İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhməramlılar Laçın şəhərini “geri aldılar” - xəritə oyunu...

Rusiya daha da irəli gedərək patrul xidməti marşrutuna Azərbaycanın nəzarətinə keçmiş Laçın şəhərini də daxil edib; xəritə oyunu nəyə hesablanıb? - hərbi ekspertlərin rəyi

Rusiya Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən və rus sülhməramlıların Qarabağdakı fəaliyyətini göstərən xəritə tez-tez dəyişir. “Yeni Müsavat” bildirir ki, xəritədə rus sülhməramlıların nəzarətindəki zona kimi göstərilən ərazilər bir-birindən fərqlənir.

Rusiyanın Azərbaycan ərazisindəki “sülhməramlı” hərbi kontingenti fevralın 25 və 26-da Laçın rayonu ərazisində məsuliyyət zonalarından, yəni dəhlizdən kənar məkana daxil olublar. Bu, Rusiya Müdafiə Nazirliyinin “sülhməramlı”lara aid bölməsindəki sözügedən tarixlərə dair dislokasiya xəritələrindən bəlli olub. Fevralın 28-də isə Rusiya hərbçilərinin daha da “irəli” gedərək Şuşa rayonunun yaxınlığındakı 7-ci postlarından başlanan patrul marşrutunu artıq bilavasitə Laçın şəhərinin içərisinə yeridiblər.

Bu, Rusiya MN-in “sülhməramlı”lara aid bölməsindəki 28 fevral 2023-cü ilə dair dislokasiya xəritəsindən bəlli olub. Beləliklə, Azərbaycan mediasının xəbərdarlığına rəğmən adəti üzrə “texniki səhv” kimi qələmə verəcəkləri “yanlışlığı” aradan qaldırmaq əvəzinə, daha da irəli gedərək patrul xidməti marşrutuna ötən ilin avqustundan Azərbaycan dövləti və ordusunun birbaşa nəzarətinə keçmiş Laçın şəhərini də daxil ediblər. Bunun Rusiya XİN başçısı Sergey Lavrov Bakıda ikigünlük səfərdə olduğu vaxta təsadüf etməsi də diqqət çəkir. Bu dəyişikliklər Azərbaycanda həm siyasətçilər, həm də ictimaiyyət arasında hər zaman tənqidlə qarşılansa da, bu hallar dəfələrlə təkrar olunur.

Yada salaq ki, ötən ilin sonlarında Azərbaycan Müdafiə Nazirliyi Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin sülhməramlıların xəritəsində və yaydığı məlumatlarda Azərbaycan toponimlərinə uyğun istifadə olunması barədə dəfələrlə müraciət etmişdi. Mövcud vəziyyətdə "Azərbaycan sülhməramlıların Qarabağdan çıxarılmasını gündəmə gətirə bilərmi" sualını AMİP lideri Etibar Məmmədov cavablandırıb. “Hesab edirəm ki, mövcud durumda Rusiyaya qarşı qəti şəkildə çıxmağa ehtiyac yoxdur. Çünki bu halda Azərbaycan bir neçə cəbhədə mübarizə aparmağa məcbur olacaq. Onsuz da Azərbaycana qarşı Avropa da, Qərbdə də, ABŞ-da da yolla bağlı təzyiqlər və rəsmi Bakıdan tələblər artır. Həm də 10 noyabr bəyanatına əsasən Rusiyanın "sülhməramlı" kontingentinin Qarabağda mövcudluğu müddətlidir. Və Azərbaycan dəfələrlə bildirib ki, həmin müddət bitəndən sonra Rusiya hərbçilərinə burada ehtiyac olmayacaq. Yəni rəsmi Bakı “sülhməramlı”ların çıxarılacağını faktiki olaraq öncədən elan edib... Bir sözlə, yeni cəbhə açmağa ehtiyac yoxdur", - deyə, o bildirib. Sülhməramlıların belə xəritə oyunu nəyə hesablanıb? Niyə Azərbaycan ictimai rəyində onlardan narazılığı daha da artıran addımlardan çəkinmirlər?

Üzeyir Cəfərov: Hesab edirəm ki, Xocalı da, Xocavənd də, Xankəndi də təhvil  veriləcək

Üzeyir Cəfərov

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə yenidən xəbərdarlıq etməlidir: “Rusiya tərəfinə deyilməlidir ki, əvvəllər olan xətalar yenə təkrarlanır. İndi postların sayı da 35-ə qaldırılıb. Rusiya qərar verəndə Azərbaycanı məlumatlandırmalıdır. Düzdür, xarici işlər naziri Ceyhun Bayramov demişdi ki, Rusiyanın müvafiq qurumları ilə daim təmasdayıq. Ancaq biz yenə də xəritədə onların nələr etdiklərini görürük. Ona görə rus sülhməramlı qüvvələri diqqətli olmalıdırlar. Bundan əlavə, Azərbaycan toponimlərini göstərmirlər, bu da yaxşı görünmür. Hesab edirəm ki, bu məsələdə prinsipiallıq nümayiş etdirməliyik”. Ü.Cəfərov dedi ki, sülhməramlıların hər gün onlarla maşını yoldan keçir: “Bu qədər yük daşımaqla Çin ordusunu təmin etmək olardı. Həmin yüklərə nəzarət etməliyik, məlumata malik olmalıyıq. Nə daşınır, nələr var içində? Bunları bilməliyik. Yəni ilk dəfə deyil ki, xəritə oyunu ilə məşğuldurlar və bu məsələdə mövqeyimizi bir daha onların yadına salmalıyıq”.

Seriallar düşüncəmizə necə təsir edir - psixoloq şərhi - 24.03.2019,  Sputnik Azərbaycan

Azad İsazadə 

Hərbi ekspert Azad İsazadə güman edir ki, dislokasiya xəritəsində olan səhv Azərbaycanı qıcıqlandırmaq üçün təxribat ola bilər: “Sülhməramlıların komandanı bildirmişdi ki, biz toponimləri Azərbaycan dilində təqdim edirik, amma Rusiyada dəyişirlər. Bu da məsuliyyəti bir-birinin üstünə atmaq idi. İndi ruslar problemlərin həlli üçün heç nə edə bilmirlər, məsələni Avropa İttifaqı nəzarətə götürür, ona görə təxribatlarla bizi reaksiya verməyə məcbur edirlər. Bu cür xəritələr çaşqınlıq yaratmağa hesablanıb. Yəni hansı ərazinin Azərbaycan Ordusuna, hansının sülhməramlılara aid olması ilə bağlı qarışıqlıq yaransın. Nəticədə belə xəritələr konfliktə gətirib çıxara bilər”.

Real Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli isə məsələyə fərqli yanaşır. Onun fikrincə, Rusiya, onun baş diplomatı Sergey Lavrov açıq mətnlə deyir ki, Laçın yolu da, erməniəsilli azərbaycanlıların yaşadığı Xankəndi və ətrafı da bizimdi, yəni Rusiyanındır, biz söz sahibiyik, biz qərar veririk - yəni Azərbaycanın suveren ərazisi sayılan Laçın yolunda biz sərhəd keçid məntəqəsi (SKM) qura bilmiriksə, deməli, Kreml deyəndir: “Yox, əgər konstitusiyamıza uyğun öz sərhədimizə nəzarəti bərpa edəcəyiksə, Moskva deyən yox, biz deyən olacaq. Azərbaycan hakimiyyətinin Lavrovun bu həyasız bəyanatına cavab vermək üçün zamanı azdır, cavab olmasa daha da irəli gedəcəklər”.

Qeyd edək ki, sülhməramlıların sayı ilə bağlı da tez-tez müxtəlif rəqəmlər səslənir. Sənəddə onların sayı 1960 nəfər göstərilir. Lakin bəzi ekspertlərin fikrincə, 10 noyabrdan sonrakı dövrdə rus hərbçilərin sayı artırılıb, texnikası çoxaldılıb, modul tipli məntəqələr tikilib. Hətta bir müddət əvvəl deputat Vahid Əhmədov Qarabağda sülhməramlıların sayının 7-8 minə çatdığını açıqlamışdı. Amma reallığı nə dərəcədə əks etdirdiyini iddia etmək çətindir. Bununla belə, özlərini bölgənin sahibi kimi aparırlar, ermənilərə hamilik edirlər. Üçtərəfli sənədə əsasən 2025-ci ildə 6 ay qalmış tərəflərdən birinin razılığı olmasa, sülhməramlılar Qarabağı tərk etməlidirlər. Analitiklər isə onların belə tezliklə gedəcəyinə inanmırlar.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR