-cü turda isə zənglə istədikləri şəxsi işə qəbul edir ki, bu da  maddi maraqlar qarşılığında olur.

Kamran Əsədov: 4 minə yaxın şəxs universitetə imtahansız qəbul olub –  Mektebgushesi

Kamran Əsədov: “Nazirlik Bakı və digər böyük şəhərlərdə vakant yerlərin gizlədilməsinə göz yumur”

Məsələn, nazirliyin insan resursları mərkəzi açıqlama verərək bildirir ki, 10 minə yaxın vakant yer var, amma çox maraqlıdır ki, 1-ci turda heç 6 min nəfər işə qəbul olunmur. Bəs yerdə qalan 4 min vakant yeri harada gizlədildi? Bu da şübhələr yaradır".

Təhsil eksperti Elşən Qafarov isə mövqeyini bu cür qeyd etdi:

“Düşünmürəm ki, məsələ təqdim edildiyi kimidir, yəni hansısa vakansiyalar gizlədilir və müəllimlərə satılır.

Elşən Qafarov: “Xarici dil müəllimlərinin çoxu tədris etdiyi dildə danışa  bilmir”

Elşən Qafarov: “Düşünmürəm ki, məsələ təqdim edildiyi kimidir, yəni hansısa vakansiyalar gizlədilir və müəllimlərə satılır”

Bizdə belədir ki, müəllimlərin dərs yükü normaları var. Nazirlər Kabinetinin 2010-cu ildə qəbul edilmiş 215 nömrəli qərarı ilə müəllimin  dərs yükünün olması 18 saatdır. Və bir müəllim bu normanın 2 mislində, yəni 36 saata qədər dərs apara bilər. Bir çox hallarda ən azı 18 saat dərs yükü lazımdır ki, vakansiya çıxarılsın. Məsələn, 28 saat dərs yüküdür, burada 18 saat müəllimin normasıdır, 10 saat isə artıqdır, belə olan təqdirdə məktəb direktoru bunu  çıxartmaya bilər.

Bəlkə də, olar bilər ki, ayrı-ayrı hallarda hasısa məktəb direktoru müəllimdən nəsə tələb etsin, amma bu, ümumilikdə kütləvi şəkildə deyil və dərs saatlarının, yəni vakansiyaların satılması anlayışı doğru deyil. Hazırda dərs yükü ilə bağlı təhsil idarə etmə orqanlarına məlumatlar verilir və bu dərs bölgüsü  təhsil idarəetmə orqanlarında yoxlanılır".

Elm və Təhsil Nazirliyi məsələ dən sorğumuzu bu cür cavablandırılıb:

“Təəssüf ki, bu iddiaların arxasında heç bir fakt dayanmır, bununla bağlı bir neçə dəfə bu tipli şikayətlərin müəssisə, fənn göstərilməklə bildirilməsi xahiş olunsa da, konkret şikayətlərə rast gəlinmir”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR