İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhməramlıların Laçını “virtual işğalı”- rəsmi reaksiya niyə yoxdur?

Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında dislokasiya xəritəsində Laçın şəhəri rus hərbi birləşmələrinin məsuliyyət zonasında göstərilir; hərbi ekspert: “Diplomatik yolla etiraz bildirilməlidir”

İyunun 1-dən Rusiya Müdafiə Nazirliyi Laçın şəhərini yenidən virtual olaraq öz məsuliyyət və nəzarət zonasına daxil edib.  Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı” kontingentə aid bölmədə həmin kontingentin 2 iyun 2022-ci il tarixində axşam saatlarında təqdim edilmiş dislokasiya xəritəsində Laçın şəhəri kənarda göstərilsə də, 4 iyun 2022-ci ilə aid xəritədə bu şəhərimiz yenidən Rusiya hərbi birləşmələrinin məsuliyyət zonasında göstərilib.

“Yeni Müsavat” Moderator.az-a istinadla bildirir ki, bundan sonra fasilələrlə uzağı 10 gün Laçın şəhəri Rusiya kontingentinin virtual nəzarətindən kənarda qalıb. Rusiya MN-in iyunun 25-də təqdim etdiyi və Azərbaycanın Milli Ordusunun yaranmasının 105 illiyini qeyd etdiyi 26 iyunda da təqdim olunan dislokasiya xəritəsində Laçın şəhəri yenidən sülhməramlıların məsuliyyət zonasına daxil edilib. Beləliklə, Rusiya MN bəlkə də bir aydan çoxdur ki, Azərbaycanın Laçın rayonunun bu günədək 70 ailə və ya 266 soydaşımızın qayıdışının təmin edildiyi mərkəzini “virtual işğal”da saxlayır.

Bəhs edilən xəritədə, əvvəlki bir çox günlərdə də olduğu kimi, sülhməramlı kontingentin Şuşa rayonunun Zarıslı kəndi yaxınlığından başlamaqla və ermənilərin istədiyi kimi xəritədə “Kirov” adlandırdıqları Kiçik Qaladərəsi kəndindən və Laçın rayonunun Ağanus kəndi ərazisindən keçməklə Laçın şəhərini də tam əhatə edən patrul marşrutu həyata keçirdikləri də qeyd olunub. Qeyd edək ki, bu günədək rəsmi Bakı Rusiya Müdafiə Nazirliyinin özbaşınalığına rəsmi reaksiya verməyib. Bəs Rusiya MN niyə belə edir? Laçın şəhərinə qayıdış başlayıb, ruslar da yaxşı bilirlər ki, şəhər Azərbaycan Ordusunun nəzarəti altındadır, nə üçün bu təxribat xarakterli addımları atırlar? Burada texniki yanlışlıq ola bilərmi, yoxsa buna inanmaq sadəlövhlük olardı? Bu, son iki il yarımdan çox müddətdə Rusiya Müdafiə Nazirliyinin ilk belə “xəta”sı deyil. Hələ Laçın şəhəri nəzarətimizə qaytarılmamışdan öncə Tərtərin “sülhməramlı”ların nəzarətində olmayan Suqovuşan, Qapanlı kəndləri və s. məntəqələrlə də bağlı belə “texniki səhvlər” olmuşdu...

Ramil Məmmədli: “Törədilən təxribat müharibənin hələ də bitmədiyini  göstərdi”

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, bu, Rusiya MN-in etdiyi böyük siyasi səhvdir: “Rusiya Müdafiə Nazirliyi 44 günlük müharibədən sonra belə "xətalar" edib. Eləcə də erməni toponimlərindən istifadə olunmaqdadır. Artıq uzun müddətdir ki, Laçın şəhəri xəritədə rusların nəzarətində göstərilir. Sadəcə, medianın yazması ilə bu iş həll olunmur, Rusiya Müdafiə Nazirliyinə məktub göndərilməli, buradakı rus hərbi attaşesinə məlumat verilməlidir. Yəni diplomatik yolla etirazlar bildirilməlidir". Hərbi ekspertin fikrincə, burada texniki səhv ola bilməz: “Bunun üçün Rusiya məlumatsız olmalıdır. Axı hər şeydən xəbərdardırlar. Hər gün məruzələr gedir. Əminəm ki, Qarabağdakı rus hərbi kontingentinin rəhbərliyi Cənub Hərbi Dairəsinə məruzə edir. Ona görə Rusiya Müdafiə Nazirliyinin aparatı məlumatlıdır”.

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova Rusiyanın bir Laçın dərdi olduğunu düşünür. Onun sözlərinə görə, Laçın strateji yerdir: “İstər Laçın şəhəri olsun, istərsə Laçın dəhlizi... Rusiya üçün əhəmiyyət kəsb edən ərazilərdir. Nəzərə alsaq ki, buna qədər dəhliz şəhərin içindən keçirdi və ruslar nəzarət edirdilər, alternativ yol istifadəyə verildikdən sonra hələ də dislokasiya xəritəsində vaxtaşırı bu "səhvi" edirlər. Eyni zamanda “Laçın” postu da rusların yaralı yeridir. Onlar şərik kontrolu arzulamırdılar. Ona görə Zaxarova “blokada”dan dəm vurur, bayrağımız təhqir olunur, sərhədçimizə atəş açılır. Amma bütün hallarda Laçın şəhəri, Zabux və Sus kəndləri rusların gözü qarşısında boşaldıldı, təhvil aldıq. Yəni bundan sonra təkrar-təkrar eyni tərbiyəsizliyi etmək artıq həddi aşmaqdır. Ruslar çox əla bilirlər ki, Laçın şəhərinə qayıdış başlayıb, orada rus əsgərinin izi ola bilməz". Təhlilçi köhnə dəhlizlə yeni yolun qarışdırılmasını istisna edir: “Rusiya Müdafiə Nazirliyinin saytında çılpaqlığı ilə ilişmələr var. Onlar "Dağlıq Qarabağ" göstərir, erməni toponimlərindən istifadə edir, Xankəndi, Xocavənd yazmırlar. Məlum məsələdir ki, ruslar bölgəyə yerləşəndən ermənilərə qahmar üçün gəliblər. Gah silah daşıyır, gah təlim keçir, gah onların istəklərinə uyğun addımlar atır. Ancaq bu məsələlər müdafiə nazirləri arasında müzakirə edilməlidir. Azərbaycan nota verməlidir ki, ruslar özlərini yığışdırsınlar. Azərbaycan eynisi etsə, Moskva buna dözməz. O da istisna deyil ki, Rusiya Müdafiə Nazirliyində erməni təsiri var. Bizi maraqlandıran budur ki, ruslar ərazilərimizə hörmətlə yanaşsınlar. Bu cür problemlər tez-tez baş verəcək. Ötən üç il ərzində çox özbaşınalıqlar gördük, indi onlar təkrar edilə bilmir: qanunsuz səfərlər, separatçıların əl-qolunu sallayıb dəhlizdən keçməsi, xaricilərin Xankəndidə görüşləri... Rus icması yaradılmışdı, rus mərkəzi açılmışdı, abidələr qoyuldu, amma zamanla bu məsələlər gündəlikdən çıxdı. Rusiya Ukrayna cəbhəsində elə hala salınıb ki, artıq Qarabağda Donbas ssenarisi qurmağa heyi qalmayıb".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR