İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran Bakının notasına “ermənicə” cavab verdi - Səfirdən ikiüzlü mövqe

Abbas Zohurinin iranlı diversantlarla bağlı qırmızı yalanı; Qabil Hüseynli: “Tehran riyakarlığa adət edib...”

Azərbaycanın Laçın yoluna nəzarəti qismən bərpa etməsindən Ermənistan qədər, heç şübhəsiz, onun regiondakı simsarı İran da təlaş keçirir. Hər halda, düz iki həftədir o da bu yoldan əvvəlkitək məkrli məqsədlər üçün istifadə edə, ərazi bütövlüyümüz və suverenliyimizi istədiyi kimi poza bilmir. Hərçənd Tehran rəsmiləri riyakarcasına “bölgə ölkələrinin ərazi bütövlüyü bizdən ötrü qırmızı xətdir” deməkdən yorulmurlar.

Hanı bəs? Azərbaycana gələndə niyə “qırmızı cizgi” yaddan çıxır? Axı Laçın yolunda etiraz aksiyasına gətirən səbəblərdən biri də elə iranlı 27 (14+13) təlimatçı-diversantın Qarabağa qanunsuz keçidi olub?! Hansı ki, ekoloji problemlərlə birgə Bakının səbir kasasını daşırdı. Amma görün mollakratiya rejiminin elçiləri nələr danışırlar...

Misal üçün, İran XİN rəsmisi Nasir Kənani, nəhayət Laçın-Xankəndi yolundakı aksiyaya münasibət bildirərkən deyib ki, Laçın dəhlizi ilə bağlı məsələnin Ermənistan və Azərbaycan arasında danışıqlar yolu ilə operativ həllinə ümid edir. Onun sözlərinə görə, İran hər zaman Ermənistan və Azərbaycan arasında mübahisələrin sülh yolu ilə həllini vurğulayır. “10 noyabr 2020-ci il tarixli Üçtərəfli atəşkəs bəyannaməsinin şərtlərinin tam yerinə yetirilməsi iki ölkə arasındakı fikir ayrılıqlarına son verə bilər”, - XİN təmsilçisi bildirib. Kənaniyə görə, regionda sülh və sabitliyin bərqərar olması lüzumsuz gərginliyin aradan qaldırılmasını tələb edir.

Bu sözlərdə, əlbəttə ki, səmimiyyət yoxdur. Ən azı ona görə ki, 10 noyabr sənədinin 9-cu bəndi bilavasitə Zəngəzur dəhlizi barədədir - hansına ki, İran ilk gündən etiraz edir, əngəllər yaradır, İrəvanı məsələdə radikal mövqeyə kökləyir, ona stimul verir. Bu məqsədlə hətta heç bir lüzum olmadığı halda, Qafanda - gələcək dəhlizdən 1-2 km aralıda tələm-tələsik İranın konsulluğu da açılıb.

Ambassador Abbas Badakhshan Zohouri calls for higher awareness between  Armenians and Iranians | ARMENPRESS Armenian News Agency

Abbas Zohuri

İkinci yandan, düz üç həftə öncə - dekabrın 3-də Azərbaycan XİN-i 14 iranlı diversantın Laçın yolu ilə Qarabağa qanunsuz keçidilə bağlı İran tərəfinə nota verib. Üstündən 21 gün keçir, amma rəsmi Tehranın cavabı yoxdur. Amma məsələyə İranın Ermənistandakı səfirindən (!) reaksiya gəlib. Əgər buna reaksiya demək mümkünsə...

Belə ki, yerli mediaya müsahibəsində səfir Abbas Badaxşan Zohuri deyib ki, İran vətəndaşlarının Dağlıq Qarabağa səfəri ilə bağlı onlarda mötəbər məlumat yoxdur. “Bu kimi məsələlər Azərbaycan tərəfdən qaldırılıb. İran məsələni araşdırır və məlumatın doğruluğunu aydınlaşdırmağa çalışır” - səfir açıqlayıb.

Əlbəttə ki, yalandır. İran Rusiyaya Ukraynaya əleyhinə zərbə dronları verməsini dandığı kimi, bunu da həyasızcasına boynuna almaq istəmir.

Başqa yandan, “Dağlıq Qarabağ” ifadəsi işlətməklə diplomat İran adından Azərbaycan dövlətinə sayğısızlıq edir. Hərçənd onun sözlərini Tehranın notaya ilk rəsmi reaksiyası da saymaq olar. Ancaq niyə məhz səfir səviyyəsində və niyə məhz İrəvandakı səfir? Bunu Bakıdakı diplomatik nümayəndə edə bilməzdi? Hər necə olmasa, nota Azərbaycandakı səfirliyə təqdim olunmuşdu. Bir də İran hələ də nəyi araşdırır, iki həftəlik zaman bəs eləmədi?

Əlavə edək ki, cibində az qala daşnak bileti gəzdirən şovinist Zohuri çıxışı zamanı növbəti dəfə ermənilərə reverans da edib. İddia edib ki, guya uzun müddətdir Cənubi Qafqazda “İran mədəni irsinin təhrif və məhv olunmasına cəhdlər” edilir. Bununla bağlı o, müvafiq addımların atılmasını zəruri hesab edib. Səfir həmçinin erməni və İran xalqları arasında “zəngin tarixi və mədəni əlaqələri” xüsusi vurğulayıb.

Hələ vurğulamasın da? Burda deyiblər, “oğru elə bağırdı ki...”

Vaxtilə Şuşadakı Gövhər Ağa məscidini, İrəvandakı Göy məscidi haylarla birləşib farslaşdırmağa çalışan bir ölkənin səfiri təbii ki, daşı bizim bostanımıza atmalıydı. Əks halda, 30 ilik işğal dövründə Qarabağdakı erməni vandallığından, o sırada məscidlərimizin yerlə-yeksan edilməsi, salamat qalanlarda isə donuz saxlanılmasından da bir kəlmə deyərdi İran anti-islam respublikasının İrəvandakı ermənisifət səfiri...

“İran-Ermənistan sərhədi ən təhlükəsiz və dinc sərhədlərdən biridir”.

Bu iddianı isə İran Polisinin Sərhəd Qoşunları Komandanlığının sərhəd və hüquq məsələləri üzrə müavini Yusefi dilə gətirib. O, iki ölkə arasında sərhəd əlaqələrinin yaxşılaşmasının zəruriliyinə toxunaraq bildirib: “Bizim Ermənistanla birgə sərhədlərdə hər hansı xüsusi problem yoxdur, ətraf mühitin və sərhəd çaylarının qorunması üçün xüsusi səylər göstərməliyik”.

Onun sözlərinə görə, narkotik maddələrin qanunsuz dövriyyəsi və sərhəd pozucuları qonşu dövlətlər və Avropa ölkələri üçün təhlükədir. Həmin ölkələrin sərhəd xidməti xüsusi təyinatlı qüvvələr hazırlayaraq sərhəd pozucularının qarşısını alır. Bundan başqa, İranla Ermənistanın Orbeli İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.

Tehranda isə “İran və Ermənistan əlaqələri və Qarabağdakı son proseslər” adlı toplantı keçirilib. İranlı jurnalist Abed Əkbəri özünün Tvitter hesabında Ermənistanın Orbeli İnstitutunun eksperti Janna Vadyanyanla əməkdaşlıq sazişi imzalamasına dair foto paylaşıb. Bu qədər fakt kifayət etmir ki, İran Ermənistanın “qardaşlaşmasını” etiraf etsin?

Qabil Hüseynli: “Nikol Paşinyana sui-qəsd ola bilər” » Reyting.az

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, İran həmişə qeyri-səmimi hərəkət edib. Politoloq hesab edir ki, Tehran rejiminin nümayəndələri hətta ən elementar hadisələrdə belə riyakarlıq göstərirlər.

Onun fikrincə, Azərbaycan Xarici İşlər Nazirliyinin 27 İran terror təlimçisinin Xankəndiyə daxil olması haqda notaya İran XİN cavab verməli idi. “Müstəsna hallarda Bakıdakı İran səfirliyi cavab verə bilər. Lakin bu dəfə heç birinin ”tükü tərpənmir" və İrəvanda olan İran səfiri danışır, üstəlik, çaşdırıcı mövqe sərgiləyir. Bu da terrora dəstək verən dövlət üçün təbii haldır. Çünki Tehran ikiüzlülüyə adət edib".

İran XİN rəsmisinin Laçın yolu haqda açıqlamasına gəlincə, Q.Hüseynli qeyd etdi ki, üçtərəfli birgə sənəddə Azərbaycanın qərb rayonlarından Naxçıvana avtomobil və dəmiryol nəzərdə tutulur: “Bundan başqa, Prezident bildirib ki, Laçın yolu hansı statusa malikdirsə, Zəngəzur da elə olmalıdır. İndi yeni yol Laçın dəhlizi adı ilə fəaliyyətdədir, amma Zəngəzur istiqamətində Ermənistan tikinti barədə qərar belə verməyib. Ona görə İran rəsmiləri ağzına gələni danışırlar”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR