Onlayn ictimai-siyasi qəzet
“Suya versin bağiban gülzarı, zəhmət çəkməsin,
Bir gül açılmaz üzün tək, versə min gülzarə su".
(Füzuli)
Qarğıdalı alıb dənizə yaxın oturun, təzə xəbər var: Rusiyanın ölkəmizdəki növbəti təsir agenti aşkar edilib, bu, sayın (bəlkə də uvajayemiy yazmaq məntiqlidir) Oqtay Əsədov imiş. Bu haqda sensasion informasiyanı Day.az saytı ortaya çıxarmışdır.
Beləliklə, “niyə qanunlarımız işlək deyil, niyə su tapılmır” tipli sualların cavabı aydın oldu. Axı hörmətli Oqtay müəllim qabaqlar uzun müddət su idarəsinin və parlamentonun müdiri işləmişdir. Ax, ax... Qəsdən dövlətçiliyə zərbə vurur, Putinin dəyirmanına su axıdırmış.
Onun bədnam əməlləri üzündən bu yay da jurnalistlər fısıldayan krantları, quru çaynikləri, mikrorayonun, Yeni Günəşlinin qızlar bulağından səhəngdə su daşıyan sərvi boylu gözəlləri nümayiş etdirirdi. Üstəlik, işin dini motivləri də öz-özünə yaranmışdı, Aşura günlərində təşnə könlümüzü sızıldadır, qədim əhvalatı canlı şəkildə yaşayırdıq.
Bir vətəndaşın efirdə söylədiyi bu cümlə isə xüsusi diqqətimi çəkdi: “Əl-üzümüzü yumağa su tapmırıq”. Niyə yuyursan ki? Qoy üzündəki vətən təravəti itməsin. Əsas Oqtay müəllimin əl-üzünü yumaqdır. Bunu vaxtında bacarmışıqsa, xoşbəxtliyin düsturunu kəşf etmişik. (Son cümlədə məni isti vurduğu üçün ağzıma gələni yazdım, üzrlü sayın). Əlbəttə, deyilə bilər ki, Oqtay müəllim çoxdan çıxarılıb, bəs su niyə gəlmir? O cümlədən qanunlar artıq qüvvəyə minməli idi, lakin hələ də qüvvə qanunları minir. Ancaq məsələ belə sadə olsaydı nə vardı? 200 illik Rusiya imperiyasının agentlərini 2 ilə, lap elə 20 ilə təmizləmək istəyirsiniz?
Yavaş-yavaş, inşallah, düzələcək. Artıq bunun əlamətləri hiss edilir. Məsələn, Səbayel parkının girişində yolda balaca deşik əmələ gəlibmiş. İki dəfə ora hansısa qadın düşüb ayağını sındırıbmış. (Ya da iki ayrı-ayrı qadın düşüb - xəbəri hazırlayanın ana dili savadı deşiyə düşdüyü üçün bunu dəqiq qana bilmədik). Problem əlaqədar orqanlara çatdırılan kimi deşiyi yamayıb, üzərinə hələ çınqıl tökmüşlər. Artıq Bakıda başqa qalaktikalara açılan qara dəliklərdən biri aradan qalxıb.
Ola bilsin, uzaylılar da həmin deşikdən bizə qonaq gələcəkdi, qəzetdə uzaylıların səfəri barədə xəbər verilibdir. Lakin uçan boşqablara tökməyə əlavə suyumuz yoxdur, zəhmət olmasa, yayda gəlməsinlər. Atalar demişkən, qonaq əzizdir, tərbiyəsi özündən əzizdir. Əvvəl evin vannası, sonra boşqabın içi. Qızı ver uzaylıya, qalar evdə, ya jurnalistə gedər, ya Rusiyanın təsir agentinə. Belə müdrik kəlamlarımız çoxdur, hamısını indi yazsam, növbəti dəfə köşə quruyar.
Halbuki Oqtay müəllim vəzifədə qalsaydı, o deşiyə çınqıl doldurmağa, durbaya paz çalmağa adam tapılmazdı.
Bu cür əməli fəaliyət başqa sahələrdə də özünü göstərir. Həmin yazıda Rusiyanın daha bir agentinin Əbülfəs Qarayev olduğunu yazmışdılar. (Əbülfəs müəllim indiyəcən bir neçə dəfə ifşa olunub, hətta bir dəfə gizli parolu ələ keçməmək üçün yemişdi, ona görə çox sensasion deyildir). Həqiqətən, Əbülfəs müəllim bizim mədəniyyət nazirimiz işləyəndə Moskvada balıq, xərçəng alveri ilə də məşğul olurdu. Burada istər-istəməz məşhur təmsil yada düşür. Orada balıq arabanı suya, xərçəng quruya, ördək havaya dartırdı, nəticədə andır tərpənmirdi. Abbas Səhhət Krılovun həmin təmsilini belə tərcümə etmişdir: “Ördəyin meyli göyə uçmaq idi, Balığın qəsdi suya qaçmaq idi”. Krılovun rus olduğunu, bizim əhvalatda ördəyin çatışmadığını görürük, deməli, Qarayev günahkardır. Onun mədəniyyət sahəsində pis fəaliyəti üzündən təzəlikcə bir aktyor corab satırdı. Mədəniyyət İncəsənət Universitetinin saytında isə uzun illər Mədəniyyət Nazirliyində şöbə müdiri çalışmış Əliqismət müəllimin ismi-şərifini “Elizabet” kimi yazmışdılar.
Əlbəttə, corab satmaq ayıb deyil, ayıb vətəni satmaqdır! Yazını da elə bu nikbin notlarla bitirirəm. Həqiqətən Putin inquşları heç vecinə almır.
31 Iyul 2025
30 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ