Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə Rafiq Zöhrabov və Sərdar Niftalıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, hər iki müttəhim Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi istintaq tədbirləri zamanı həbs olunublar. Hər iki şəxs kibercinayətkarlıq etməklə dövlət və ictimai xadimlərin adından müraciətlər hazırlamaqda ittiham olunurlar. Prosesdə ittiham aktı elan olunub.
Daha sonra cinayət işi üzrə zərərçəkənlər ifadə veriblər.
Zərərçəkən Aysel Məmmədova bildirib ki, sosial şəbəkədə “Angelina” adlı hesabdan iş təklifi alıb:
“Onlar onlayn platformada alış-veriş təklif edirdilər. Teleqramda qrupları var idi. Mənə kart hesabı atdılar, 2800 manat pul atmağımı istədilər. Bu hesaba ayrı-ayrılıqda 1000, 1000 və 800 manat pul göndərdim. Bu pula məhsul alınacağını demişdilər. Pulu göndərdikdən sonra gec-gec əlaqə saxlamağa başladılar. Mən onlara yazırdım, cavab çox gec gəlirdi. Aldadıldığımı anladım. Buna görə də, "Kapital Bank"a müraciət etdim. Onlar məsələ ilə bağlı polisə şikayət etməyimi məsləhət gördülər. Mən də polisə şikayət etdim”.
Zərərçəkən Novruzlu Şaban bildirib ki, vatsap vasitəsilə ona mesaj gəlib: "Mesajda yazılmışdı ki, onlayn satış etsəniz, pul qazana bilərsiniz. Daha sonra mənim üçün hesab yaradıldı. Məhsul satıldıqca əldə olunan qazancı profil hesabımda görürdüm. Mən də buna inanaraq davam etdim.
Sonra qazancımı çıxarmaq istədim. Vatsapda Bella adlı xanımla əlaqə saxlayırdım. O mənə bildirdi ki, yalnız 1000 manat toplandıqda hesabdan pulu çıxarmaq mümkündür. Mən ümumilikdə 5 müxtəlif bank kartına 11 600 manatdan çox pul göndərmişəm. Platformadan isə ümumilikdə 18 500 manatdan artıq qazanc əldə etməli idim. Aldadıldığımı isə mesajlarıma gec cavab veriləndə anladım. Bellaya pul məsələsi ilə bağlı nəsə yazanda hər dəfə fərqli cavablar verirdi".
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, kibercinayət yolu ilə Azərbaycan Respublikası Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları - “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işi başlanılıb.
Cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilib, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunmuş, qeyd olunan cinayət əməllərinin qarşısı alınmışdır.
Müəyyənləşdirilib ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət edilib, köçürülmüş vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılıb, vəd edilmiş investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilib.
Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirmiş beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları - 1998-ci il təvəllüdlü Zöhrabov Rafiq Mahir oğlu və 1979-cu il təvəllüdlü Niftalıyev Sərdar Əlixan oğlu Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaqın yekununda hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.3.1 (Dələduzluq - mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib.
Məhkəmə prosesi mayın 1-də davam etdiriləcək.
E.MƏMMƏDƏLIYEV,
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ