Onlayn ictimai-siyasi qəzet
Halal hərbi qələbəmizi hələ də “həzm” etməyən Qərbdəki anti-Azərbaycan çevrələri, özəlliklə erməni lobbisi, ümumən Türk düşmənləri axırıncı “patronlarını” atırlar. Çünki yaxşı bilirlər ki, Nikol Paşintan sülh müqaviləsini imzalayan kimi onların “kitabı” həmişəlik bağlanacaq. Odur ki, regionu tam yeni quruculuq mərhələsinə daşıyacaq böyük barışıq prosesini pozmaq, baltalamaq üçün dəridən-qabıqdan çıxırlar.
Gizli açıq düşmənlərimiz son vaxtlar ABŞ parlamentində xüsusilə fəallaşıblar. Sanki qulaqlarına səs dəyib. Vicdanını erməni lobbisinin 5 dollarına satan konqresmenlər ard-arda Azərbaycan və Türkiyəyə qarşı absurd, şər-böhtan dolu, cəza və sanksiya tələbi ilə təşəbbüslər irəli sürürlər.
Misal üçün, Qarabağdan könüllü getmiş ermənilərin geri dönüşünün, onların “təməl haqlarının təmin edilməsi” və uydurma “erməni dini-mədəni irsi”nin qorunması vacibliyindən dəm vururlar. Bakıda məhkəməsi davam edən erməni xuntaçı-caniləri utanmazcasına “əsir” adlandırıb onlara azadlıq tələb edirlər. Amma yüz minlərlə soydaşımızın Qərbi Azərbaycana - dədə-baba yurdlarına qayıdışının zəruriliyi ağıllarının uclarından da keçmir bu “ədalət carçılarının”.
Üstəlik, belə cəhdlər prezident Donald Trampa, onun Bakı və İrəvan arasında tarixi sülh layihəsində qarantorluğuna, Zəngəzur dəhlizinə (“Tramp yolu”na) qarşı yönəlib. O Tarmp ki, Ağ Evdə 8 avqust görüşləri və əldə olunan anlaşmalardan sonra vaxtaşırı elədiyi paylaşımlarda İlham Əliyev və Nikol Paşinyana, əsas da Azərbaycan liderinə hüsn-rəğbətini gizlətmir.
Deməli, adı çəkilən dairələr və konqresmenlər nə qədər qəribə də olsa, Rusiyanın və İranın “dəyirmanına” su tökür, Moskva və Tehranın maraqlarına xidmət edir. Çünki ermənidən çox bu iki paytaxt Azərbaycan və erməni xalqları arasında düşmənçilik səhifəsinin bağlanmasını, bölgədə daimi sülh və çoxtərəfli əməkdaşlığın bərqərar olmasını arzulamır...
Keçək ən problemli qonşumuza.
“Ermənistan hökuməti Azərbaycanda saxlanılan əsirlərin qaytarılması ilə bağlı demək olar, hər gün çalışır. Bunu baş nazir Nikol Paşinyan mətbuat üçün keçirdiyi brifinqdə bildirib”.
Belə bir xəbəri dünən yerli media tirajlayıb.
Davamında Paşinyanın dilindən deyilir: “Öncələr söylədiyimi yenə təkrarlayıram: biz demək olar ki, hər gün bu məsələ üzərində işləyirik. Ancaq nəticə əldə olunmayanadək və həm də mövzunun həddən ziyadə həssaslığına görə əlavə heç nə deyə bilmərəm”.
“Məsələnin həssaslığı...” O zaman “hərbi əsirlər” ifadəsi nə demək? Paşinyan həqiqətənmi belə sözlər işlədib, yoxsa onun adından, vasitəli nitq formasında bu cür təqdim edilib?
İnanmaq istərdik ki, ikinci variantdır. Çünki Azərbaycanda ədalət məhkəməsinə önünə çıxarılan cinayətkarlardan “siyasi məhbus”, “girov” düzəltmək cəhdləri ən çox elə xuntaçıların özlərinin ziyanınadır. Bunu hamıdan yaxşı gərək ki, Nikol Vovayeviç bilir. Amma və lakin biz onun bir erməni odluğunu da unutmamışıq...
Yeri gəlmişkən, sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov sülh sənədinin tezliklə imzalanmasının mümkünlüyü barədə Minval-a danışarkən Paşinyan haqda diqqətçəkən fikir söyləyib. Onun qənaətincə, bu gün Ermənistan baş naziri sülhdən ona görə çox danışmır ki, sülh üçün əldən gedir, ona görə çox danışır ki, ölkəsinin gücü və potensialı yoxdur.
“Onun sülhlə bağlı bütün bəyanatları ona görə verilir ki, Ermənistan köhnə ilhaq siyasətini davam etdirmək imkanında deyil. Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” şüarı səsləndirən adamdır. Hazırda Ermənistan cəmiyyətində “indi zəifik, amma güclənək, sonra Qarabağı geri alarıq” fikri geniş yayılıb. Bu mənada Paşinyanın davranışını vaxt udmaq cəhdi kimi qiymətləndirmək olar”, - Zülfüqarov vurğulayıb və əlavə edib ki, ermənilərin öz fikrini dəyişməyəcəyinə zəmanət yoxdur.
Bunu da yadda saxlayaq...
19 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ