İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran Qarabağa göndərdiyi casuslarına yiyə duracaqmı? - Azərbaycan İrandan cavab gözləyir

İşğalçı Ermənistanı bağrına basan İran rejimi indi də Qarabağdakı terrorçulara sahib çıxmağa girişib

İran fars rejiminin Azərbaycana qarşı düşmənçiliyi bitmir. Qarabağın işğalının əbədi olması üçün Ermənistana əlindən gələn köməyi əsirgəməyən, işğalçı ölkə üçün “nəfəslik” rolunu oynayan İran 44 günlük müharibənin nəticələri ilə heç cür barışmaq istəmir.

Son iki ildə Azərbaycan sərhədlərində iki iri hərbi təlimlər keçirən, Azərbaycanda casus şəbəkəsi yaratmaqla dövlətimizin təhlükəsizliyini təhdid edən Tehran rejiminin Qarabağdakı erməni terrorçularını da unutmadığı bir daha ortaya çıxdı. Amma dövlətimizin hüquq-mühafizə orqanları kifayət qədər ayıq-sayıqdır və hər cür təxribatların qarşısını almaq gücündədir. Bugünlərdə İranın Azərbaycana qarşı növbəti təxribatının qarşısı da qətiyyətlə alındı. Ardından rəsmi Tehrana nota göndərildi. Söhbət Qarabağda müvəqqəti məskunlaşmış rusiyalı sülhməramlıların öz mandatlarına zidd olaraq, əraziyə 14 iranlının keçməsinə şərait yaratmasından gedir.

Özü də onlardan 12-si xeyli erməninin yaşadığı Huzestan vilayətinin İzeh şəhərindəndir. Həmin 14 nəfər noyabrın 24-də günorta saat 13-14 radələrində 34-QA-444 dövlət nömrə nişanlı bir “Mercedes” markalı avtomobillə sülhməramlıların postdan keçərək Xankəndinə gəldiyi üzə çıxmışdı. O da bildirilirdi ki, İzeh şəhərində terror və təxribat üzrə ixtisaslaşmış İran xüsusi xidmət orqanlarının məxfi bazası yerləşir. Yəni Xankəndinə təşrif buyuran “əcnəbilərin” İran xüsusi xidmət orqanlarının əməkdaşları olduğuna da şübhə yox idi. Onların erməni qanunsuz silahlı dəstələrinə terror-təxribat təlimləri keçmək məqsədilə gəldikləri ehtimalı ciddidir. Odur ki, rəsmi Bakının notası tam yerində. Notada İran vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilməsi istənilir və qarşı tərəfdən cavab gözlənilir. Bu yerdə qeyd edək ki, bir nota da Rusiyaya verilsəydi, tam məntiqli olardı, İran vətəndaşları məhz rus hərbçilərin nəzarət etdiyi əraziyə onların gözləri qarşısında keçiblər. Araşdırmalar nəticəsində məlum olmuşdu ki, həmin şəxslərin hamısı İran (!) vətəndaşıdır.

Azərbaycanla “dostluq və qardaşlıq”dan danışan, hətta Azərbaycanı “gözünün nuru” adlandıran İran rəsmi və qeyri-rəsmi şəxsləri isə Ermənistanın, həmçinin Qarabağdakı erməni terrorçularının müdafiəsi üçün hər cür addım atmaqdadırlar. Elə bir müddət öncə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşü zamanı “Biz Ermənistanın təhlükəsizliyinə İranın təhlükəsizliyi kimi baxırıq” - deməklə Azərbaycana münasibətini növbəti dəfə nümayiş etdirmişdi. Elə bunun ardınca İranın tez-tələsik Qafanda, hələ suvağı qurumamış tikilidə baş konsulluq açması da məkrli siyasətin məntiqi davamı idi. İran rəhbərliyi var gücü ilə Zəngəzur dəhlizini əngəlləməyə çalışır, eyni zamanda qanunsuz yollarla Qarabağdakı erməni terrorçularını himayə etməkdən əl çəkmir. Bir neçə ay əvvəl İrana məxsus TIR-ların Xankəndinə qanunsuz daşımalarının qarşısı alındı və bu, İranı çox qəzəbləndirdi. Görünür, fars rejimi erməni terrorçularına təlim keçmək, yaxud tunellər və sığınacaqlar tikməkdən ötrü özünün mütəxəssislərini Qarabağa, rus hərbçilərin təsir zonasına daxil olan bölgəyə göndərməklə Azərbaycandan qisas almağı hədəfləyib. Amma dövlətimiz bu xəyanətin üstünü isti izlərlə açıb və plan deşifrə olunub. Rusiyalı sülhməramlıların nəzarət etdiyi, daha doğrusu, edə bilmədiyi əraziyə buraxılmış 14 İran vətəndaşı ətrafında vəziyyət getdikcə aydınlaşmaqdansa, əksinə, daha da dolaşır. Belə ki, məlumata görə, Azərbaycan tərəfi diplomatik xətlə də İrandan məsələyə aydınlıq gətirilməsini istəyib, amma görünür, Tehranda hələ də nə cavab verəcəklərini bilmirlər. Artıq İran vətəndaşlarının sənədləri də ictimailəşdirilib. Musavat.com “Qafqazinfo”ya istinadən terror-təxribat qrupunun üzvləri olan həmin 14 nəfərin pasportlarının surətini təqdim edib. Lakin rusiyalı sülhməramlıların müvəqqəti nəzarət etdikləri, daha doğrusu, edə bilmədikləri əraziyə buraxılmış 14 İran vətəndaşı ətrafında vəziyyət getdikcə aydınlaşmaqdansa, əksinə, daha da qəlizləşir. Bu günədək nə İran, nə də Rusiya tərəfdən fakta münasibət açıqlanmayıb.

Bəs Tehranın cavabı nə olacaq, öz casuslarına sahib çıxacaqmı? 14 nəfərlə bağlı ölçü götürəcəkmi? Götürməzsə, Azərbaycanın sonrakı addımları nədən ibarət olacaq?

Hikmət Babaoğlu: “AXC-Müsavat cütlüyü BMT Təhlükəsizlik Şurasının 5 üzvünə  qarşı ərazi iddiası irəli sürmüşdü”

Hikmət Babaoğlu: “Hüquq-mühafizə orqanlarımız da bu cinayətlə bağlı xüsusi hüquqi tətbiqetmə fəaliyyəti həyata keçirərək həmin terrorçuları Bakıya gətirə bilərlər”

Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, rəsmi Tehranın antisülh siyasəti İranın hər gün bir qədər daha çox ifşa olunmasına səbəb olur və onu çətin vəziyyətə salır: “Artıq bir neçə gündür ki, rəsmi Tehranın Azərbaycan Xarici İşlər Nazirliyinin məlum notasına cavab verə bilməməsi də bununla əlaqədardır. Məsələ ondadır ki, rejim bəzi qərarlar qəbul edərkən onun məxfilik dərəcəsini öz texniki imkanları ilə hesablayır. Elə 14 vətəndaşını daha əvvəl qeyri-qanuni yollarla Azərbaycana göndərdiyi silah və sursatla necə davranmağı terroristlərə öyrətmək üçün Qarabağa göndərəndə də ümid edirdi ki, onun bu əməli ifşa edilməyəcək. Üstəlik, bu 14 nəfərin təkcə təlim keçmək deyil, digər başqa çirkin məqsədləri də var. Ancaq onlar üçün gözlənilməz oldu ki, Azərbaycan bu terrorçu hərəkətləri təsbit etdi, ölkəmizə gələn iranlı terrorçuların adlarını, haradan, hansı avtomobillə və necə gəldiklərini müəyyən etdi. Azərbaycan aşkar edilmiş cinayət faktı ilə bağı məsələni İranın Xarici İşlər Nazirliyinə təqdim edərək bunun izah edilməsini istədi”.

H.Babaoğlu hesab edir ki, belə olan halda İran indi həm Azərbaycana, həm də İranda yaşayan soydaşlarımıza məsələ ilə bağlı izahat verməlidir: “İndiki mürəkkəb şəraitdə isə güclü Azərbaycana və öz vətəndaşlıq haqlarını tələb edən İranda yaşayan on milyonlarla soydaşımıza cavab vermək olduqca çətindir. Ancaq məsələ belədir ki, bu cavab çox gecikərsə, Azərbaycan bir neçə gün öncə ərazimizdə törədilən iqtisadi cinayətkarlıqla bağlı hüquqlarını tətbiq etdiyi kimi, hüquq-mühafizə orqanlarımız da bu cinayətlə bağlı xüsusi hüquqi tətbiqetmə fəaliyyəti həyata keçirərək həmin terrorçuları Bakıya gətirə bilərlər. Ona görə də İran dərhal cavab verməli hadisələrin daha da gərginləşməməsi üçün addımlar atmalıdır”.

Amerika kəşfiyyatının “verbovka” etdiyi azərbaycanlı direktor necə ƏLƏ  KEÇDİ...

İlham İsmayıl: “Son hadisə göstərir ki, diplomatik etirazlarla yanaşı, hərbi yolla da xüsusi əməliyyatların keçirilməsi artıq qaçılmazdır”

Sabiq təhlükəsizlik xidməti polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl qəzetimizə bildirdi ki, baş verən hadisə üç ölkənin Azərbaycana qarşı birgə həyata keçirdiyi təxribatdır: “İran vətəndaşları maneə görmədən Ermənistan sərhədini keçir, Rusiya hərbi kontingentinin nəzarət etdiyi keçid məntəqəsindən də rahat şəkildə Qarabağa girirlər. Bu, İran-Ermənistan-Rusiya birliyinin açıq əməkdaşlığı, İrandan konkret məqsədlə göndərilmiş təxribat dəstəsidir. Hələ 2016-cı il Aprel döyüşlərindən sonra Ağdərə ərazisində zəif nöqtələrini görən Ermənistan Müdafiə Nazirliyi İran hərbi mühəndislərinin köməyi ilə Talış, Suqovuşan, Sərsəng SES istiqamətində labirint hərbi istehkamlar qurdular. 44 günlük müharibədən sonra da yaranmış vəziyyət bu ölkələrin heç birini, xüsusilə İranı qane etmir və məhz Qarabağa - Rusiya Silahlı Qüvvələrinin nəzarət etdiyi əraziyə daxil olan İran vətəndaşlarının mülki məqsədlərlə deyil, təxribat məqsədləri ilə keçməsi şübhə doğurmur”. İlham İsmayıl xatırlatdı ki, faktın üstündən 8 gün keçməsinə, İran dövlətinə verilən notaya baxmayaraq, Tehranın rəsmi cavabı bu günədək yoxdur: “Hətta araşdırma aparacaqları barədə növbətçi bir cavab belə verilməyib. Ona görə də İrandan bu şəxslərlə bağlı "ölçü götürməyi" gözləmək sadəlövhlük olar. Azərbaycan təhlükəsizlik qüvvələri, Müdafiə Nazirliyinin xüsusi komandası həmin 14 nəfəri zərərsizləşdirmək üçün əməliyyat tədbirləri həyata keçirə bilər və bu artıq zəruri hal alıb. Əks halda, bu cür təxribatlar davam edəcək və təmas xətti adlanan ərazilərdə Azərbaycana qarşı ciddi terror-təxribatlar baş verə bilər". Ekspert qeyd etdi ki, İran olmadan da ermənilərin Qarabağda təxribatlarının son günlər intensivləşdiyini görürük: “Son hadisə göstərir ki, diplomatik etirazlarla yanaşı hərbi yolla da xüsusi əməliyyatların keçirilməsi artıq qaçılmazdır”.

Bu arada, Rusiya sülhməramlılarının komandanı general-mayor A.Volkov etiraf edib ki, onlarda dəqiq yoxlamalar aparmaq üçün avadanlıq yoxdur. Ötən həftənin sonlarında Azərbaycanın bir qrup ekoloq-mütəxəssisləri Çanyataq kəndində istismar edilən qızıl yatağında monitorinq aparmaq üçün Xankəndində olublar. Həmin vaxt Xankəndinə getmək istəyən mütəxəssislər Laçın dəhlizindən istifadə edərkən, yolun bağlanmasına səbəb olublar. Bölgədə müvəqqəti yerləşmiş rus sülhməramlıları əvvəlcə onların hərəkət etməsinə imkan verməyib. Daha sonra isə danışıqları davam etdirmək üçün mütəxəssisləri Xankəndinə, öz qərargahlarına dəvət etməli olublar. Qeyd edək ki, bu hadisədən sonra Qarabağda yaşayan ermənilərin panikaya düşdükləri məlum olub. AMAZ.İNFO xəbər verir ki, yolun 3 saat bağlı qalmasından sonra açıqlama verən separatçıların nümayəndələri də etiraf ediblər ki, Xankəndi və ətraf rayonlarda panika var və əhalini sakitləşdirmək üçün addım atırlar. Lakin görünən odur ki, onların tədbirlərinin heç bir faydası olmayıb. Əksinə, Qarabağdakı ermənilər əmlaklarını sataraq, ərazini tərk etməyi sürətləndiriblər.

Göründüyü kimi, ermənilər də anlayırlar ki, dirəşməyin mənası yoxdur, ya Azərbaycan vətəndaşlığını qəbul edəcək, ya da köçüb gedəcəklər. Lakin onlara havadarlıq edənlər vəziyyəti gərginləşdirməyə çalışır, o cümlədən İran...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

 

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR