Onlayn ictimai-siyasi qəzet
Dövlət Yanacaq Komitəsinin keçmiş sədri, Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin sabiq rəisi, YAP-ın Səbail rayon təşkilatının idarə heyətinin sabiq üzvü Rizvan Vahabovun adı daha bir əmlak qalmaqalına qarışıb.
Musavat.com xəbər verir ki, onun qanunsuz, cinayətə bərabər hərəkətləri barədə sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli prezident İlham Əliyevə məktub ünvanlayıb.
Qabil Hüseynli məktubunda ona mərhum prezident Heydər Əliyevin göstərişi əsasında ayrılan və Badamdar qəsəbəsində yerləşən torpaq sahəsini Rizvan Vahabovun zəbt etdiyini qeyd edir. Məktub müəllifi ölkə başçısından xahiş edir ki, ona qarşı törədilən, əmlakının qəsbi ilə müşayiət olunan cinayətlə bağlı qanuni tədbir görülsün.
“O zaman dövlət müşaviri olanda ev növbəsinə dayanmışdım. Belə qayda vardı ki, ev növbəsindən imtina edənlərə əvəzində torpaq sahəsi verirdilər ki, ev tiksin. Mən, Bəxtiyar Vahabzadə, akademik Nizami Süleymanov mərhum Heydər Əliyevə müraciət etdik. Göstəriş verildi, üçümüzə də Badamdarda torpaq sahələri ayrıldı. Hərəmizə 6 sot torpaq verildi. Mən də mişar daşı ilə ərazini hasarlatdım, darvaza qoydum, balaca bir ev tikdim. Qonşularla birgə ortaq olaraq kanalizasiya sistemi, su, işıq, qaz xətləri çəkdirdik. Bir neçə il sonra qonşular məlumat verdilər ki, torpaq sahəm zəbt olunub. Araşdırdım, məlum oldu ki, torpağı zəbt edən o zaman Yanacaq Komitəsinin sədri olan Rizvan Vahabovdur. Rizvan Vahabov torpağıma verilən sərəncam olduğu halda mənim torpağıma saxta bir sərəncam aldı. Mən o zaman Səbayel İcra Hakimiyyətinə müraciət etdim. İcra başçısı dedi ki, bu, mənim səlahiyyətimdə deyil, bu məsələlərə bələdiyyələr baxır. Bələdiyyələr də şikayətimə baxmadı. Mənə qarşı törədilən cinayətlə bağlı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə şikayət yazdım. Cavab verdilər ki, araşdırırlar, amma yenə də araşdırmadılar”.
Qabil Hüseynli deyir ki, Rizvan Vahabovun qanunsuz əməlindən məhkəməyə müraciət etməyib: “Bu gün mənim torpağımda Rizvan Vahabov tərəfindən qoyulan gözətçi öz ailəsi ilə bərabər yaşayır. Mən torpağım zəbt ediləndən sonra məhkəməyə müraciət etmək haqda düşündüm. Lakin Rizvan Vahabovun əlaqələrini, məhkəmələrə təzyiq etmək imkanlarını nəzərə alıb, bundan vaz keçdim. Çünki o, pullu adamdır, məhkəmələrdə məni uduzdura bilər. Bununla belə torpaq sahəsinin mənə ayrılması haqda sərəncam bu gün də əlimdədir. Ona görə də ölkə başçısına müraciət edib, qanunsuzluğa son qoyulmasını xahiş etmişəm”
Qeyd edək ki, Rizvan Vahabovun adı əvvəllər də mülk zəbt etməkdə hallanıb. Bakının Murtuza Muxtarov 145 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrini və mənzilləri alan vətəndaşların mülkləri Rizvan Vahabov tərəfindən əllərindən alınmışdı. Vətəndaşlar Sevinc Rəcəbova, Təranə Hüseynova, Anar Əsədov, Vüsalə Xamıyeva, Zamiq Əhmədov, Əhliman Alıyev və Adil Kazımov redaksiyamıza müraciət edərək bildirmişdilər ki, 2011-ci ildə Rizvan Vahabov qayınanası Anna Qoloveşkinanın adından istifadə etməklə, Murtuza Muxtarov 145 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrini və mənzilləri əllərindən almağa çalışır. Şikayətçilər redaksiyaya R.Vahabovla bağlı olan və ona yönəlik çox ilginc ittihamlar yer alan materiallar təqdim etmişdilər. Rizvan Vahabovun qayınanasının adından edilən cinayət Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılmışdı. Aparılan araşdırma zamanı məlum olmuşdu ki, Rizvan Vahabovun 80 yaşlı qayınanasının məhkəmələrə təqdim etdiyi sənədlər saxtadır. Sonradan isə bu əmələ müəmmalı şəkildə hüquqi qiymət verilmədi. Saxta sənədləri hazırlayanlar və sifarişçi həbsə alınmadı. Bu baxımdan sabiq dövlət müşaviri Qabil Hüseynlinin üzləşdiyi qanunsuzluqdan dolayı məhkəməyə müraciət etməməsi anlaşılandır. Rizvan Vahabov etdiyi qanunsuzluqların araşdırılmasının qarşısını ala bilir. Bu işdə onu kimlərin himayəçilik etdiyi və hansı səbəbdən himayəçilik etmələrini də araşdırırıq.
Mövzunu davam etdirəcəyik.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ