İnsanlara hürriyət, millətlərə istiqlal!

“Konstitusiya dəyişməsə, növbəti Ermənistan hakimiyyəti sülh müqaviləsini inkar edə bilər” - MÜHÜM açıqlama

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün intensiv diplomatik danışıqlar davam edir. Lakin prosesin qarşısında duran ən əsas hüquqi və siyasi maneələrdən biri Ermənistan Konstitusiyasında dəyişiklik edilməsidir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistanın mövcud Konstitusiyası ölkənin sülh öhdəliklərinə uyğun gəlmir və gələcəkdə imzalanacaq müqavilənin davamlılığına ciddi təhlükə yarada bilər. Xüsusilə də, sənəddə Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ üzərində iddialara yer verilməsi regional sabitlik baxımından ciddi narahatlıq doğurur. 

Yaxın günlərdə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Azərbaycanla sülh müqaviləsinin 2025-ci ilin sentyabrında imzalanacağına ümid etdiyini bildirib.

“Ümid edirəm ki, Ermənistan və Azərbaycan sülh müqaviləsini 2026-cı ilin birinci yarısında deyil, 2025-ci ilin sonunda və ya sentyabr ayında imzalayacaq”, - Rubinyan deyib.

Bu isə gündəmə yeni suallar gətirir: Ermənistan Konstitusiyasının dəyişdirilməsi prosesi texniki və siyasi baxımdan ilin sonuna qədər mümkün ola bilərmi? Bu dəyişikliyin gecikməsi sülh sazişinin imzalanmasını sual altına ala bilərmi?

azer.jpg (84 KB)

Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı Musavat.com-a deyib ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi olduqca vacib məsələdir:

“Bakı bunu elə-belə tələb etmir. Çünki konstitusiya dəyişməsə, növbəti Ermənistan hakimiyyəti ona istinadən Vaşinqton razılaşmasını və ya imzalanacaq istənilən sülh müqaviləsini inkar edə bilər. Ermənistan Konstitusiyası əslində hüquqi sənəddən daha çox Azərbaycan və Türkiyəyə qarşı ədavət deklarasiyasıdır. Ona görə də onun dəyişdirilməsi sülh müqaviləsi üçün zəruridir. Əslində, Ermənistan konstitusiyasındakı bəzi müddəalar açıq şəkildə regionda sabitliyi poza biləcək təməl problemlər yaradır. Xüsusilə, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan və “Dağlıq Qarabağ” iddialarını legitimləşdirən məqamlar həm beynəlxalq hüquqa, həm də reallığa ziddir. İllərdir davam edən bu təcrübə Ermənistan siyasətində revanşist düşüncələrin qidalanmasına, cəmiyyət daxilində isə əsassız torpaq iddialarının davamlı olaraq canlı qalmasına səbəb olub”.

Analitik hesab edir ki, konstitusiya dəyişikliyi təkcə Azərbaycanla münasibətlərin normallaşması üçün deyil, həm də Ermənistanın öz siyasi gələcəyi və regional inteqrasiyası üçün həyati əhəmiyyət daşıyır:

“Konstitusiyanın dəyişdirilməsi Ermənistanın hüquqi sistemini real siyasi və coğrafi vəziyyətlə uyğunlaşdıracaq, gələcəkdə yeni hökumətlərin sülh prosesindən yayınmasına imkan verməyəcək. Eyni zamanda, bu dəyişikliklər Ermənistanın beynəlxalq aləmdə etibarlılıq qazanması, Avropa İttifaqı və digər Qərb qurumları ilə münasibətlərində daha ardıcıl və konstruktiv tərəfdaş kimi çıxış etməsi üçün də vacibdir. Əks halda, konstitusiya revanşist dairələrin əlində alət olaraq qalacaq və Ermənistanı davamlı olaraq regional təcrid və qeyri-sabitlik mühitinə sürükləyəcək”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR