İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyadan gətirilən uşaqların sonrakı taleyi: hətta nənə-babaları imtina edirlər 

Ekspert: “Həmin uşaq və yeniyetmələr hansısa qruplaşmaların, sektorların içərisində olublarsa...”

Məlum olduğu kimi, dövlət qurumlarından ibarət nümayəndə heyətinin müşayiəti ilə noyabrın 24-də 13-ü uşaq, 3-ü qadın olmaqla, Suriyadan 16 nəfərin ölkəmizə repatriasiyası həyata keçirilib. İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam olunub, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin edilib. Qeyd edək ki, bu günədək İraq və Suriyadan 380 uşaq və 29 qadın olmaqla, cəmi 409 nəfər vətəndaşımızın Azərbaycana repatriasiyası həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  verilən məlumata görə, qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi istiqamətində Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli tədbirlərin davamı olaraq, həmin şəxslər reabilitasiya proqramına cəlb ediliblər. Onların reabilitasiyası fərdi plan əsasında Sosial Xidmətlər Agentliyinin sosial işçiləri və psixoloqları tərəfindən aparılır. Reabilitasiya və reinteqrasiya tədbirləri aidiyyəti dövlət qurumları ilə birgə əməkdaşlıq şəraitində həyata keçirilir.

Ombudsmanın nümayəndələri isə noyabrın 24-də Suriyadan gətirilən qadın və uşaqlarla görüşüb. Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin şəxslərlə görüşərək, onların vəziyyəti, psixoloji durumu ilə maraqlanıb, reabilitasiyası ilə bağlı tədbirlər barədə məlumat alıb, hüquqlarının təmini vəziyyətini öyrəniblər.

Xatırladaq ki, ötən il Suriya və İraqdan da 69 uşaq, 12 qadının yeri müəyyən olunaraq ölkəyə gətirilib. 2018-ci ildən bəri ümumilikdə 286 nəfəri azyaşlı olmaqla, 288 nəfər Azərbaycana qaytarılıb. Bunlardan 2 nəfəri qadın olub. 2021-ci ildə isə Suriya və İraqdan 81 nəfər Azərbaycana gətirilib.

Maraqlıdır, onların  reabilitasiya və reinteqrasiya prosesi necə aparılmalıdır? Xüsusilə qadınların cəmiyyətə inteqrasiyası, uşaqların məktəblərə cəlb olunması xeyli problemli görünür. Üstəlik, onların bir çoxunun atası qanunsuz silahlı dəstələrin tərkibində vuruşaraq ya həlak olub, ya da həbs edilib ki,  bu da məsələyə kifayət qədər həssas yanaşma tələb edir.

Azad İsazadə: “Məktəblərdə 1-2 psixoloq tapılar, ya tapılmaz, halbuki…”

Azad İsazadə

Mövzu ilə bağlı tanınmış psixoloq Azad İsazadə “Yeni Müsavat”a danışıb: “Həmin qadın və uşaqlarla məşğul olan psixoloqların bəzilərini tanıyıram, deyə bilərəm ki, bu məsələ ilə bağlı çox ciddi şəkildə çalışırlar. Proses təzə başlayıb və  hesab edirəm ki, uzun  çəkəcək. Çünki həmin qadın və uşaqlar uzun müddət ideoloji təsir altına düşüblər.  Yəni burada söhbət psixoloji travmadan getmir, ideoloji təsir altına düşdüklərinə görə psixoloqlar onların ideologiyasına, inamına, dininə toxunmadan real həyata qaytarmağa, interqrasiya  olunmalarına çalışmalıdırlar. Çünki bir kiçik təbliğat başlasa,  onlar dərhal kənarlaşacaq və kontakt pozulacaq. Ona görə də bu işə çox ehtiyatla, yavaş yanaşmaq lazımdır. Hesab edirəm ki, bu mövzu bir müddət yarıqapalı qalsa daha yaxşı olar. Çünki nəticənin nə olacağını, nə baş verəcəyini bilmirik. Bəzi ailələr natamamdır, əksəriyyət uşaqlar yetimdir, bəzən nənə-baba, bibi-xala, əmi-dayı onlara yaxın durmaq istəmir. Həmçinin həmin şəxslər nə qədər hadisələrin canlı şahidi olub. Bir sözlə, bu iş çox mürəkkəbdir və hər kəs onu yerinə yetirə bilməz, bunun üçün xüsusi hazırlıq olmalıdır. Psixoloqların özləri  bəzən bu ağır işin içində ziyan çəkə bilirlər. Ona görə də bir daha qeyd edirəm ki, bacardığımız qədər bu işə ehtiyatlı və mülayim yanaşmalıyıq”.

Psixoloq qeyd edib ki, Suriyadan gətirilmiş uşaqların cəmiyyətə inteqrasiyası mümkündür, o halda ki, reabilitasiya və inteqrasiya prosesi düzgün aparılsın: “Adətən uşaq travma keçirəndə bəzən paradoksal reaksiya verir. Uşaqlar bəzən bizim çox ciddi qəbul etdiyimiz travmaya reaksiya verməyə, amma çox cüzi bir travmaya çox ciddi reaksiya verə bilələr. Ona görə də bu işlə mütləq peşəkar, təlimlər keçmiş uşaq psixoloqu məşğul olmalıdır. Şəxsən mən bu işlə məşğul ola bilmərəm, çünki uşaq psixoloqu deyiləm. Mən və digərləri yalnız ümumi məsələni müzakirə edə bilərik.

Amma qeyd edə bilərəm ki, həmin uşaqlar cəmiyyətə inteqrasiya oluna bilər. Sözsüz ki, hər bir travmanın izi qalır, məsələ o izin patoloji və yaxud normal qalması ilə bağlıdır. Buna bir nümunə deyə bilərəm - hər birimiz yıxılıb, əlimizi sındıra bilərik, sümük yerinə düzgün oturanda həyata tərzimizə davam edirik və bəzən bunu unuduruq. Amma sümük əyri qalanda, bu, ömür boyu həyat tərzimizə təsir edir. İndi  lazımdır ki, biz “sümüyü” düzgün birləşdirək, uşaqların yaşadığı dəhşətlər, faciələr, travmalar onun həyatına çox da təsir etməsin".

Oxu.az - Kəmalə Ağazadə: Donmamaq üçün elektrik şitinin içində ölən uşaqdan  sonra sığınacaq yaratdım - MÜSAHİBƏ

Kəmalə Ağazadə

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə  dedi ki, bu sahədə Sosial Xidmətlər Agentliyi və Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi reabilitasiya proqramı həyata keçirmək üçün hətta Türkiyədən mütəxəssislər dəvət etmişdi: “Sadəcə, bu proqram daha çox Bakı şəhəri və Sumqayıtı əhatə etmişdi. Amma şəxsən mənim üçün də sual olaraq qaldı ki, axı həmin qadın və uşaqların, yeniyetmələrin arasında regiondan olanlar da var idi, bu proqramla regionları da əhatə edə bildilərmi? Hələ də bu suala cavab tapa bilməmişəm. Qeyd edim ki, insan alveri haqda qanunda terror qruplarına cəlb olunan uşaqlar və ya böyük insanlar inteqrasiyadan keçdilərmi? Bununla bağlı Özbəkistan təcrübəsi var. Bu təcrübə onu göstərir ki, uşaqların şirnikləndirilib aparılması məsələsi var. Doğrudur, Özbəkistanda bizə dedilər ki, bu faktlar öz təsdiqini tapmayıb, lakin QHT nümayəndələri  bildirdilər ki, həqiqətən də həmin uşaqların arasında insan alverinin qurbanı kimi tanınanlar da var.  Həmin uşaq və yeniyetmələrlə iş prosesi bir ayın, bir ilin işi deyil, bu proses uzunmüddətli aparılmalıdır. Çünki həmin şəxslər  uzun müddət terrorun, müharibənin içərisində olub. Bu baxımdan hesab edirəm ki, onlarla davamlı olaraq iş aparılmalı  və burada təhlükəsizlik məsələləri ilə bağlı hüquq qurumlarının da rolu danılmazdır”.

 

Kəmalə Ağazadənin sözlərinə görə, yaşadığı travmalar xüsusən də daha çox uşaqların şüuraltına hopduğu üçün həmin travmaları aradan qaldırmaq, onların cəmiyyətə inteqrasiya oluna bilməsi aldıqları reabilitasiya proqramlarından asılıdır: “Belə çıxır ki, burada məsuliyyət birbaşa həmin reabilitasiya keçənlərin üzərinə düşür. Xüsusən də əgər həmin uşaqlar və yeniyetmələr hansısa qruplaşmaların, sektorların içərisində olublarsa, mütləq şəkildə onlar daima nəzarətdə saxlanılmalıdır”.

Xalidə Gəray,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR