İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıt Tibb Mərkəzində xidmət sayı artıb

"Sumqayıt Tibb Mərkəzində 2024-cü ilin ilk 5 ayında vətəndaşlara 2 milyondan çox tibbi xidmət göstərilib"

Musavat.com-un məlumatına görə, bunu Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov media-tur zamanı bildirib. Direktor qeyd edib ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində 7 ailə sağlamlıq mərkəzi, 7 xəstəxana, Perinatal Mərkəz və Stomatoloji poliklinika fəaliyyət göstərir:

“Tibb müəssisələrinin işinin daha optimal şəkildə qurulması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür, müəssisələrin fəaliyyətində şəffaflığın artırılması, müasir tibbi texnologiyaların tətbiqi sahəsində addımlar atılır.

2023-cü il ərzində Mərkəz tərəfindən vətəndaşlara 4 milyon 600 minə yaxın xidmət göstərilib. 2024-cü ilin ilk 5 ayında vətəndaşlara 2 milyon 300 minə yaxın xidmət göstərilib. Beləliklə, ötən ilin müvafiq dövrü (1,817,629) ilə müqayisədə xidmət sayı 30 faizə yaxın artıb”.

Mərkəzin direktoru Elnur Azadxanov həmçinin bildirib ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan müəssisələrində tibbi laboratoriyalar müasir standartlara cavab verir:

"TƏBİB tərəfindən həyata keçirilən “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində tibb müəssisələrinin tibbi laboratoriyaları tamamilə yenilənib. Laboratoriyalar beynəlxalq standartlara uyğun olaraq yenidən təsnif edilib və tibb müəssisələrində Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələri fəaliyyətə başlayıb.
Laboratoriyaların fəaliyyəti pre-analitik, analitik və post-analitik mərhələnin tələblərinə uyğun olaraq təşkil edilib, bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb. Belə ki, laboratoriyalar tanınmış xarici şirkətlərin tam avtomatlaşdırılmış biokimyəvi, immunokimyəvi, mikrobioloji, hematoloji, ELISA və s. sistemləri ilə təchiz olunub”.

E.Azadxanov əlavə edib ki, mütəmadi olaraq laboratoriyanın həkim və laborantlarına, qanalma tibb bacılarına müasir nəzəri və praktik təlimlər keçirilib:

“Ambulator və stasionar pasiyentlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil olan laborator xidmətləri tam şəkildə, ən müasir tələblərə və protokollara uyğun olaraq əldə edə bilirlər”.

Direktorun sözlərinə görə, hazırda 1 nömrəli Şəhər Xəstəxanasında və Perinatal Mərkəzdə laboratoriya IV səviyyə, Uşaq Xəstəxanasında III səviyyə, Təcili Tibbi Yardım Xəstəxanasında isə II səviyyə olaraq xidmət göstərir.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR