İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranın Azərbaycanda yaratdığı gizli silahlı dəstə - səfirlik diplomatik qaydaları pozub!

Mərkəz rəhbəri: “İrana bağlı olan və Azərbaycanda yerləşən yatmış hücrələr də müəyyən olunmalıdır”

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İran xüsusi xidmət orqanlarının Azərbaycanda yaratdığı silahlı dəstəni və agentur setinin müəyyən hissəsini ifşa edib.

İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması halları ilə bağlı DTX tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilir. DTX-dan verilən məlumata görə, əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan Respublikası vətəndaşlarından ibarət gizli yaradılmış qanunsuz silahlı birləşməyə rəhbərlik analoji cinayət əməllərinə görə 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş, hazırda İranda gizlənən Tohid Alim oğlu İbrahimbəyli, Rövşən Elçin oğlu Əsədov, Orxan Kəmran oğlu Məmmədov, Elşad Elçin oğlu (Əkrəm Hacızadə) Hacıyev və digərlərinə həvalə edilmişdir. Ötən müddət ərzində qanunsuz silahlı birləşmə tərəfindən əsasən əvvəllər müxtəlif cinayətlərə görə məhkumluğu olan, habelə özlərini “Müsəlman Birliyi Hərəkatı” adlandırdıqları təşkilatın üzvü hesab edən şəxslərin sırasından seçilmiş Azərbaycan Respublikası vətəndaşları üçüncü ölkələrin ərazisindən keçirilməklə İranın Tehran şəhərinə, orada mobil telefon və pasportları götürülməklə, əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırılmaqla, dini ləqəblər verilərək, təqdim olunmuş saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparılıblar. Onlar Suriya ərazisində müxtəlif odlu silahlardan istifadə qaydaları və döyüş taktikasının öyrədildiyi hərbi təlimlərə cəlb edilmiş, təlimlərdə iştirak etmiş hər bir şəxsə təqdim olunan qəbzlərə imza etdirməklə müxtəlif məbləğlərdə pul vəsaitləri verilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olunmuş, qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər, qanunsuz yollarla Azərbaycana keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal, dini-ekstremist münasibəti təbliğ edən, yayılması Azərbaycanda qadağan edilmiş müxtəlif kitablar, videomateriallar aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə əvvəllər məhkum edilmiş İskəndər Hani oğlu Hüseynov, Tural Səfər oğlu Haqverdiyev, Eltun Əli oğlu Şükürov və digərləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək saxlanılmışlar.

Sensasiya! DTX İranın qurduğu gizli silahlı dəstəni və agentur seti ifşa  etdi! 19 agent tutuldu - VİDEO

Eyni zamanda hazırda İranda məskunlaşmış Ruhulla Axundzadə və digərləri tərəfindən qruplaşma üzvlərinə müxtəlif tapşırıqların verilməsi barədə materiallar da aşkar edilmişdir. Qruplaşma üzvlərini hərbi təlimlərə cəlb edənlərdən biri olan Orxan Fərman oğlu Əsədov üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunub. Araşdırmalar zamanı həmçinin qeyd olunan hərbi təlimlərə cəlb edilmiş Fəqan Sədrəddin oğlu Məmmədovun daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib. Məlum olub ki, qeyd olunan xüsusi xidmət orqanlarının nümayəndələri Ermənistan silahlı birləşmələrinin işğalçı əməllərinə bəraət qazandırmaları ilə əlaqədar aralarında fikir ayrılığı yaranan Azərbaycan Respublikası vətəndaşlarını sonra da təsir dairəsində saxlamaq üçün onları cəlb edildikləri hərbi təlimlərə dair videokadrlarla və digər üsullarla şantaj ediblər. Hazırda kompleks əməliyyat-istintaq tədbirləri davam edir. DTX hər hansı qanunsuz silahlı birləşmələrdə iştiraka cəlb edilən Azərbaycan Respublikası vətəndaşlarına qarşı ən kəskin tədbirlərin görüləcəyini, onların ciddi cinayət məsuliyyəti ilə üzləşəcəklərini vurğulayır, xarici xüsusi xidmət orqanlarının hər hansı formada təsir dairəsinə düşmələri barədə ölkənin təhlükəsizlik orqanına vaxtında məlumat vermələrinin zəruriliyinə dair onları xəbərdar edir.

DTX İranın silahlandırdığı dəstəni zərərsizləşdirərək həbs etdi- VİDEO

Bəllidir ki, Azərbaycan müstəqillik qazanandan bəri İran bizim vətəndaşların müəyyən qismini ən müxtəlif adlar və vasitələrlə tərəfinə çəkməkdədir. DTX-nın yaydığı ifşa filmindən də bunun mexanizmlərindən biri açıqlanır. Lakin açıqlanmayan başqa mexanizmlər və ifşa olunmayan ciddi casus şəbəkələrinin mövcudluğu haqda da ciddi iddialar var. Bəs onlarla necə rəftar etməli? İranın Azərbaycanda qurduğu şəbəkənin neytrallaşdırılması üçün nə etməli? Bu şəbəkənin  yaxın-uzaq gələcəkdə ölkəmizə qarşı təhdidə, təhlükəyə çevrilməsinin qarşısının alınması üçün daha hansı addımlar atılmalıdır?

DTX-nın yaydığı materiallarda ciddi bir məqam da var -  bəlli olur ki, İranın Azərbaycandakı səfirliyi və səfirliyə məxsus maşınlar da ölkəmizə qarşı fəaliyyətdədir. Bu ifşadan və başqa faktorlardan çıxış edərək, İranın Bakıdakı səfirliyi  qapadıla bilərmi? Casus yuvasına çevrilən səfirliyin Bakıda qalıb, fəaliyyət göstərməsi bizim nəyimizə lazımdır? Biz ölkəmizə, dövlətimizə qarşı əsas təhdid olan, düşmən Ermənistana dəstək verən İrana qarşı daha sərt davranmalı, adekvat cavab verməliyikmi?  Belə bir addım atılsa, hansı ssenarilər işə düşər?

İmran Xan xarici və təhlükəsizlik siyasətinə görə hədəf götürülüb" - Elxan  Şahinoğlu

Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a deyib ki, İran-Azərbaycan münasibətləri ən gərgin dövrünü yaşayır: “Bütün bunlar İranın siyasəti üzündən baş verir. İran siyasiləri, hərbçiləri, din xadimləri Azərbaycan əleyhinə bir-birindən kəskin açıqlamalar verməkdən çəkinmirlər. İran Azərbaycan sərhədinə qoşun çıxarır, təlim keçirir. Bütün bunlar və İran kəşfiyyatına bağlı şəxslərin həbsi iki ölkə arasında dərin çat əmələ gətirib. Gerçəkləşən həbslərlə bağlı işin içində İranın Azərbaycandakı səfirliyinin əməkdaşları da var. Əlbəttə ki, bu işlər bir qədər də genişləndirilməlidir. İrana bağlı olan və Azərbaycanda yerləşən yatmış hücrələr də müəyyən olunmalıdır. Bu işdə müvafiq dövlət qurumlarının üzərinə çox böyük yük düşür”.

Mərkəz rəhbəri deyir ki, paralel olaraq maarifləndirmə işləri də aparılmalıdır: “Azərbaycana qarşı düşmənçilik aparan dövlətlə məxfi əməkdaşlıq etmək Azərbaycan vətəndaşları üçün çox ciddi problem yarada bilər. Bu istiqamətdə də iş aparılmalıdır ki, insanlar aldanıb ölkəmizlə düşmənçilik edənlərlə əməkdaşlığa getməsinlər. Azərbaycan ikinci dəfə müstəqilliyini əldə edəndən sonra İran agenturasına bağlı şəxslərin ifşası dəfələrlə baş verib. Ötən 30 ildə bu işlərin içində İranın Azərbaycandakı səfirliyinin əməkdaşlarının olması haqda dəfələrlə məlumatlar yayılıb. Bütün dünyada səfirlik əməkdaşları kəşfiyyat işləri ilə məşğul olurlar. Amma bu işlər açıq şəkildə aparılmır. İranın Azərbaycandakı səfərliyi çox açıq şəkildə bu fəaliyyətlə məşğul olmaqdan çəkinmir. Deməli, özlərinə çox arxayındırlar. Bu bizə siqnal olmalıdır”.

DTX-nin İranın təxribatı barədə məlumatı: Əsədov israilli biznesmenləri  öldürmək istəyib – FOTO/VİDEO – AzTimes

Mərkəz rəhbəri İranın Azərbaycandakı səfirliyinin qapadılmasını məqbul hesab etmir: “İran qonşu ölkədir. Münasibətlər nə qədər gərgin olsa da, diplomatik münasibətlər davam etməlidir. Amma İran tərəfinə ciddi şəkildə xəbərdarlıq edilməlidir ki, Azərbaycanın daxili işlərinə qarışmasınlar. Azərbaycan ərazisində kəşfiyyat şəbəkəsi saxlamasınlar. Yox, əgər bu fəaliyyət davam edəcəksə, biz də sərt tədbirlər görməli olacağıq. Bu illər ərzində İranda Azərbaycan kəşfiyyatına bağlı 1 şəxs ifşa olunubmu? İrandakı Azərbaycan səfirliyinə məxsus maşınlara onların ərazisində ora-bura nəsə daşıyıbmı? Güney Azərbaycan məsələsi Azərbaycanda qaldırılır, amma bu, rəsmi səviyyədə olubmu? Halbuki bu məsələdə biz mövqe ortaya qoysaq, İranın vəziyyəti daha da ağırlaşa bilər. İran-Azərbaycan münasibətləri elə bir nöqtəyə gəlib çatıb ki, artıq münasibətləri normallaşdırmaq çox çətin olacaq. Bunun üçün İrandakı rejim dəyişməlidir və ya rəsmi Tehranın xarici və təhlükəsizlik siyasəti dəyişməlidir”.

Mərkəz rəhbəri deyir ki, Azərbaycanda İrana bağlı kəşfiyyatın qarşısını almaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Diaspora Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi maarifləndirmə işini gücləndirməlidirlər: “Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri 30 ildə ilk dəfə deyirsə ki, İran məni aldatdı, mənə arxadan zərbə vurdu, deməli, vəziyyət qəlizdir. Bundan nəticə çıxarmaq, məscidlərdə, dini icmalarda müvafiq işlər görmək lazımdır. İran məhz məscidlərdə, dini icmalarda özünün  şəbəkəsini yaradır. Maariflərdirmə işləri də məscidlərdə, dini icmalarda aparılmalıdır. Əks halda, İranın Azərbaycandakı uzantılarının qarşısını almaq çətin olacaq”.

Politoloq Cümşüd Nuriyev “Yeni Müsavat”a deyib ki, İran səfirliyinin qapadılması mümkün deyil: “1961-ci il Vyana Konvensiyasına görə, hər bir səfirliyin toxunulmamazlıq statusu var. Hər bir dövlət ərazisində açılan səfirliyə zəmanət verir, eyni zamanda fəaliyyətlərinə nəzarət etmir. Azərbaycan bu halda səfirin, 1-ci katibin maşınından istifadə edilibsə, onları belə persona-non-qrata elan etməlidir. Onlar ölkədən çıxarılmalıdırlar. Bilməlidirlər ki, Azərbaycan ərazisində qaçaqmalçılıqla məşğul ola bilməzlər”.

Cümşüd Nuriyev: “Gizli plana görə, İran 5 yerə parçalanmalıdır. Farslar  bunu bizə bağışlamaq istəmir” - ŞOK DETALLAR | KONKRET

Cümşüd Nuriyev 

Politoloq: “Azərbaycan daxilində maariflənmə işi aparılmalıdır ki, cahillər, siyasi savadı olmayanlar, dünyada baş verənləri dərk etməkdə çətinlik çəkənlər İranın zərərli təsir dairəsinə düşməsinlər”

Politoloq deyir ki, Azərbaycan Konstitusiyasına görə, istənilən təhdidə dövlət öz münasibətini bildirməli, müvafiq addımlar atılmalıdır: “Milli Məclisin Dövlət Təhlükəsizliyi Komitəsi ilə Xarici Əlaqələr Komitəsi birgə bəyanatla çıxış etməlidirlər. İran parlamentinə müraciət də oluna bilər. İslam Əməkdaşlıq Təşkilatına, Şanxay Əməkdaşlıq Təşkilatına, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına da müraciətlər edilməlidir ki, ən azı İrana qarşı tədbirlər görülsün. İran özünü yığışdırmalıdır. İran səfirinə Vyana Konvensiyasını pozduqlarına görə nota təqdim olunmalıdır”.

Politoloq deyir ki, qanunla diplomatik poçt yoxlanıla bilməz. Amma müstəsna hallar da var: “DTX, Əks Kəşfiyyat Xidməti, Sərhəd Xidməti və Gömrük Komitəsi Azərbaycanın maraqları naminə birgə fəaliyyət göstərməlidirlər, koordinasiya edilmiş fəaliyyət göstərib İranın Azərbaycana qaçaqmal şəklində təbliğat materialları və digər casus fəaliyyətinə aid ləvazımatların gətirilməsinin qarşısını almalıdırlar. Belə fəaliyyət Ermənistandan Gürcüstana, oradan Azərbaycana istiqamətlənə bilər. Oktyabrın birinci yarısında bunlar çevriliş planı hazırlamışdılar, həmin planları alınmadı. İndi də bunu davam etdirmək niyyətləri açıq görünür. 14 nəfər həbs olunub, amma bu həbslərin davamı olacaq. Azərbaycan İranın üstünə getməlidir ki, belə ziyanlı fəaliyyətlərinə son qoysunlar”.

Politoloq İranla informasiya müharibəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb: “İranın qarışmasında Azərbaycan mətbuatının rolu danılmazıdır. Bu fəaliyyət daha əhatəli, daha geniş şəkildə aparılmalıdır. Eyni zamanda Azərbaycan daxilində maariflənmə işi aparılmalıdır ki, cahillər, siyasi savadı olmayanlar, dünyada baş verənləri dərk etməkdə çətinlik çəkənlər İranın zərərli təsir dairəsinə düşməsinlər. Burada söhbət şiə məsələsi deyil. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə sağlam mövqe ortaya qoydu. İranda ona ölüm hökmü çıxarıblar. Dini Qurumlarla İş üzrə Komitə çox ciddi şəkildə fəaliyyətə başlamalı, maarifləndirmə işini ən yüksək səviyyəyə qaldırmalıdır. Hazırda bu komitənin fəaliyyəti heç görünmür. Halbuki komitə məhz indi və daha ciddi şəkildə işə keçməlidir. Rayonlarda yas məclislərində İran təlimatlı mollalar artıq fəaliyyətdədirlər, məclislərdə siyasətdən danışır, İrana yönəlik təbliğat aparırlar. İranın Azərbaycanda "5-ci kalon"u bizim bozbaş mollalardır. Aralarında iti nəfsliləri çoxdur və pula Azərbaycanı sata bilərlər. Bunların əksəriyyətində millət, dövlət, qürur anlayışları belə yoxdur.  Cahil olduqlarından apardıqları islami təbliğat da çevrilib İranın təbliğatı olur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə fəaliyyəti nəhayət ki, diqqət mərkəzinə gəlməlidir".

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR