İnsanlara hürriyət, millətlərə istiqlal!

Teatrın aktrisası Mehriban Ələkbərzadənin ünvanına yeni ittihamlar səsləndirdi

Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Münəvvər Əliyeva teatrın bədii rəhbəri Mehriban Ələkbərzadənin ünvanına yeni ittihamlar səsləndirib.

Münəvvər Əliyeva bu sözləri qeyd edib:

“Teatr mərhəmətin, sevginin, sədaqətin, dürüstlüyün, əxlaqın, insansevərliyin təbliğ olunduğu məkandır. Bura mənəviyyat və mədəniyyət ocağıdır. Bütün bu dəyərlər tamaşaçıya aktyorların və aktrisaların ifası ilə çatdırılır. Teatra cəllad kimi, əlində balta ilə girmək olmaz, bura meşə deyil. Teatr meşə qanunları ilə idarə olunmur.

Bir tərəfdən məzlumların həyatını səhnələşdirib, digər tərəfdən həmin məzlumları əzmək, “doğramaq”, “kəsmək” ifadələrindən istifadə etmək, teatrı dağıdıcı qüvvə ilə idarə etməyə çalışmaq yolverilməzdir. Bu ifadələr cəngəlliklərə aiddir, ana teatrın rəhbərinin leksikonunda ola bilməz. Biz sizin leksikonunuzda hansı sözlərin olduğunu kollektiv olaraq çox yaxşı bilirik... İnsanlar kilsəyə, məscidə, sinaqoqa getdiyi kimi, teatra da daxili təmizlənmə üçün gəlirlər. Bu məkan mənəvi şəfa yeridir.

Belə bir yerdə hər şey təmiz olmalıdır, xüsusən də onu idarə edən şəxsin iç dünyası.

Dövlətimiz bu sənət adamlarını qiymətləndirir, onlara fəxri adlar verir, imkan daxilində evlə təmin edir. Dövlət bu qədər dəyər verirsə, bir məmur olaraq hansı haqla əlinizə “balta” alıb onları kəsirsiz?

Görmüsünüzmü, bir dirijor simfonik orkestri necə idarə edir? Nazik bir çubuqla yüzlərlə musiqiçini bir can, bir ruh halına gətirir. Siz, Mehriban Ələkbərzadə, bir dirijor çubuğunun sahib olduğu idarəetmə gücünə belə yiyə çıxa bilmədiniz ki, hər xırda anlaşılmazlıqda aktyoru “kəsməyi”, “atmağı” seçdiniz?..”

Qeyd edək ki, Əməkdar artistlər Münəvvər Əliyeva, Mehriban Xanlarov və Məsmə Aslanqızı teatrın bədii rəhbəri Mehriban Ələkbərzadədən şikayətçidirlər. Onlar vaxtaşırı mediada teatrın bədii rəhbərindən narazılıqlarını bildirirlər./Teleqraf.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

21 May 2025

BÜTÜN XƏBƏRLƏR