Onlayn ictimai-siyasi qəzet
Diş həkimləri etiraz edir, işləməyəcəklərini bildirirlər; hüquqşünas: "TƏBİB-in plan tələbi qanunsuzdur, bulinqdir"
Azərbaycanda fəaliyyət göstərən bir qrup stomatoloq TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) stomatoloji müəssisələrdən pul tələb etdiyini bildirir. İctimaiyyətə müraciət edən stomatoloqlar qeyd edirlər ki, TƏBİB bu müəssisələrə aylıq 1200 və ya 1800 manatlıq “plan” öhdəliyi qoyur.
Stomatoloqlar adından yayımlanan müraciətdə vurğulanır ki, bu planlar həkimlərə qarşı maddi və psixoloji təzyiq vasitəsinə çevrilib: “Bu gün TƏBİB tərəfindən stomatoloji müəssisələrə tətbiq edilən yeni plan tələbi nə tibbi prinsiplərə, nə də real iqtisadi və sosial şəraitə uyğundur. Ədalətsiz və qeyri-etik bu sistem vicdanla çalışan həkimləri çətin duruma salır, xidmətin keyfiyyətinə zərbə vurur”.
Müraciətdə narahatlıq doğuran başqa bir məqam da - təhsilsiz və lisenziyasız şəxslərin diş müalicəsi ilə məşğul olmasına qarşı tədbir görülməməsi, əvəzində isə rəsmi stomatoloqlara qarşı təzyiqlərin artırılmasıdır. Həkimlər bildirirlər ki, qanunsuz fəaliyyət göstərən şəxslərə qarşı susqunluq nümayiş etdirilir, peşəkar stomatoloqlar isə işdən çıxarılma təhdidi ilə üzləşirlər.
Onlar TƏBİB-in tətbiq etdiyi plan tələblərinin dərhal ləğv olunmasını tələb edirlər. Bildirilir ki, TƏBİB rəhbərliyi stomatoloqları qəbul edəcəyini bəyan edib.
Qeyd edək ki, sosial şəbəkələrdə də stomatoloqlar etirazlarını bildiriblər.
Stomatoloq Mehman Əliyev yazır: “Bu etirazı dəstəkləyirəm. Bir həkim-stomatoloq olaraq TƏBİB-in stomatologiyaya ögey münasibəti, faktiki olaraq Azərbaycanda stomatologiyanı qanundankənar elan etməsi, "əldəqayırma stomatoloqlar"ın cinayətkar fəaliyyətinə şərait yaratmaqla onların fəaliyyətini qanuniləşdirməsi məni də incidir və təhqir edir..."
Həkim Vəfa Nəbiyeva isə bildirir: “Dövlət poliklinikalarında təminat qəti şəkildə yoxdur. Bütün cihaz, avadanlıq, dərman və materiallar həkimin öz hesabına alınır. Üstəlik, aztəminatlı ailələr, qazilər, şəhid ailələri və sosial müəssisələrdən gələnləri də öz hesabımıza müalicə edirik. Hansı 1800 manatla biz TƏBİB-i razı salaq?! Bu qədər özbaşınalıq olmaz. Artıq bu qanunsuzluqlara "yox" deməyin vaxtı çatıb".
Stomatoloq Gövhər Musayeva da fikrini bölüşür: “Bizdə stomatoloji şöbədir. Rayonda əhalinin əksəriyyəti kasıb kənd adamlarıdır. Biz pulsuz xəstələrin hamısına baxırıq. Xəstələr ölməlidirmi?! Dişlər irinləyir, abses, flegmonaya keçir, tromboz və mediastenit kimi ağırlaşmalar yaranmasın deyə biz müalicəmizi edirik. Biz stomatoloqlar olmasaq, xəstələrin pul ödəməyə də imkanı yoxdur”.
Stomatoloq Alik Əliyev isə belə yazıb: “Şəkidə də həkimləri yığdılar və tələblərini bildirdilər. Dedilər ki, hər ay 1200 manat TƏBİB-ə pul verilməlidir. Bu, absurddur. Mən öz cibimdən material alım, işləyim və qazancımı TƏBİB-ə verim?! Dedilər ki, ödəməsəniz, işdən çıxarılacaqsınız”.
Hüquqşünas Ramil Süleymanov isə məsələ ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Bu, əlbəttə ki, biabırçılıqdır. Çünki dövlətin adından fəaliyyət göstərən bir qurum - istər publik hüquqi şəxs olsun, istər başqa statusda - tabeliyində olan rəsmi əməkdaşlardan bu cür öhdəliklər tələb edə bilməz. Bu, sovet təfəkküründən çıxılmadığını göstərir. Sovet dövründə necə plan və uçot müəyyən edilirdisə, eyni yanaşma ilə hərəkət edirlər. Halbuki dünya dəyişib. Vətəndaşın özəl tibb müəssisəsinə müraciət etmək hüququ var. TƏBİB-in tabeçiliyində olan həkimlərə bu cür münasibət - onları əzici, təhdidedici mövqedən yönəltmək - tamamilə yolverilməzdir.
TƏBİB stomatoloji müəssisələr üçün plan öhdəliyi qoya bilməz. Əgər belə bir əmrlə çıxış edilibsə, həmin həkimlər bununla rəsmi şəkildə tanış edilməlidir. Əmrin təqdimatı baş verməlidir. Bundan sonra hüquqi prosedura başlanıla bilər. Bu, əslində əmək münasibətində olan işçinin bulinqə məruz qalmasıdır və psixoloji, mənəvi sarsıntıya səbəb ola bilər. Bu, əmək fəaliyyətinə də ciddi təsir göstərir.
TƏBİB əsasnamə və qanunvericiliyə uyğun olaraq ərazi idarəçiliyini yaxşılaşdırmalı, plan-uçot yanaşmasından uzaqlaşmalıdır. Qurum şəfa verən qurum funksiyasını yerinə yetirməli, vətəndaş özü qərar verməlidir, TƏBİB-ə müraciət etsin, yoxsa özəl klinikaya. TƏBİB, əksinə, tabeliyində olan müəssisələrin nüfuzunu və rəqabət qabiliyyətini artırmaq üçün maarifləndirici və təbliğat yönümlü işlər aparmalıdır".
Mediaya açıqlamasında TƏBİB-dən bildirilib ki, son dövrlərdə stomatoloji xidmətlərin təşkili və bu sahədə şəffaflığın artırılması məqsədilə müəyyən təhlil və qiymətləndirmə işləri aparılıb: “Bu qiymətləndirmələr zamanı müxtəlif regionlarda fəaliyyət göstərən stomatoloqların xidmət həcmi və mövcud şərait araşdırılıb. Ödənişlərin rəsmi nağdsız ödəniş sistemi (POS-terminal, bank köçürməsi və s.) üzərindən keçirilməməsi, yəni müəssisənin maliyyə uçotundan yayınması halları müşahidə edilib.
Qeyd edirik ki, stomatoloji xidmətlər icbari tibbi sığorta təminatına daxil olmayan və ödənişli əsaslarla göstərilən tibbi xidmətlərdir. Say etibarilə 149 sayda tibbi xidmət olub, tarifləri “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası Prezidentinin 1 may 2023-cü il tarixli 2130 nömrəli fərmanı ilə təsdiq edilmiş TƏBİB-in nizamnaməsinin 3.1.7-ci yarımbəndinə əsasən TƏBİB-in Müşahidə Şurasının “TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən Xidmətlər Zərfinə daxil olmayan və ödənişli əsaslarla əhaliyə göstərilən tibbi xidmətlərin, habelə sığortaolunan hesab edilməyən şəxslərə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinə dəyişiklik edilməsi haqqında” 18 sentyabr 2023-cü il tarixli 20-Q/2023 nömrəli qərarı ilə təsdiqlənib".
TƏBİB-dən qeyd edilib ki, hazırda aparılan təhlillərin məqsədi stomatoloji xidmətlərin daha keyfiyyətli təşkili, ədalətli resurs bölüşdürülməsi və tibbi infrastrukturun dayanıqlı maliyyələşdirilməsi yollarını araşdırmaqdır: “Narahatlıqları anlayışla qarşılayırıq və bildirmək istəyirik ki, istənilən qərar hüquqi əsaslandırma və mərhələli tətbiq prinsipi ilə həyata keçiriləcək.
TƏBİB olaraq qarşılıqlı əməkdaşlıq və açıq dialoq prinsiplərinə əsaslanaraq həm stomatoloji xidmət göstərən həkimlərin, həm də pasiyentlərin maraqlarını qorumağa davam edəcəyik. Bununla belə, konkret plan və ya öhdəliklərin rəsmi şəkildə tətbiq edilməsi barədə hər hansı qərar qəbul edilməyib. Hazırda məsələ yalnız müzakirə və təklif mərhələsindədir. TƏBİB rəhbərliyinin iştirakı ilə bu gün bir qrup həkim-stomatoloqla müzakirələr aparılıb".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
22 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ