Onlayn ictimai-siyasi qəzet
Rusiya rəsmilərinin və diplomatlarının Əfqanıstanda hakimiyyətdə olan Taliban qruplaşmasının rəhbərliyi ilə təmasları illərdir mövcuddur. Kreml yeni bir addıma da hazırlaşır. Rusiya hakimiyyəti Talibanı terrorçu qruplaşma siyahısından çıxarmaq istəyir. Kremlin Talibandan əsas istəyi Rusiya və tərəfdaşları olan Mərkəzi Asiya ölkələrinə təhlükə yaratmamasıdır. Çünki Əfqanıstanda hələ də müxtəlif terrorçu qruplar mövcuddur ki, onlar Mərkəzi Asiya ölkələrinə hücum planlaşdıra bilərlər. Taliban qonşularıyla münasibətlərdə problem istəmir. Ancaq Taliban Əfqanıstanın tamamına da nəzarət edə bilmir.
Bu arada, Talibanın qonşu İran və Pakistanla münasibətlərinə ara-sıra problemlər olur, sərhəddə gərginliklər yaşanır. Son belə gərginlik iyunun 7-də Əfqanıstan-Pakistan sərhədində qeydə alınıb. Pakistan hökumətinin qərarına görə, vizası və pasportu olmayan Əfqanıstan vətəndaşlarına ölkəyə keçid qadağan edilib. Bu əfqanlar arasında etiraza səbəb olub. Əvvəllər pakistanlılar və əfqanlar şəxsiyyət vəsiqələrini göstərərək sərhədi keçirdilər. İndi bu mümkün deyil.
“Çaman” sərhəd məntəqəsində 17 təhlükəsizlik işçisi də daxil olmaqla ən azı 40 nəfər yaralanıb, etirazçılar oturaq aksiyanın liderlərinin həbsindən hiddətlənərək, dərhal azad edilmələrini tələb edərək hökumət binalarına və qurğularına hücum ediblər. İğtişaşlar daha sonra sərhəd şəhəri boyunca yayılıb. Ətrafdakı dükanlar bağlanmaq məcburiyyətində qalıblar. Həbs edilən liderlər hökumətin yalnız etibarlı pasportları və vizası olanların Çaman sərhəd keçidindən keçməsinə icazə vermək qərarına qarşı Çamanda aylarla davam edən oturma aksiyasının bir hissəsi idi. Pakistan rəsmilərinin sözlərinə görə, etirazçılar milli magistral da daxil olmaqla, əsas yolları bağlamağa çalışarkən qarşıdurmalar başlayıb və barrikadalarla nəqliyyatın hərəkətini pozublar. Daha sonra nəqliyyatın hərəkəti bərpa edilib. Nümayişçilər rabitə sistemlərini də sıradan çıxararaq enerji təchizatını kəsməyə cəhd ediblər. Nümayişçilərə qarşı rezin güllələrdən istifadə edilib. Polis və nümayişçilər arasında yaralananlar olub. Məsələyə bölgə ağsaqqalları qarışmaları olublar, danışıqlar nəticəsində vəziyyəti normallaşdırmaq mümkün olub. Buna baxmayaraq, etirazçılar həbs edilənlərin tamamının azadlığa buraxılmasını tələb ediblər.
İki ölkə arasında sərhəddə gərginlik müvəqqəti azalsa da, bu, problemin köklü həllini yaxınlaşdırmayıb. Pakistan hökuməti ötən ilin noyabr ayında ölkə ərazisində sənədi olmayan əfqanların deportasiyasına qərar verib. Əvvəlcə Pakistan ərazisində kiçik cinayətlərə görə həbs olunan əfqanların deportasiya olunub. Pakistanda 400 mindən çox qanunsuz əfqan mühacir müəyyən edilib. Ümumiyyətlə son 40 ildə Əfqanıstandan Pakistana 4 milyondan çox qaçqın gəlib ki, onların da 1,7 milyonunun ölkədə yaşamaq üçün sənədi yoxdur.
“Atlas” Araşdırmalar Mərkəzi
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ