İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbrizdə Ermənistan konsulluğu açmaq qərarının sirri

Bu, daha çox İrana, yoxsa İrəvana lazımdır?

Nazir qeyd edib ki, İran tərəfi bu gün Ermənistanın Təbrizdə baş konsulluğunun açılmasına razılıq verib. Təbriz Azərbaycan şəhəri olduğu üçün məlumatlara görə, ermənilər orada qalmır. Doğrudur, daha əvvəllər, məsələn, şah dövründə Təbrizdə ermənilərin sayı 15-20 min nəfər olub. 

Lakin sonralar, xüsusən də Xocalı faciəsindən sonra Təbrizdə ermənilərin sayı kəskin azalmağa başlayıb. İddialara görə, indi Təbrizdə demək olar ki, erməni qalmayıb. “İran Qafanda konsulluq açdığına görə Tehran da Ermənistana Təbrizdə konsulluq xidməti açmağa şərait yaradıb. Azərbaycan Təbrizdə konsulluq açmaq üçün təxminən 12 il Tehranın icazəsini gözləməli oldu. Müxtəlif bəhanələr gətirilirdi. Ermənistan üçün isə İranda bütün qapılar açıqdır. Azərbaycanlıların şəhəri olan Təbrizdə Ermənistan konsulluğunun açılmasının Tehran və İrəvan üçün siyasi əhəmiyyəti var. Hər ikisi bölgədə azərbaycanlıların mövqelərinin güclənməsinə qarşıdır və bu mövzuda əməkdaşlıqlarını davam etdirirlər”, - deyə politoloq Elxan Şahinoğlu bildirib. 

Ekspertlərə görə, Təbrizdə Ermənistan konsulluğunun açılması ilə bağlı məsələnin yalnız siyasi tərəfi var. İran guya bununla Quzey Azərbaycana mesaj verir ki, biz istədiyimiz yerdə Ermənistanın konsulluğunu açarıq, o cümlədən Təbrizdə. 

Təbrizdə Ermənistanın Baş Konsulluğu hansı zərurətdən doğub? Bu, daha çox İrana, yoxsa İrəvana lazımdır?

Azər Badamov: “Yaxın illərdə idxaldan asılılığımız xeyli azalacaq”

Azər Badamov 

Deputat Azər Badamov hesab edir ki, bu konsulluqlar nə İrana, nə Ermənistana lazımdır: “İranın xarici işlər naziri Hüseyn Əmir-Abdallahian İrəvanda erməni həmkarı ilə keçirdiyi mətbuat konfransında gələn ilin əvvəlində Təbrizdə Ermənistanın baş konsulluğunun açılacağını bildirdi. Əvvəlcə Ermənistan üçün Təbrizdə konsulluğunun açılması nə qədər vacibdir məsələsinə diqqət yetirək. Onu qeyd etmək istəyirəm ki, Ermənistana Təbrizdə konsulluğun açılması heç bir mənada lazım deyil və məntiqsiz bir addımdır. Çünki Təbriz azərbaycanlıların yaşadığı şəhərdir və orada ermənilər barmaqla sayılacaq qədərdir. Belə olan halda Təbrizdə Ermənistan konsulluğunun xidmətlərindən kim yararlanacaq?. Demək olar ki, heç kim. Bu, sadəcə, iki əməkdaşdan ibarət bir ofis olacaq. İranla Ermənistan arasındakı ticarət dövriyyəsinə baxsaq görərik ki, burada da nəzərə çarpacaq və böyük perspektivlər vəd ediləcək bir mənzərə yoxdur. Bu gün Ermənistanla İran arasındakı ticarət dövriyyəsi 500 milyon dollar ətrafındadır. Bu dövriyyənin də əsas hissəsi Ermənistandan İrana elektrik enerji və İrandan Ermənistana isə qaz ixracı ilə formalaşır. Digər istiqamətlərdə isə nəzərə çarpacaq bir dövriyyə yoxdur. Belə olan halda Ermənistanın Təbrizdə konsulluğunun açılmasına nə ehtiyac var? Təbii ki, bu sualın kökündə siyasi məqsədlər dayanır. İlk növbədə qeyd etmək istəyirəm ki, İran Qafanda konsulluğunu açıb və ona görə də ona paralel Təbrizdə Ermənistan konsulluğunu yaradır. Məntiqlə məsələyə yanaşsaq görərik ki, İrana da Qafanda konsulluq heç lazım deyil. Bu, sadəcə, İranın layihəsidir və Ermənistan da İranın planları ilə hərəkət edir. Abdullahian İrəvanda keçirdiyi mətbuat konfransında yenə də Ermənistanın sərhədlərinin dəyişdirilməsinin özləri üçün qırmızı xətt olduğunu bildirdi. Yəni burada İranı narahat edən əsas məsələ Zəngəzur dəhlizinin açılmasından qorxmasıdır. İran bütün vasitələrlə  Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyir. Çünki bu yol ancaq İranın ərazisindən keçdiyi təqdirdə rəsmi Tehran siyasi və iqtisadi dividentlər əldə edə biləcək. Amma Zəngəzur dəhlizinin də açılacağı təqdirdə İran ərazisindən keçən yolun əhəmiyyəti azalacaq. 

Abdullahianın İrəvana səfər etdiyi dövrü də diqqətdənkənar saxlamalı deyilik. Yəni Paşinyan Sankt-Peterburqa səfər edir və Rusiya ilə münasibətlərini yoluna qoymaq istiqamətində hərəkətləri müşahidə olunur. O cümlədən Qərbin Ermənistanla bağlı səsləndirdiyi fikirlər azalmağa başlayıb. İranın da istəyi Ermənistanın Qərbə doğru getməsi deyil, onun Rusiyaya yaxın qalmasında maraqlıdır. Ermənistanda Qərb möhkəmlənərsə, bu, İranın maraqlarına ziddir. Ona görə də Abdullahian dərhal İrəvana gəlir və Təbrizdə konsulluğunu tezbazar açdırmaqla ermənilərin könlünü almağa çalışır. Ermənistana isə bu konsulluq lazım deyil və konsulluğun saxlanılması xərclərinin də İran tərəfindən qarşılanacağını hesab edirəm".

Deputat buradakı pərdəarxası mesajlara da toxundu: “Təbrizdə Ermənistan konsulluğunun açılması həm də Azərbaycana bir mesajdır. İran bununla demək istəyir ki, istədiyi yerdə konsulluğunu aça bilər. Çünki bu, Güneydəki azərbaycanlıların istəklərinə qarşıdır. İranın belə addımlarını Azərbaycana qarşı münasibətinin necə olduğunun göstəricisi hesab edirəm. Azərbaycan İranla münasibətlərini normallaşdırmağa çalışır. İran isə öz hərəkətləri ilə ölkələrarası münasibətlərin normallaşması prosesinə balta vurur”.

Universitetlər özəlləşdirilməlidir - Niyaməddin Orduxanlı - GlobalInfo.az

Niyaməddin Orduxanlı 

BAXCP sədrinin müavini, siyasi şərhçi Niyaməddin Orduxanlı molla rejiminin məqsədli şəkildə belə davranış nümayiş etdirdiyini söylədi: “İran Ermənistanın Təbrizdə konsulluğunu açmaqla Azərbaycanın İsraildə səfirliyini açmasının "qisasını" aldığını göstərir. Ancaq bu, Azərbaycan üçün heç bir məna kəsib etmir. Azərbaycan xalqı son 30 ildə adını müsəlman dövləti qoyan İran molla rejiminin bütün iqtisadi, siyasi, hərbi və enerji gücü ilə düşmən Ermənistanı necə müdafiə etdiyinin şahidiyik. Müsəlman məscidində donuz saxlayan Ermənistan üçün pulsuz raket verdiklərini də çox yaxşı bilirik. Bu hadisələr bizi niyə təəccübləndirsin ki? Zəngəzur dəhlizinin açılmasını birmənalı şərt kimi qoyan Azərbaycana qarşı dərhal İran Qafanda konsulluğunu açmadı? Zəngəzur dəhlizi bizim qırmızı xəttimizdir deyib, Azərbaycanı İran hədələmədi? Dünyada ikinci bir müsəlman ölkəsi tapa bilməzsiniz ki, müsəlman körpəsini, uşağını diri-diri yandıran, dərisini soyan Ermənistana bu şəkildə dəstək versin! İranın Türkiyədən qorxusu olmasa və Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin şəxsi münasibətləri yaxşı olmasaydı, təzədən torpaqlarımızı işğal edib ermənilərə verərdi. İran çox təəssüf ki, hələ də dövlətimizin müstəqil fəaliyyət göstərməsini və daha da güclənməsini qəbul edə bilmir. Bunu özünün təhdidi kimi qəbul edir. Bunun səbəbi də Cənubi Azərbaycanda yaşayan 40 milyonluq soydaşımızın olmasıdır. İkiyə bölünmüş Azərbaycanın fakt olmasıdır. 50 milyonluq Azərbaycan türkünün olmasıdır. İranın ehtiyat etdiyi məhz budur. Yalnız bu səbəblərə görə öz vətəndaşı yoxsulluq səviyyəsindən aşağı yaşaya-yaşaya ermənilərə hər cür dəstək nümayiş etdirirlər. Molla rejimi məqsədli şəkildə Ermənistanın konsulluğunu Təbrizə salır. Çünki çox yaxşı bilir ki, Təbriz uzun illər və tarixən Bütöv Azərbaycanın qədim paytaxt şəhəridir. Bunu qəsdən edir. Konsulluğu farsların şəhərində də aça bilərdilər. İran və İrəvan qardaşlığı düşmənimin düşməni, mənim dostumdur prinsipinə söykənən qardaşlıqdır! Bu isə Azərbaycanı narahat etmir!".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR