İnsanlara hürriyət, millətlərə istiqlal!

Suyun yaddaşı haqda

“Hər göldən bir qurbağa, Göygöldən min qurbağa”

(Azərbaycan ata sözü)

Öncə kənddə ekoloji durumun əla olduğu qeyd edildi, lakin rəhbərlik tənqid edəndən sonra problemlər etiraf olundu. Bunu necə anlamaq lazımdır? Kefiniz istəyən kimi. Bir az da bizim el adətimizdir. Molla Nəsrəddinin söhbətini xatırlayarsınız: “Sən də düz deyirsən, o da, elə mən də”. Ağsaqqallıq əslində budur.

Ağsaqqal dedim yadıma düşdü, bizdə Ramiz Mehdiyevin yeri görünür. Çox işləri yerbəyer eləyərdi, indi eləməsin. Bu temada bir pritça da var. Deyir bir gün kənd yerində gəlin çuvaldan un götürməliymiş, tərslikdən çuvalı evin dirəyinin arxasına qoyublarmış. İki əlini dirəyin yanlarından salır çuvala, unu ovuclayır, geri çəkəndə dirək imkan vermir. Ağsaqqalları məsləhətə çağırırlar. Biri deyir gəlinin əlini kəsək, ikincisi deyir dirəyi kəsək. Uzun müzakirədən sonra ikinci ağsaqqal deyəni eləyirlər, dirəyi kəsirlər, ev uçur, gəlini bir təhər xarabanın altından çıxarırlar. Sonra ağsaqqala pay-pürüş verib minnətdarlıqla yola salırlar, lakin baxırlar kişi gedə-gedə ağlayır, gözündən qanlı yaşlar sel olubdur. Camaat narahat olur, deyir, ağsaqqal, niyə ağlayırsan. Ağsaqqal deyir: “Ona ağlayıram ki, mən öləndən sonra sizin halınız necə olacaqdır”.

Bu arada fürsət düşmüşkən bütün Biləcəri camaatına əbədi deputatımız Madər müəllimin rəhmətə getməsi münasibətilə dərin hüznlə başsağlığı verirəm. Görəsən, bizim halımız necə olacaq? Yəqin növbəti seçkilərdə deputatımız heç olmazsa şəklini divara yapışdırar, görəndə tanıyarıq.

Böyüyünü itirmək çox pis şeydir. Deyir Allahsız yerdə otur, böyüksüz yerdə oturma. Böyüyə hörmət qoymayan, böyürə-böyürə qalar. Kiçiyinə bax söz danış, böyüyünə bax qız danış. Nəsə, müdrik fikirlər çoxdur, hamısını yazsam sabaha nağıl qalmaz.

Kəndlilərin, nazirlərin, şirkətlərin, polislərin... uzun sözün qısası, hər kəsin həm haqlı, həm suçlu olduğu fani dünyamızda şair görün bunu necə uzaqgörənliklə təsvir etmişdir: “Hamı günahkardır dünyada, amma Dünyada heç kəsin günahı yoxdur”. Təklif edirəm bu münasibətlə şairə seysmik zonadan təzə ev verilsin. Yəqin köhnələri işlədib qurtarmış olar.

Əslində dünyada nə günah var, nə savab. Vəziyyət var. Nə zəhər var, nə dərman. Doza var. Nə doğru var, nə yalan. Zəmanə var. İnsan var. Dahi yapon yazıçısı Akutaqava Rünoske “Cəngəllikdə” adlı ünlü  hekayəsində bu vəziyyəti yaxşı təsvir etmişdir. Oxuyanlar oxumayanlara danışsın, biz getdik, yerimiz azdır. Hərfləri yaddan çıxaranlar isə əsər əsasında başqa yapon Akira Kurosavanın çəkdiyi “Rasömon” filminə baxsın. 

Bu saat Bakıda cürbəcür içməli sular satılır. Qabın üstündə də adətən yazırlar “bulaq suyu”. Zəhmətkeşlərimiz isə etiraz edir, donquldanır: “Krantdan doldurulmuş suyu bizə bulaq suyu adıyla satan yaramazlara ar olsun”. Halbuki dərindən düşünsən burada heç bir yalan, fırıldaq yoxdur. Çünki bütün sular bulaq suyudur (ya da “bulaq suyu olub”). O cümlədən Bakıda krantdan açıb əl-üzümüzü yuduğumuz, çimdiyimiz sular əvvəlcə yeraltı bulaqlardan çıxıblar, çaylara tökülüblər, ordan su anbarlarına yığılıblar və sairə.

Su demişkən, su mövzusunda bir geniş yayılmış cəfəngiyyata da münasibətimi bildirmək istəyirəm. Bəzi saxta “elmi” mənbələrdə guya suyun yaddaşı olması qeyd olunur. Hətta guya belə eksperiment aparıblar: iki qaba eyni sudan töküb başqa otaqlara yerləşdiriblər. Birinin yanında söyüş-qarğış işlədiblər, o biri otaqda isə xoş sözlər danışıblar. Nəticədə pis sözlər danışılan su “ölü su”ya çevrilib, dibinə tökdükləri çiçəklər quruyub və sairə. Bu əhvalat bütünlüklə gopdur, heç bir elmə əsaslanmır, biləsiniz. Getdik gölün qırağında söyüş söydük, qızıl azaldı...

Suyun yaddaşı yoxdur. Su təmiz, çirkli, minerallı, distillə edilmiş, buxar, buz, maye, bulud şəklində olar, yaddaşı olmaz... Yox əşi, bir vedrə suyun yaddaşı, görəsən, neçə meqabaytdır?

Yeganə yaddaşı olan canlı insandır, o da hamısı yox. Elə insan var suyu çoxdur. Elələrinə millətimiz “canısulu” deyir. Maraqlıdır ki, insan qocalıb müdrikləşdikcə suyu azalır.

Sözü ona gətirirəm ki, gəlin ana təbiəti qoruyaq, hamımız ora qayıdasıyıq.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR