Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin nüvə obyektlərinə hücumundan sonra İran dünən səhər saatlarında İsrailə qarşı uzun və güclü cavab əməliyyatına başlayıb. 40 dəqiqə ərzində İsrailə 15 ballistik raket atılıb, sirenlər isə 30 dəqiqə dayanmayıb. Deputatlar sığınacaqlarda gizləndilər.
Musavat.com CNN-ə istinadən xəbər verir ki, İranın sərt cavabından sonra millət vəkillərinin bunkerlərdə gizləndiyi İsrail növbəti dəfə Fordo, Evin həbsxanası və İnqilab Keşikçiləri Korpusunun qərargahını hədəfə alıb. Hücumlar nəticəsində Tehranda elektrik enerjisi kəsilib.
İnqilab Keşikçiləri (SEPAH) "Həqiqi vəd 3" əməliyyatının 21-ci dalğası çərçivəsində ilk dəfə olaraq Xeybər, Qədr, Fəttah və İmad raketlərini eyni vaxtda atıb. Raket hücumları əvvəlcə İsrailin şimalını, sonra paytaxt Təl-Əviv, Qüds və Əskalan kimi böyük yaşayış məntəqələrini hədəf alıb. Raketlər Aşdod limanına və İsduddakı elektrik stansiyasına da düşüb. Dəmir qübbə üzərindən keçən raketlər nəticəsində İsrail infrastrukturuna ciddi ziyan dəyib.
Yerusəlimdə İsrail parlamenti olan Knessetdə komitə iclasları yarımçıq kəsilib, siren səslərini eşidən deputatlar sığınacaqlara qaçıblar. Sosial şəbəkələrdə yayılan videolarda bəzi İsrail əsgərlərinin körpülərin altında gizləndiyi əks olunub. Güclü hücuma baxmayaraq, itkilər barədə məlumat verilməyib.
İranın cavab dalğaları davam edərkən, İsrail də eyni vaxtda İrana hava zərbələri endirib. İsrail ordusu dünən ABŞ-nin hücumuna məruz qalan Fordo Nüvə Müəssisəsinə gedən yola və obyektin giriş-çıxışlarını vurub. Sözügedən hücumun "Fordodakı materialların çıxarılmasının qarşısını almaq üçün təşkil edildiyi" iddia edilib. İkinci hədəf Tehranın elektrik infrastrukturu olub. Şəhərin əsas enerji provayderi qəzaya uğrayıb və bu, şəhərdə elektrik enerjisinin kəsilməsinə səbəb olub.
İranın raket hücumlarına görə İsraildə sirenlər səslənməyə başlayanda insanlar ən yaxın sığınacaqlara axışıblar.
İsrailin müdafiə naziri İsrael Katz siyasi məhbusların saxlandığı Evin həbsxanasının, Fələstin meydanındakı “İsrailin məhvi” saatının və İnqilab Keşikçiləri Korpusunun daxili təhlükəsizlik qərargahının vurulduğunu açıqlayıb. Katz iddia edib ki, hücumlar “Tehranın mərkəzindəki rejim hədəfləri və hökumətin repressiya orqanlarını” hədəf alıb.
İranda əksəriyyəti mülki şəxslərdən ibarət azı 500 nəfərin həyatını itirdiyi bildirilir. İsraildə ölənlərin son sayı 24 olub və bu yaxınlarda ölənlərin sayı yenilənməyib.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə səhər saat 08:00-dan İran və İsrail arasında atəşkəs qüvvəyə minib.
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ