İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhməramlıların qanunsuzluğuna parlamentdən sərt reaksiya: “Getsinlər!”

Qarabağdakı sülhməramlı kontingentin qanunsuz davranışları getdikcə artır. Onların separatçılara dəstəyi, təxribatlarına göz yumması, hətta buna həvəsləndirməsi, binalar tikməsi bəlli idi və buna rəsmi səviyyədə etirazlar bildirilib. Amma kontingent bundan nəticə çıxarmaq əvəzinə qanundankənar, təxribat sayıla bilən davranışlarını pik həddə çatdırır.

Söhbət Azərbaycanın toponimlərinin dəyişdirilməsindən, sənədlərdə Qarabağ iqtisadi rayonu əvəzinə “Dağlıq Qarabağ vilayəti”, “Mardakert”, “Martuni” ifadələrinin yazılmasından gedir.

Bu məsələ parlamentin son iclasında müzakirə olunub və deputat, regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Rusiyanın Qarabağdakı hərbi kontingentinin özbaşınalıqlarına sərt reaksiya verib. S.Novruzov bildirib ki, hərbi kontingent üçtərəfli razılaşmaya, həmçinin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu söyləyən prezident Putinə hörmətsizlik edirlər. Komitə sədri bu məsələ ilə bağlı Rusiya Dövlət Dumasına müraciət ediləcəyini söyləyib: “Sülhməramlılar görünür ki, öz prezidentlərinin imzaladığı sənədi saymırlar, hörmətsiz yanaşırlar. Bununla bağlı biz Rusiya Dövlət Dumasının regional məsələlər komitəsinə və Müdafiə Nazirliyinə müraciət edəcəyik. Ermənilər tərəfindən 1000-dən artıq toponimimiz dəyişdirilib. Əgər onlar öz funksiyalarını yerinə yetirə bilmirlərsə, fəaliyyətlərini dayandırsınlar. İşlərini görə bilmirlərsə, getsinlər”.

Komitə sədri Ziyafət Əsgərov da bu mövzuda danışarkən həmkarının fikirlərini dəstəkləyib.

Sülhməramlıların bu davranışlarının arxasında daha məkrli niyyətlər də dayana bilər, görünən budur ki, qarşıda daha qanunsuz hərəkətlər edə bilərlər. Odur ki, indidən onlarla sərt danışmaq mütləqdir. Azərbaycan tamamilə haqlı olaraq işinin, funksiyasının öhdəsindən gələ bilməyən sülhməramlıların bölgədən çıxarılmasını tələb edə bilər. Çünki onlar bölgəyə gələrkən bəlli öhdəliklər üzrə yerləşiblər, bu öhdəliklə və vəzifələri yerinə yetirə bilmirlərsə, əksinə, Azərbaycana problemlər yaradırlarsa, getmələri ən məntiqli variantdır.

Deputat Azər Badamov – “Buraxılış imtahanları yenidən keçirilsin”

Azər Badamov: “Missiyanın davam etdirilməsinə yol verilməməlidir”

Azərbaycan qəti olaraq bu tələblə çıxış edə bilərmi? Deputat Azər Badamovun fikirləri həmkarlarının fikirləri ilə oxşarlıq təşkil edir: “Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşdirilmiş  sülhmərəmlı kontingent sülh məramından başqa hər bir işlə məşğuldur. Sülhməramlılar öz missiyasını yerinə yetirmək əvəzinə Qarabağdakı erməniləri revanşizmə ruhlandırır və təxribat tərkibli hərəkətlərə yol verir. Belə ki, Laçın yolu vasitəsilə silah və minaların daşınmasına imkan yaradır, nəzarət etdikləri ərazilərdən ordumuzun bölmələrini atəşə məruz saxlanılmasına imkan verir. Həm də cəhənnəmə göndərdiyimiz Dağlıq Qarabağ ifadəsini və toponimlərimizi separatçı adlarla Rusiya Müdafiəsi Nazirliyinin hesabatlarında əks etdirirlər. Təbii ki, müvafiq qurumlarımız tərəfindən Rusiyaya öz etirazımızı bildirmişik. O cümlədən Milli Məclisdə də belə hərəkətlərin yolverilməz olduğu barəsində həmkarlarım məsələ qaldıraraq öz etirazını bildiriblər. Rusiya neytral mövqe sərgiləməli və 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın icra edilməsinə çalışmalıdır. Təbii ki, bu bəyanatın üzərində Rusiya Prezidentinin də imzası var. Amma Rusiya sülhməramlılarının hərəkətlərini həm də öz prezidentlərinin imzasına hörmətsizlik hesab edirəm. Əgər sülhməramlılar tərəfimizdən bildirilən etirazlarımıza  məhəl qoymamaqda davam edərsə, Azərbaycan, ümumiyyətlə, sülhməramlı missiyasının dayandırılmasını və ərazilərimizdən çıxarılmasını tələb edə bilər. Qarabağda sülhməramlıların yerləşdiyi ərazi dünya tərəfindən, o cümlədən prezident Putin tərəfindən də rəsmi şəkildə tanınmış Azərbaycanın suveren ərazisidir. Azərbaycanın suveren ərazisində həyata keçirilən hər bir separatçı cəhd dövlətimizin qanunlarına və beynəlxalq hüquq normalarına ziddir. Hesab edirəm ki, tərəfimizdən edilən etirazlar Rusiya tərəfinin öz hərəkətlərinə yenidən baxılması üçün əsas olar və belə təxribatçı cəhdlərdən çəkinərlər.  Əks halda, missiyanın davam etdirilməsinə yol verilməməlidir”.

Asif Nərimanlı: "Bu, vəziyyəti yenidən gərginləşdirə bilər"

Asif Nərimanlı: “Sülhməramlıların çıxarılması tələbinin daha açıq şəkildə qoyulacağını düşünürəm”

Siyasi analitik Asif Nərimanlı Azərbaycan tərəfin konkret hədəf ortaya qoyacağını bildirdi: “Rusiya sülhməramlıları bölgəyə gəldikləri ilk gündən öz missiyalarına uyğun olmayan fəaliyyət göstərir, sülhməramlı kimi yox, ermənilərin müdafiəçisi kimi çıxış edirlər. İstər Laçın dəhlizindən qanunsuz daşımalara şəraitin yaradılması, istər separatçı-terrorçu rejimin açıq şəkildə dəstəklənməsində bu görünür. Sülhməramlılar faktiki olaraq bölgədə təhlükəsizliyin təmin edilməsi ilə yox, Azərbaycanın suverenliyinin əleyhinə olan fəaliyyətlə məşğuldurlar. Hətta Qarabağda yaşayan erməni əhalisi ilə Bakı arasında qeyri-formal təmasların yaranmasına, erməni vətəndaşların Azərbaycan ictimaiyyətinə inteqrasiya olunmasına maneə olan da Rusiya və onun sülhməramlılarıdır. Artıq Rusiyanın Qarabağa dair planları və sülhməramlılar üzərindən bu planlarını həyata keçirmək cəhdləri sirr deyil. Belə olanda təbii ki, sülhməramlıların Azərbaycan ərazisindən çıxarılması suverenliyimiz və ərazi bütövlüyümüz baxımından aktuallaşır. Fikrimcə, rəsmi Bakı sülhməramlıların çıxarılması tələbini aktuallaşdıracaq, əslində indi sülhməramlıların fəaliyyətinə rəsmi səviyyələrdə verilən reaksiyaları bunun başlanğıcı hesab edə bilərik. Bu tələb təkcə rəsmi Bakının yox, Azərbaycan ictimaiyyətinin tələbidir, faktiki olaraq, xalq Azərbaycan hakimiyyətindən sülhməramlıların çıxarılmasını tələb edir, hətta bölgəyə gəldikləri ilk gündən açıq etirazlar var. Lakin bunun 10 noyabr razılaşmasına uyğun baş verəcəyi gözləntisi daha çoxdur. Sülhməramlı missiyasının fəaliyyəti 2025-ci ildə başa çatır, bu tarixdən 6 ay öncə tərəflərdən biri missiyanın fəaliyyətinin uzadılmasını istəməsə, bölgədən çıxarılır. Bakının addımlarını bu razılaşmaya uyğun atacağını düşünürəm və zamanı çatanda missiyanın uzadılması üçün müraciət etməyəcək. Bunu Rusiya da bilir, təxribat fəaliyyətlərinin kökündə də bu dayanır, indidən Azərbaycana təzyiq etməklə mövqeyinə təsir etməyə çalışırlar. Lakin zamanı çatanda sülhməramlıların çıxarılması tələbinin daha açıq şəkildə qoyulacağını düşünürəm. Dediyim kimi, bu, Azərbaycan xalqının tələbidir”.

Zəngəzur dəhlizi açılsın: » Yenixeber.org - Oxu, xəbərin olsun

Züriyə Qarayeva: “Qarabağda vardanyanların sayı arta bilər”

Politoloq Züriyə Qarayeva ciddi reaksiya verilməsini çox vacib sayır: “Millət vəkillərinin rus sülhməramlıları ilə bağlı çağırışları tamamilə haqlı və obyektiv yanaşmadır. Rusiya hərbçiləri bölgədə yerləşdirildikləri 11 noyabr tarixindən bəri yalnız təxribatlarla məşğul olmuş, özlərinin olmayan mandatlarına zidd missiya daşımışlar. Sülhməramlılar Qarabağa inşaat işləri, fəxri xiyabanın salınması, pasportların paylanması, ermənilərin təxribatlarına göz yumulması üçün deyil, bölgədə birgəyaşayışın təşviqi və təhlükəsizliyin təmini üçün yerləşdirilib. Əgər müvafiq missiya yerinə yetirilmirsə, əksinə, təxribatlar daha da tətiklənirsə, yalnız separatçıların deyil, rus hərbçilərinin də cavabının verilmə vaxtıdır. Bu günə qədər diplomatik sahədə çağırış, xəbərdarlıq, ultimatumların yerini artıq sahədə atılan addımlar əvəzləməlidir. Prezident İlham Əliyevin də bildirdiyi kimi, praktiki addımlar 2025-ci ildə qüvvələrin bölgədən çıxarılması ilə atılacaq. O zamanadək isə sülhməramlıların, terrorçuların tərk-silah olunması və təmizlənməsi prosesi aparılmalıdır. Ciddi reaksiyalar verilmədikcə, Qarabağda vardanyanların sayı arta bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR