İnsanlara hürriyət, millətlərə istiqlal!

İngiltərədə çalışan azərbaycanlı həkim: Tibb qayğı göstərmək sənətidir

Azərbaycanlı həkimlərin xaricdə qazandıqları uğurlar həm peşəkar nailiyyətləri, həm də vətənimizin adını beynəlxalq səhiyyə arenasında tanıtması ilə diqqət çəkir. Onlardan biri də uzun illərdir Böyük Britaniyada çalışan mama-ginekoloq Fidan İsrafil-Bəylidir. O, bu gün həm klinik fəaliyyəti, həm də 2,5 milyon funt sterlinqlik qrant hesabına apardığı genişmiqyaslı tədqiqatları ilə ölkəmizi uğurla təmsil edir.

AZƏRTAC-a müsahibəsində Fidan İsrafil-Bəyli həkim peşəsini seçməsinin səbəbləri, İngiltərədəki karyera yolu, qarşılaşdığı çətinliklər və gələcək planları barədə danışıb.

– İlk olaraq, oxucularımıza özünüz barədə qısa məlumat verməyinizi xahiş edirik. Necə oldu ki, həkimlik peşəsini seçdiniz?

– Mən tibb ailəsində böyümüşəm və ulu babalarımla fəxr edirəm. Onlardan biri professor Emin Əfəndiyev olub. Görkəmli həkim idi və Bakıda yerləşən xəstəxanalardan biri onun adını daşıyır. Digər ulu babam isə 1922-ci ildə Azərbaycan Respublikasının ilk səhiyyə naziri olmuş Mövsüm İsrafilbəyov idi.

Həkim, xüsusilə də ginekoloq olmağımda ən böyük təsir isə nənəm, mama-ginekologiya üzrə professor Solmaz İsrafil-Bəylinin təsiri olub. 2004-cü ildə Böyük Britaniyaya köçərək mama-ginekologiya üzrə ixtisaslaşmaya başladım, imtahanlardan uğurla keçərək Britaniya Mama-Ginekoloqlar Kollecinin üzvü seçildim. Daha sonra isə Birmingemdə aparıcı universitet klinikasında konsultant təyin olundum.

– Hazırda çalışdığınız Birmingem Qadın və Uşaq Xəstəxanası Böyük Britaniyanın nüfuzlu səhiyyə müəssisələrindən biridir. Buradakı fəaliyyətiniz barədə nə deyə bilərsiniz?

– Birmingem Qadınlar Xəstəxanası olduqca unikal müəssisədir. İngiltərədə yalnız iki müstəqil mama-ginekologiya xəstəxanası var və onlardan biri bizim klinikadır. Mənim əsas fəaliyyət sahəm uro-ginekologiyadır. Qadınlarda sidik qaçırma və uşaqlıq sallanmaları ilə məşğul oluram. Bundan başqa, xoşxassəli ginekoloji əməliyyatlar və çanaq dibi cərrahiyyəsi aparıram. Xüsusilə servikal serklaj əməliyyatı üzrə ixtisaslaşmışam. Bu proseduranı modifikasiya edərək uşaqsalmaların sayını 27,3 faizdən 3,7 faizə endirməyə nail olmuşam. Bu, mənim ən böyük klinik uğurlarımdandır. Eyni zamanda, elmi araşdırmalarda, tədris işlərində və gənc tədqiqatçılara rəhbərlikdə fəal iştirak edirəm.

– Xaricdə çalışan azərbaycanlı həkim kimi hansı çətinliklərlə qarşılaşmısınız?

– Britaniya səhiyyə sistemində digər həkimlərin üzləşdiyi eyni çətinliklər məndə də olub: bitib-tükənməyən imtahanlar, ağır iş rejimi, gecə növbələri, yüzlərlə qiymətləndirmə. Həm də ailə həyatı, uşaqların qayğısı. Bu, heç də asan deyildi. 2000-ci illərin əvvəllərində buraya gələndə mən bütün maneələri təkbaşına dəf etməli oldum. İndi isə artıq çoxlu həmvətənimiz var, biz bir-birimizə dəstək olur, təcrübə paylaşırıq. Elmi fəaliyyətim də çətin idi, amma nəticədə 2,5 milyon funt sterlinqlik qrant əldə edərək “CSTICH” adlı böyük randomizə olunmuş klinik tədqiqat apardım. Bu, mənim ən qürur duyduğum nailiyyətlərimdən biridir.

– Azərbaycandan olan gənc həkimlərə və tibb tələbələrinə hansı tövsiyələri verərdiniz?

– Öyrənməyi heç vaxt dayandırmasınlar. Tibb daim inkişaf edən sahədir. Pasiyentlərə isə elə yanaşsınlar ki, həmin münasibəti onlar özləri də istəyərdi. İnsanlara kömək etmək, mehriban davranmaq çox vacibdir. Unutmasınlar ki, bəzən bir xoş söz dərmandan daha çox şəfa gətirir.

- Xaricdəki azərbaycanlı həkimlərin uğurlarını necə qiymətləndirirsiniz?

– Dünyanın müxtəlif ölkələrində çoxlu azərbaycanlı həkim çalışır və böyük uğurlar qazanırlar. Ən önəmlisi isə odur ki, onlar əldə etdikləri təcrübəni Azərbaycanla bölüşmək istəyirlər. Hazırda ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə və digər ölkələrdə həkimlərimizin assosiasiyaları var, onlar da Səhiyyə Nazirliyi və TƏBİB ilə əməkdaşlıq edərək layihələr həyata keçirirlər.

– Gələcək planlarınız nələrdir?

– Yaxınlarda biz Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasını (ABBAD) yaratdıq. Bu, mənim həyatımın ən böyük nailiyyətlərindən biridir. İstəyirəm ki, assosiasiya həm Böyük Britaniyada çalışan, həm də Azərbaycandakı həkimlər üçün faydalı layihələr həyata keçirsin. Bundan başqa, Kral Mama-Ginekoloqlar Kollecində daha fəal iştirak etməyi, uro-ginekologiya üzrə beynəlxalq təlimdə və elmi layihələrdə işimi davam etdirməyi planlaşdırıram.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri
 
London

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR