İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sülhməramlıların Qarabağdan çıxarılması davamlı sülhə gətirə bilər"

ABŞ-da yayımlanan “International Policy Digest” nəşrində sülhrəmamlıların bölgəni tərk etməsindən sonra Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması üçün yeni imkanların yaranmasından bəhs edən məqalə dərc olunub.

Məqalədə 2020-ci ildə əldə edilmiş atəşkəs şərtlərinə əsasən, 1960 rus əsgərinin, yüzlərlə zirehli transportyorun və digər hərbi texnikanın bölgədə yerləşdirildiyi vurğulanıb. Qeyd edilib ki, sülhməramlı kontingentin missiyası 2025-ci ilin noyabrında başa çatmalı olsa da, Rusiya sülhməramlıları bölgədən çıxarıb.

Yazıda Qarabağın beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanındığı diqqətə çatdırılıb. Bildirilib ki, Qarabağ bölgəsi Sovet İttifaqının süqut etdiyi dövrlərdə başlayan Birinci Qarabağ müharibəsindən sonra Ermənistan tərəfindən təxminən otuz il işğal altında saxlanılıb: “Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsində və 2023-cü ilin sentyabrında əraziyə nəzarəti bərpa edib. Altı ay sonra Rusiya Qarabağdan sülhməramlılarını çıxarıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib”.

Məqalədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu barədə AZƏRTAC-a açıqlamasından sitat gətirilib: “2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib”.

Yazıda iki ölkə arasında Alma-Ata Protokolları əsasında sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində əldə olunan razılığın və atılan addımların xüsusilə ümidverici olduğu bildirilib. Həmçinin Zəngəzur dəhlizi haqqında da məlumat verilib, bu məsələnin hələ də həllini tapmadığı vurğulanıb. Qeyd edilib ki, Azərbaycan 2020-ci ildə imzalanmış bəyanatda nəzərdə tutulduğu kimi, Naxçıvanla əlaqəsinin bərpa olunması üçün Ermənistan ərazisində 34 kilometrlik yolun və dəmir yolunun tikintisini dəstəkləyir.

Məqalədə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Almaniyanın “Die Zeit” qəzetinə müsahibəsindən də sitat gətirilib: “Ermənistan təcrid vəziyyətini aşa, tranzit gəlirləri əldə edə və Türkiyə ilə münasibətlərini yaxşılaşdıra bilər”. O, qeyd edib ki, Ermənistan bu təklifi rədd edərsə, Azərbaycan yolu və dəmir yolunu İran vasitəsilə daha cənubda da inşa edə bilər ki, bu da yalnız on kilometr uzun olacaq.

Nəşrdən Azərbaycanın COP29-a ev sahibliyi haqqında da məlumat verilərək bildirilib: “Keçən ilin dekabrında əhəmiyyətli əməkdaşlıq göstəricisi olaraq, Ermənistan Azərbaycanın bu il Bakıda keçiriləcək COP29 tədbirinə ev sahibliyi təklifini dəstəklədi. İki qonşu arasında ilk beynəlxalq dəstək jesti olan bu addım xarici güclər geopolitik maraqlarını güdməkdən əl çəkərsə regionda əməkdaşlığın mümkün olduğunu göstərir”.

Məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: https://intpolicydigest.org/russia-s-withdrawal-from-karabakh-could-lead-to-a-lasting-peace/#google_vignette

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR