İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şuşa İli”ndə, Laçın yolunda vurulan akkord! - Putin Volkova bu əmri verəcək...

Rus analitikinin fikrincə, Kreml rəhbərinin tapşırığı ilə silahlı ermənilər rədd ediləcək, aksiya dördüncü gününə keçir; ekspertlər mümkün gedişatı təxmin edirlər

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda aksiyanı davam etdirir. “Yeni Müsavat” xəbər verir ki, aksiya iştirakçılarının sayı günbəgün artır.

Dekabrın 14-də aksiya keçirilən əraziyə böyük Azərbaycan Bayrağı gətirilib. Etirazçılar tələb irəli sürərək bildiriblər ki, təbii sərvətlərin qanunsuz istismarı və daşınmasına son qoyulmalı, Rusiya sülhməramlıları buna nəzarət etmədiyi üçün onların olduğu bütün postlarda xidmət Azərbaycanın aidiyyəti dövlət qurumları ilə birgə təşkil edilməlidir. Aksiya iştirakçıları, həmçinin “Ekoloji terrora son!”, “Mina terroruna son!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!” şüarları səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.

Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları Qarabağ ermənilərinə məxsus mülki və tibbi yardım maşınların keçidinə şərait yaratmağa hazır olduqlarını bildiriblər. Etirazçıların sayı getdikcə artsa da, hələlik “qırılma nöqtəsi”nin nə vaxt olacağı bilinmir. Rəsmi Moskva isə belə görünür, qərar verməyə tələsmir. Yaxud Laçın yolunda qəfil “yaxalandığı” üçün tələsik qərarlardan ehtiyatlanır. 

Gözlənildiyi kimi, erməni tərəfi budəfəki dinc və qanuni aksiyamızı da dünya ictimaiyyətinə öz bildikləri kimi, “genosid piyi” qatmaqla, saxta məzmunda təqdim edir. Hətta oyuncaq rejimin oyuncaq “parlamenti” klassik erməni sırtıqlığı ilə əlüstü BMT Təhlükəsizlik Şurasına (TŞ) məsələnin təcili müzakirəsi üçün müraciət də edib. O BMT TŞ ki, onun Qarabağa dair 4 məlum qətnaməsinə ermənilər burunlarını silmişdilər. İndi nə oldu, BMT yada düşdü?

Əslində Laçın yolunda heç bir humanitar problemdən və ya fəlakətdən söhbət gedə bilməz. Çünki yolu etirazçılar, çadırlar yox (!), faktiki rus hərbçiləri bağlayıb, buna lüzum olmaya-olmaya. Hətta aksiya iştirakçıları insanpərvərlik göstərərək, Xankəndidəki erməni əsilli Azərbaycan vətəndaşlarına müraciətlə ağır xəstə olanların nəqlinə yardımçı olmağa hazır olduqlarını bildiriblər. Müraciət üçün konkret telefon nömrəsi qoyublar. Əlbəttə, reallığı, o sırada yalanlara vərdiş eləmiş erməni xislətini vicdanlı xarici siyasi müşahidəçilər də gözəl bilir.

“Azərbaycanlı fəalların Xankəndi ətrafında aksiyası rus sülhməramlı kontingentinə qarşı deyil, öz qanunsuz silahlı birləşmələrini hələ də Qarabağ ərazisindən çıxarmayan ermənilərin təxribatlarına qarşıdır”.

Rusiyalı politoloq Oleq Kuznetsov Azərbaycan MEDİASINI HƏDƏLƏDİ - FOTO +  ÖZƏL | KONKRET

Oleq Kuznetsov

Bu sözləri isə rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov Axar.az-a deyib. “Hər bir sülhməramlı əməliyyat təkcə hərbi deyil, həm də hərbi-siyasi xarakter daşıyır. Buna görə də istənilən vəziyyətə reaksiya eyni anda iki xətt üzrə əlaqələndirilir. Kontingent komandiri və onun tabeliyində olanlar peşəkar olduqları üçün ordu direktivləri ilə deyil, ilk növbədə siyasi göstərişləri rəhbər tuturlar. Yaxın vaxtlarda Kremldən yeni tapşırıq gələcək - erməni millətindən olan bütün silahlı şəxslərin Qarabağ ərazisindən çıxarılmasına dair. Bunu rus sülhməramlılar həyata keçirəcək”, - deyə analitik qeyd edib. Kuznetsova görə, yaranmış durumda Rusiya ilə Azərbaycan arasında münasibətlərdə təxribat yaratmağa var gücü ilə çalışan ermənilərin cəhdlərindən də danışmaq vacibdir: “Biz bu təxribatları həm Qarabağda, həm də Rusiya ərazisində müşahidə edirik. Sülhməramlıların Qarabağdakı əsas missiyası bu ərazidə ermənilərlə azərbaycanlılar arasında qanlı toqquşmanın qarşısını almaqdır. Şübhəsiz ki, sülhməramlıların rəhbərliyi ermənilərin mümkün təxribatlarını nəzərə alaraq, hələ də azərbaycanlı ekoloqların bu ərazilərdə fəaliyyətlə məşğul olmasına imkan vermir. Düşünürəm ki, onlar əvvəlcə Qarabağ ərazisində gizlənən erməni qanunsuz silahlı birləşmələri təmizləyəcək, sonra isə Bakının ekoloji missiyaları fəaliyyətə başlayacaq”.

Bu arada, Qarabağdakı erməni separatçılarının lideri, müharibə canisi Araik Arutyunyan Qarabağa qayıda bilmir. Bunun səbəbi Ermənistanla Xankəndini bağlayan şərti adı Laçın dəhlizi olan yolun bağlı olmasıdır. Qarabağa, Xankəndinə də Ermənistandan bütün gəlişlər dayandırılıb. İddialara görə, bu səbəbdən də Fransa səfərindən geri qayıdan Araik Arutyunyan Xankəndidəki separatçı yuvaya qayıda bilmir. Bu iddia rəsmi qaynaqdan yayılmayıb. Lakin tamamilə məntiqli göründüyü üçün onun müzakirəyə çıxarılmasına qərar verdik. Qarabağ separatçılarının qondarma “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyan deyib ki, hazırda Xankəndidə bir nömrəli problem yanacaqla - benzin və neft məhsullarının çatışmazlığı ilə bağlıdır. O, Qarabağ ermənilərini qənaət etməyə çağırıb: “Bu vəziyyətin nə qədər davam edəcəyini, yanacağı çatdırmaq üçün nə qədər vaxt lazım olacağını bilmirik. Ona görə də biz hamı üçün qənaət tətbiq etdik”, - Ruben Vardanyan bildirib. Erməni milyarder deyib ki, bütün tərəflər üçün məqbul olarsa, qondarma “Artsax” danışıqlara hazırdır. “Biz Rusiya sülhməramlılarının üzləşdiyi problemləri yaxşı bilirik, lakin yolun açıq olmasını təkid edirik. Digər tərəfdən, vəziyyət çox gərgindir və mən sizi bir daha təxribatlara, şayiələrə uymamağa çağırıram. Vəziyyəti öz xeyrimizə həll etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə Ruben Vardanyan Qarabağ ermənilərinə söz verib.

Rusiyalı ekspertin gözləntisini azərbaycanlı ekspertlər də bölüşürmü? “Şuşa İli”nin tamamında Putin Volkova hansı əmri verəcək?

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, bizə mane olan Rusiya Prezidenti Vladimir Putindir: “O, Azərbaycanın Qarabağda suverenliyinin bərpasını istəmir. General Volkov əmr quludur. O, bu saat telefonun başında oturub Moskvadan təlimat gözləyir ki, yolda çadır quran azərbaycanlı vətəndaş fəallarına qarşı hansı tədbirləri görsün və ya görməsin. Putin anlayır ki, vəziyyət qəlizdir və elə buna görə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib, nəbz yoxlaması həyata keçirib. Rusiya hərbi kontingenti və erməni separatçılar üçün iki illik rahat həyat bitib, bundan sonra yoldan kefləri istədikləri kimi istifadə edə bilməyəcəklərini anlayıblar. Bizi gərgin illər gözləyir”.

Ekspert hesab edir ki, monitorinqə icazə verilməyəcəyi halda Ermənistanla Qarabağı birləşdirən yol bağlı qalacaq: “Belə olan halda müxtəlif ssenariləri, o cümlədən qarşı tərəfin hansı təxribatlara əl atacağını proqnozlaşdırmaq məcburiyyətindəyik. Bunlardan biri erməni lobbisinin müharibə günlərində olduğu kimi bir neçə ölkədə Azərbaycan səfirlikləri qarşısında növbəti təxribatlara hazırlıq planları ola bilər. Fransa və ABŞ-dakı səfirliklərimizin təhlükəsizlik tədbirlərinin artırılmasına ehtiyac yarana bilər”.

Ermənistan Azərbaycanın yeni hərbi əməliyyatlar keçirməsinə zəmin yaradır"  - ZAUR MƏMMƏDOV

Zaur Məmmədov

Siyasi ekspert Zaur Məmmədov hesab edir ki, Vardanyan Qarabağı tərk etməlidir: “Onun qanunsuz şəkildə Xankəndinə gəlməsi və Azərbaycanla bağlı açıqlamaları sülh prosesinə zərər gətirir. Əgər aidiyyəti aktorlar Vardanyanı və hərbi birləşmələri oradan çıxarmasalar yeni hərbi əməliyyatlar labüd olacaq. Əlbəttə, başa düşürük ki, onu ora gətirməyin əsas məqsədi yerli əhali ilə Bakı arasında danışıqların baş tutmasına mane olmaq idi. Həmin dairələr məqsədlərinə çatdılar. Vardanyan həm də Qərbdə təsir imkanlarına malikdir. Separatçılar Vardanyanın simasında beynəlxalq dairələrlə münasibətlərini legitimləşdirmək istəyirlər".

Asif Nərimanlı: "Avropanı “qazla boğmaq” və..."

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Rusiya məsələni diplomatik kanallarla həll etmək niyyətindədir və istisna deyil ki, bunun üçün Bakıya müəyyən təzyiqlər də edilib, hərçənd prosesin davam etməsi nəticə əldə etmədiklərini deməyə əsas verir: “Rusiyanın gözləmə mövqeyi həm də "beynəlxalq ictimaiyyətin" Azərbaycana təzyiq edə biləcəyindən qaynaqlanır: ruslar hesab edir ki, ABŞ, Fransa və Avropa İttifaqının çağırış etməsi və “bütün tərəflərin” eyni mövqe sərgiləməsi nəticəsində Bakı geri addım atacaq. İkincisi, Volkovun (Rusiyanın) hazırda nəsə etmək imkanları məhduddur: sülhməramlıların komandanı aksiya iştirakçılarının qarşısına çıxarsa, ya tələbləri icra etməlidir, ya da müdaxilə əmri verməlidir və ruslar indi bunun heç birini edə bilmir. Bu baxımdan, Volkovun məsələnin həllinə qədər Xocalıda yerləşən qərargahından çıxacağı ehtimalı azdır. O da istisna deyil ki, Rusiya proseslərin sonunda Volkovu geri çağıracaq".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR