Onlayn ictimai-siyasi qəzet
“Rusiya ilə Azərbaycan arasında olan münasibətlər əsasən 2022-ci ilin 22 fevralında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannaməyə söykənir və burada demək olar ki, bütün həyati vacib sahələr - enerji, siyasət, iqtisadiyyat, humanitar, mədəni sahələr üzrə çox mühüm müddəalar yer alıb. O cümlədən hərbi təhlükəsizlik, terrorla birgə mübarizə, suverenlik məsələləri də burada xüsusi önəm daşıyır”.
Bu barədə Musavat.com-a politoloq İlyas Hüseynov bildirib.
O deyib ki, məhz bu səbəbdən münasibətlərin inkişaf dinamikası müəyyənləşdirilir:
“Biz görürük ki, Rusiyadan ölkəmizə gələn müxtəlif ranqlı şəxslər, vəzifəli personalar əsasən müttəfiqlik qarşılıqlı fəaliyyətin müddəalarına istinad edirlər. Bu bəyannamənin müvafiq bəndləri üzrə işin davam etdirildiyini vurğulayırlar. Məhz bu səbəbdən Azərbaycan və Rusiya liderləri arasında olan anlaşma, eləcə də gələcək perspektivlərin müəyyənləşdirilməsi kontekstində gördük ki, Rusiya sülhməramlıları vaxtında ölkəni tərk etdilər. Rusiya sülhməramlılarının Xocalıdan çıxması bölgənin təhlükəsizliyi üçün önəmli amil hesab oluna bilər. Bu bizim üçün müstəsna əhəmiyyətə malikdir. Xalqımızın qan yaddaşı, strateji əhəmiyyətli aeroport Azərbaycanın nəzarətinə keçir. Bu, Azərbaycan Prezidentinin möhkəm, dayanıqlı siyasəti nəticəsində əldə olunub. Rusiya sülhməramlılarının Xocalıdan çıxması Rusiya-Azərbaycan münasibətlərinə müsbət yöndə təsir edə bilər. Çünki problem yaranmadan biz münasibətlərin inkişaf vektorlarını formalaşdırırıq. Eləcə də Bakı ilə Moskva arasında münasibətlərin etibarlı, strateji müttəfiq kimi inkişafında möhkəm təməlləri görürük”.
Qeyd edək ki, Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qarabağdan çıxan Rusiya sülhməramlılarına göstərdikləri xidmətlərinə görə təşəkkür edib.
K.Vəliyev bu barədə Xocalıda sülhməramlı kontingentin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbirdə deyib.
“Missiyanızın başa çatması münasibətilə sizi təbrik edirəm. Sizə Qarabağda sülh və stabilliyin təmin olunması üçün cəsarətli xidmətinizə görə təşəkkür edirəm”, - general-polkovnik vurğulayıb.
Afaq Mirayiq,
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ