İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranın yeni planı - Araz dəhlizi

İran indi də başqa havaya girib; ekspertlər cənub qonşumuzun yenə uğursuz olacağını deyirlər

“Zəngəzur dəhlizi məsələsi qarşısında İranın bir neçə seçimi var. Birincisi, sakitcə prosesi izləməli və müdaxilə etməməlidir. İkincisi isə bu prosesə qatılaraq proaktiv oyunçuya çevrilməlidir”.

Bu fikirlər İranın “Tasnim” agentliyinin dərc etdiyi məqalədəndir.

Agentlik İranın indiki mərhələdə Zəngəzur dəhlizinə alternativ marşrut təklif etməsini vacib hesab edir. Bunun üçün Zəngilandan keçərək Culfaya qədər uzanan Araz dəhlizini alternativ kimi təqdim edib. “İran Zəngəzur dəhlizinə alternativ kimi "Araz dəhlizi"ndən ciddi istifadə etməlidir. Qafqazda baş verən hadisələr, zahirən təhlükə kimi görünsə də, İranın tranzit diplomatiyasının canlanmasında dönüş nöqtəsi ola bilər. Əsas odur ki, cəld, ağıllı hərəkət etsin və Amerikanın təsirinə qarşı öz maraqlarını Çin və Rusiya kimi böyük dövlətlərlə uzlaşdırmaq üçün unikal fürsətdən istifadə etsin".

Qeyd edək ki, 2023-cü ilin oktyabrında Bakı və Tehran Azərbaycanı İran ərazisindən keçməklə Naxçıvana birləşdirən yeni marşrutun əsasını qoyub.

Araz dəhlizi kimi tanınan bu cəhd Cənubi Qafqazın geosiyasi mənzərəsində mühüm inkişafdır. Layihə İranın iqtisadi maraqlarına uyğundur və ikitərəfli ticarəti artırmaqla Azərbaycana maliyyə dividentləri təklif edir. Siyasi nöqteyi-nəzərdən marşrut İranın regionda təcrid olunmasından yayınır.

İslam Respublikası Araz dəhlizini Rusiya və Hindistanı İran vasitəsilə birləşdirən Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) mühüm elementi kimi də təqdim edir. Bu, Azərbaycanın yeni avtomobil və dəmir yolu xəttini Orta dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə əlaqələndirməkdə maraqlı olduğu bir vaxtdadır.

Əli Orucov: "Mən üzərimə böyük məsuliyyət götürdüyümün fərqindəyəm..." -  MÜSAHİBƏ

Əli Orucov

Amma ortada “Tramp yolu” razılaşması var, o zaman Araz dəhlizinin taleyi necə olacaq? Bu logistika da açılacaqmı, yoxsa arxa plana keçdi?

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov “Yeni Müsavat”da cənub qonşumuzun bu cür cəhdlərinin uğursuzluqla nəticələnəcəyini vurğuladı: “Tramp yolunun açılması barədə Vaşinqtonda əldə olunan razılaşma İranı dilemma qarşısında qoyub. Ya bu dəhlizə mane olsun, yaxud da bu dəhlizin fəal iştirakçısına çevrilsin. Birinci hal Tehranın imkanları xaricindədir. Doğrudur, Ağ Evdə imzalanan sənədlərdən sonra Ali Dini Liderin müşaviri Vilayəti sərt bəyanatlarla çıxış etdi, hətta hərbi güc tətbiqi ilə hədələdi. Bütün bunlar heç nəyə yaramadı və yaramayacaqdı da. İranın Tramp yolundan istifadəsi isə Moskva ilə koordinasiyalı fəaliyyətinə xələl gətirə bilər. Eyni zamanda istədiyi imtiyazı, iştirakçılığı qazanmır. İranın Tramp yolu ilə bağlı narahatlığı da məhz imtiyaz əldə edə bilməməsi və Şimal-Cənub nəqliyyat dəhlizinin cəlbediciliyinin  itirilməsidir. 

İran Araz dəhlizi təklif edir. Ancaq bu dəhliz Zəngəzur dəhlizinə alternativ marşrut sayıla bilməz. Ən əsası ona görə ki, həm ABŞ, həm də Qərb İran üzərindən sanksiyaları qaldırmayıb və bu, cənub qonşumuzun beynəlxalq nəqliyyat kommunikasiya layihələrində və iqtisadi əlaqələrində iştirakında ciddi məhdudiyyətlər yaradır. Tramp yolunun açılmasında məqsədlərdən biri də məhz İran-Rusiya ortaq nəqliyyat dəhlizinin işinə mane olmaq, Çinin Ön Asiyadakı strateji və iqtisadi planlarının qarşısını almaqdır. Çinin  25 il ərzində İran iqtisadiyyatına 300 milyard yatırım qoyması barədə razılaşmaya, həmçinin Hindistanın yeni liman inşa etməsinə təbii ki, Birləşmiş Ştatlar və Qərb seyrçi qala bilməz. Nəzərə almaq lazımdır ki, Tramp yolu adlandırılan Zəngəzur dəhlizi təkcə Azərbaycanı Azərbaycanla (Naxçıvanla) birləşdirən dəhliz deyil, bu dəhliz Avropanı Asiya ilə bağlıyan mühüm bağdır. Bu bağ nəqliyyat kommunikasiya, ticari iqtisadi əlaqələri möhkəmləndirməklə yanaşı, həm də təhlükəsizliyə verilən əlavə təminatıdır. Bunu İranın əlinə, yaxud nəzarətinə vermək isə absurddur. Ona görə də İranın təqdim etdiyi Araz dəhlizi bəlkə də region ölkələri üçün işləyər, ancaq qlobal layihələrin ayrılmaz  tərkib hissəsi ola bilməz. İranın bu cür cəhdləri də uğursuz nəticələnəcək".

Mübariz Göyüşlü: 'Sosial mediada hər kəs söyüləcəyindən ehtiyat edir'

Mübariz Göyüşlü 

"Cross Media" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Araz yolunun istifadəyə verilməsini olduqca vacib hesab edir: “Zəngəzur dəhlizi, yaxud başqa adla desək, "Tramp dəhlizi" çox mühüm siyasi, ticari, nəqliyyat baxımından əhəmiyyəti olan bir nəhəng layihədir. Kimin nə deməsindən, etməsindən asılı olmayaraq da reallaşacaq.

O ki qaldı bu dəhliz açıldıqdan sonra Araz yolu, yaxud Gürcüstandan keçən, keçəcək ticarət-nəqliyyat layihələrinə, bunların mövcudluğu, məncə, hər hansısa maneçilik yaratmır. Araz yolunun istifadəyə verilməsi mümkündür və düşünürəm ki, hətta lazımdır. Azərbaycanla İran bu istiqamətdə çalışmalar həyata keçirməkdədir. Bu prosesi genişləndirmək, bu yol vasitəsilə də ticarət, nəqliyyat-logistika xidmətlərinin həyata keçirilməsi lazımlıdır. Əvvəla, bu yol iki dövlət arasında göstərilən sahədə əməkdaşlığı dərinləşdirəcək, bu yol vasitəsilə digər ölkələrin də bir-birinə bağlanması həyata keçirilə biləcək. Bunun mühüm tərəfi odur ki, ticarət, iqtisadi əlaqələr olduğu yerdə siyasi gərginliklərin, münaqişələrin yaranma ehtimalı azalır. Gərginlikdənsə belə layihələrin gerçəkləşdirilməsi vacibdir. Digər tərəfdən, Azərbaycanı dünyaya bağlayan, bizim ticarət-nəqliyyat əlaqələrimizi genişləndirən nə qədər çox layihə gerçəkləşərsə, işlək vəziyyətdə olarsa, bizim üçün müsbətdir. Çünki Ermənistanı bilmək olmur və olmayacaq da. Düşmənin bizə dost olmasından, bizimlə sıx nəqliyyat-ticarət və s. istiqamətdə əlaqələr qurmasından hər zaman ehtiyatlı, diqqətli olmalıyıq. Bu ermənidir. Bu gün Paşinyan hakimiyyətdən getsə, başqa birisi, radikal ideologiyalı siyasətçi gələrsə, o zaman Zəngəzur dəhlizinin taleyi sual altına düşə də bilər. Bizim hər zaman alternativlərimiz, əlavə imkanlarımız aktiv olmalıdır. O baxımdan, mən şəxsən Araz yolunun istifadəyə verilməsini nəinki mümkün, hətta vacib hesab edirəm.

İrandakı siyasi qüvvələr də Azərbaycana qarşı köklənməkdənsə, Zəngəzur dəhlizinə qarşı çıxmaqdansa, Araz yolunun baş tutmasına və işlək vəziyyətə gəlməsinə çalışarlarsa, daha faydalı nəticələr əldə oluna bilər. Bu yolun reallaşması da mümkündür və düşünürəm ki reallaşacaq da. Reallaşmağı da hər iki tərəfə faydalıdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR