Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, 31 may – 3 iyun tarixlərində ölkəmizdə “Rəqəmsal yaradıcı həftəsonu” (Digital Creative Weekend) layihəsi həyata keçirilib.
Musavat.com xəbər verir ki, layihə çərçivəsində iyunun 3-də Mədəniyyət Nazirliyinin dəstəyi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO və “New Space Open Innovation”un əməkdaşlığı ilə Şuşa Hotel-Konqres Mərkəzində Beynəlxalq Sahibkarlar Forumu təşkil edilib.
Əvvəlcə ICESCO baş direktorunun elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif, Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev açılış nitqi söyləyiblər.
Daha sonra "Science Europe"nin baş katibi Lidia Borrell-Damianın videoçıxışı dinlənilib.
Çıxışlardan sonra forum işini panel sessiyalarla davam etdirib.
ICESCO baş direktorunun müşaviri Məhəmməd Şərifin moderatorluğu ilə gerçəkləşən yüksək səviyyəli panel sessiya “Startapların və gələcək inklüziv texnologiyaların önəmi” mövzusuna həsr olunub.
Kənd Təsərrüfatı İnkişaf Təşkilatının (AOAD) əməkdaşı professor Osama Rayis Afrika ölkələrinin fermer təsərrüfatı sahəsindəki problemlərindən danışıb.
Liviya Baş nazirinin keçmiş müavini, sahibkarlıq üzrə böyük məsləhətçi Məhəmməd Əhməd Ələsvad çıxışında sahibkarlıq sahəsindəki boşluqlara toxunub.
Panel sessiyada videoformatda çıxış edən Kosmos Fondunun əməliyyatlar üzrə baş direktoru Shelli Brunswick kosmonavtika sahəsi ilə bağlı öz təcrübələrini bölüşüb.
Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov startap sahəsinin genişləndirilməsinin vacibliyindən danışıb. Bildirib ki, innovasiya sahəsində ən vacib amil odur ki, maraqlı ideya bir ölkədə yaradılsa belə, qısa müddətdə daha böyük kütləyə, coğrafiyaya çıxış əldə etsin. Bu halda həmin startap uğurlu ola bilər.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev startapın ilk növbədə layihə səviyyəsinə qalxmalı olduğunu bildirib.
“Biz sahibkarlıq, startaplar, investisiya qoyuluşu ilə bağlı təcrübələrimizi digər ölkələrlə paylaşa bilərik”, – deyə rektor əlavə edib.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ