Onlayn ictimai-siyasi qəzet
İki qardaş ölkə arasındakı iqtisadi və siyasi əməkdaşlıq modeli bu prosesdə birgə fəaliyyətin effektivliyini artıracaq
Azərbaycan və Türkiyə qardaş ölkə, strateji müttəfiq kimi xarici siyasətini də daim uzlaşdırır. Suriya məsələsində də bunun şahidi oluruq.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərkən həmçinin Suriyada Əsəd rejiminin çökməsindən sonra müsbətə doğru irəliləyiş məmnunluqla qeyd edilib, Suriyanın sosial və iqtisadi inkişafı ilə bağlı birgə səylərin göstərilməsi razılaşdırılıb.
Bu prosesdə Azərbaycanın rolu nədən ibarət ola bilər? Hansı tədbirləri ölkəmiz həyata keçirə bilər?
Azər Badamov
Deputat Azər Badamov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan və Türkiyə qardaş və dost ölkələr olmaqla yanaşı, həm də müttəfiqdirlər: “Bu müttəfiqliyimiz həm də beynəlxalq məsələlərdə eyni mövqedən çıxış etməyimiz və birgə səylərimizlə də nümayiş olunur. Belə ki, Suriyada Əsəd rejiminin devrilməsi Türkiyə və Azərbaycana da yeni imkanlar açır. Çünki Əsəd rejimi ermənipərəstliyi ilə seçilirdi və erməni terrorçu qrupları ilə birgə suriyalılara qarşı qətliamlar və qırğınlar törətmişdi. 5 milyondan çox suriyalı qardaş Türkiyədə sığınacaq tapmışdı. Bəşər Əsədin devrilməsindən sonra isə suriyalılar öz doğma yurdlarına qayıdırlar və yenidən yaşayıb yaratmaqla məşğul olurlar. Suriyada qurulan yeni hökumətin dövlətçilik təcrübəsi yoxdur. Türkiyə isə böyük dövlətçilik təcrübəsinə malikdir. Bu baxımdan Türkiyə həm Suriyada dövlət idarəetmə sisteminin yenidən qurulmasında, həm də dağılmış yaşayış məntəqələrinin, müəssisələrinin bərpasında yaxından iştirak edəcək. Azərbaycan da Türkiyə ilə müttəfiqliyini nümayiş etdirərək Suriyada gedən quruculuq işlərində öz dəstəyini göstərə bilər.
Suriya 2,5 trilyon barel təsdiq olunmuş neft ehtiyatlarına malik olmasına baxmayaraq 2011-ci ildən sonra neft sənayesi məhv olunmuş səviyyədədir. Suriyanın həm də müəyyən qədər qaz ehtiyatları da var. Azərbaycan neft- qaz sahəsində böyük təcrübəsi olan ölkədir. Bu baxımdan Azərbaycanla Türkiyə Suriyanın neft-qaz sektorunun yenidən dirçəldilməsində iştirak edə bilər. Yəni Suriya yenidən qurulduğunda ölkələrimizin bir yerdə Suriyanın inkişafına çoxşaxəli töhfələri ola bilər".
Rəşad Bayramov
Politoloq Rəşad Bayramov hesab edir ki, Azərbaycanın Suriyanın sosial və iqtisadi inkişafında iştirakı bir sıra səbəblərdən olduqca əhəmiyyətlidir: “Birincisi, məlumdur ki, Suriya Bəşər Əsəd rejimi dövründə erməni dəstəkçisi qismində çıxış edərək ayrı-ayrı beynəlxalq platformalarda ölkəmizin Ermənistanla bağlı qətnamə və bəyanatlarını bloklayan mövqe ortaya qoyurdu. İndi ölkəmizin Suriyanın inkişafında bu və ya digər şəkildə iştirakı bu ölkənin yeni hakimiyyəti ilə əlaqələrin inkişaf etdirilməsinə mühüm töhfə verəcək.
İkincisi, Suriya məsələsində Azərbaycanın Türkiyə ilə birgə mövqe ortaya qoyması iki ölkənin strateji müttəfiq olaraq xarici siyasətini uzlaşdırdığının göstəricisidir ki, bu da beynəlxalq rəydə Azərbaycan və Türkiyə arasında olan bağlılığın növbəti dəfə nümayiş etidirilməsi baxımından əhəmiyyətlidir.
Üçüncüsü, Suriyada hər nə qədər dini müxtəliflik olsa da, ölkə əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edir və bu ölkə İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Başqa sözlə desək, Suriyaya verilən dəstək İslam dünyasında mövqelərimizin möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir.
Və ən nəhayət, Suriyada qanı qanımızdan olan türkmən qardaş və bacılarımız var ki, onlara da sosial problemlərin həllində dəstək vermək bizim borcumuzdur.
Müharibədən çıxmış, torpaqlarını işğaldan azad etmiş və Qarabağda misli görülməyən bərpa-quruculuq işləri həyata keçirən ölkə olaraq bizim infrastrukturun, mədəni-tarixi abidələrin bərpası, şəhərsalma, qaçqınların geri qaytarılması ilə bağlı olduqca yaxşı təcrübəmiz var. Odur ki, bu istiqamətdə töhfə vermək imkanlarımız da kifayət qədərdir".
Azər Hüseynov
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov burada Azərbaycanın türkmən amilini nəzərə almasını olduqca vacib sayır: “Mövcud şəraitdə Azərbaycan və Türkiyənin Suriyanın yenidən qurulmasında birgə iştirakı həm reallıq, həm də strateji zərurət kimi qiymətləndirilə bilər. Bu yanaşma, eyni zamanda bəyan edilən Turan perspektiv geosiyasi layihəsi baxımından da böyük əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyəni Suriyaya bağlayan önəmli amillərdən biri isə bu ölkədə yaşayan türkmənlərin varlığıdır. Suriyada türkmənlər ikinci böyük etnik qrup hesab olunur və Əsəd rejiminin çökməsində mühüm rol oynayıblar. Suriya türkmənləri Əsəd rejimi və İran tərəfindən dəstəklənən qüvvələrin ciddi təzyiqlərinə məruz qalıb. Türkmənlər eyni zamanda İŞİD və PYD/YPG kimi silahlı qruplaşmaların hücumlarına qarşı mübarizə aparıblar. 2015-ci ildə Bayırbucaq bölgəsində türkmənlər ağır bombardmanlara məruz qalaraq Türkiyəyə kütləvi şəkildə köç ediblər. Yaxşı olardı ki, Azərbaycan gələcək Suriya siyasətində türkmən amilini nəzərə alsın və onların əsas himayəçilərindən birinə çevrilsin. Bu yanaşma, Azərbaycanın bölgədə yumşaq güc amilini artırmaq üçün strateji bir addım ola bilər. Türkmənlərin yaşadığı bölgələrin yenidən qurulmasında Azərbaycanın iştirakı həm geosiyasi mövqeyini gücləndirəcək, həm də türkdilli xalqlar arasında birlik və həmrəyliyi dərinləşdirəcək. Suriyanın yenidən qurulmasında Azərbaycan-Türkiyə əməkdaşlığı xüsusilə önəmlidir. Azərbaycanın Qarabağda həyata keçirdiyi yenidənqurma işləri bu sahədə dəyərli təcrübə təmin edir. Bu təcrübə Suriyanın dağıdılmış infrastrukturunun bərpasında tətbiq oluna bilər. Digər tərəfdən, Azərbaycan və Türkiyə arasındakı iqtisadi və siyasi əməkdaşlıq modeli bu prosesdə birgə fəaliyyətin effektivliyini artıracaq. Azərbaycanın Türkiyəyə etdiyi sərmayələr və Türkiyənin Azərbaycan Ordusunun qurulmasında göstərdiyi dəstək bu iki ölkə arasında uzunmüddətli strateji əlaqələrin möhkəm əsaslara söykəndiyini göstərir. Suriyada birgə yenidənqurma fəaliyyəti, bu əlaqələrin yeni bir mərhələyə keçməsinə imkan yaradacaqdır. Türkmən bölgələrinin yenidən inşasına xüsusi diqqət yetirilməsi Azərbaycanın beynəlxalq arenada nüfuzunu artıraraq, onu bölgədə sabitliyin əsas təminatçılarından birinə çevirə bilər. Beləliklə, Azərbaycanın türkmənlərin hüquqlarını müdafiə etməsi və onların yaşadığı bölgələrin bərpasına töhfə verməsi həm humanitar, həm də strateji baxımdan vacibdir. Bu, eyni zamanda Azərbaycanın Suriya böhranında müsbət bir rol oynamasına və regionda öz mövqeyini daha da möhkəmləndirməsinə şərait yaradacaq”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ