İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürət həddini endirməyək, yolları qazaq, ya da kəndir ataq

 

Vaxtaşırı belə xəbərlər yayılır ki, filan yolda sürət həddi endirilir, sürücülər diqqətli olsunlar.

Çox vacib, aktual, həyati əhəmiyyətli işdir. Şəxsən bir sürücü olaraq buna etirazım yoxdur.

Başa düşürəm ki, bunu məcburiyyət üzündən edirlər. Yoxsa kim istəyər ki, onun şəhərinin enli prospektlərində nəqliyyat tısbağa sürəti ilə hərəkət etsin.

“Tısbağa sürəti” deyəndə hərfi mənada anlamayın, başqa şəhərlərin prospekt və yollarındakı, avtobanlarındakı sürətlə müqayisədə elə deyirəm. Bizdə təşər-təşər avtoban adlandırdığımız yollarda sürət həddi artıq 60-70-ə endirilib, hökumətin qırımından belə anlaşılır ki, aşağı yeri də var.

Əvvəllər o yollarda sürət həddi 90-110 idi və milli pilotlarımız “ĞORRR” səsi çıxaran avtomobillərdə şütüyüb gedirdilər. Sonra o prospektlərdə bir sıra qanqaraçılıqlar oldu: baş nazirin müavininin nəvəsi 3-4 adamı şil-küt elədi; bir qəpiklik oyunu olmayan məşhur futbolçu iki süpürgəçini yaman günə qoydu; generalın oğlu ağır qəza törədib özünü həlak etdi; Qapalı Səhmdar Cəmiyyətlərdən birinin rəisinin oğlu xalq artistinin ailə üzvlərini qırıb tökdü və sair və ilaxır.

Ondan sonra hökumət gördü ki, sürət həddi yüksək olan prospektlər harınlamış sürət həvəskarları üçün ralli yoluna dönüb, məcbur qaldı ki, sürət həddini endirsin. Yoxsa pullu gənclər içir, çəkir, mərc qoşur, prospektə çıxıb ötüşür, bəzən özlərini, çox zaman isə başqalarını bədbəxt edirdilər.

Bu səbəbdən xalq arasında belə bir qənaət hasil olmuşdu ki, bizə sürətli yol yaraşmır. Bizimki odur ki, yollar yamaq-yamaq, çala-çuxur, kələ-kötür olsun ki, yavaş sürməyə məcbur olaq, mənzil başına salamat çataq.

Məsələn, Ziya Bünyadov prospektində körpülər, yol ötürücüləri tikilən vaxtlarda yol yaman gündəydi, daha doğrusu, yol deyildi, eləcə, istiqamət idi, əvəzində salamatlıq idi. Sonra körpülər, tunellər başa gəldi, yol genişləndi, asfalt yeniləndi və mərəkə başladı. Təzə vaxtlarda elə bir gün olmazdı ki, o yolda ən azı 3 qəza baş verməsin.

Bir də görürdün ki, hadisə yerinə çatmaq istəyən təcili yardım maşını geridən, evakuator öndən gəlir. Arada FHN-nin xilasediciləri də gəlirdi ki, əzilmiş dəmir-dümürü avtogenlə, qaynaq aparatı ilə kəsib, sıxışıb qalmış sürücünü çıxarsınlar. O yol hələ də elədir. Boş yolla getdiyin yerdə görürsən ki, 2-3 kilometrlik tıxac var, dərhal anlayırsan ki, irəlilərdə qəza olub. Çatırsan, görürsən ki, zənnin səni aldatmayıb.

Bu baxımdan enli və hamar yollarda sürət həddinin endirilməsi yaxşıdır, amma bu, problemi həll edəcəkmi? Etməyəcək. And olsun intellektual idarəetmə üsulunu ilk dəfə icad edən adamların canına ki, mümkün olmayacaq.

O endirilən sürət həddi yol hərəkəti iştirakçılarının 2-3 faizini təşkil edən intizamlı sürücülər üçündür. Sürət həddi 15-20 olsa da, onlar riayət edəcəklər. Bu yasaq şütüyüb gedənlərin təkərlərinin şporuna da deyil. Necə istəyrlər, elə də sürürlər.

İşverənlik kimi çıxmasın, Bibiheybət məscidindən ta “Azneft” meydanına qədər uzanan yolda sürət həddinin 60 olmasına baxmayaraq, 5-6 sürücüdən başqa orada 60-70-lə maşın sürən yoxdur, hamı 90-100-lə gedir. Adam öz-özünə pis olur ki, sürət həddinə riayət edir, amma hər saniyə onu 3-4 maşın ötüb keçir, demək, onlar “blatnoy oğlan”dır, sən isə... “Blatnoy”un jarqon antonimini bilirsiniz.

Bir dəfə həmin yolla taksi ilə gedirdik, daha doğrusu, uçurduq. Dedim, qardaş, bu yolda sürət həddi 60-dır. Adam dönüb mənə qıyqacı baxdı, şair demişkən, “heykəl kim dayandı lal, gözlərində min bir sual”, o “bəxtəvər” adamın baxışından oxudum ki, məni sadəlövh sayır. Axırda dedi: “Əmi, nə olsun ki, sürət həddi 60-dır, radar yox, qayı yox, niyə yavaş gedək ki... Çurban-zadıq?”

Yolda o, yeraltı piyada keçidinin üstüylə Bayraq meydanı tərəfə adlamaq istəyən bir qadını az qala vuracaqdı. (Əslində qadında da günah vardı, zalımın qızı, beş metr o tərəfdə yeraltı keçid var, niyə yolun üstüylə keçirsən). Adam qorxdu, rəngi qaçdı, bir az toxtayıb dedi, durduq yerdə zibilə düşmüşdük ey. Dedim, durduq yerdə deyildik, uçan yerdə düşürdük. Razılaşdı, amma 3 saniyədən sonra bildiyi kimi də sürüb getdi.

Dediyim odur ki, bu ölkədə yollarda qəzaların, piyadaların vurulmasının qarşısını almaq üçün sürət həddini endirmək azdır, yolları qazıq-qazıq, çala-çuxur etməliyik, magistralın ortasına hər iki yüz metrdən bir gəmi kəndiri atmalıyıq ki, heç kim sürət yığa bilməsin. Ta ki hamı maşını məsuliyyətlə, adam kimi sürməyi öyrənənə qədər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR