Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev əvvəlcə spikerə təşəkkür edib.
Musavat.com-un məlumatına görə, deputat deyib:
“Sahibə xanım, öncə böyük dövlət xadimi Heydər Əliyevin doğum günü ilə əlaqədar Milli Məclisin xüsusi iclasını çağırdığınıza, Heydər Əliyevə verdiyiniz yüksək qiymətə görə təşəkkür edirəm.
Dünən Həmkarlar İttifaqları Konfederasiyasının Heydər Əliyevə həsr olunmuş, yüksək səviyyədə təşkil olunmuş konsertinə mən də dəvətli idim.
Sağ olsunlar! Biz dünən orada və bu gün nümayiş etdirilən sənədli filmlərdə Heydər Əliyevin keçdiyi yola bir daha qısa nəzər saldıq”.
Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır:
“Onun rəhbərlik etdiyi dövrdə sovet Azərbaycanı böyük bir inkişaf yolu keçdi. Həmin dövrü ölkəmizdə elmin, təhsilin, mədəniyyətin, kino sənətinin, ədəbiyyatın intibahı dövrü adlandırmaq olar.
Heydər Əliyev Sov.İKP MK-nın Siyasi Bürosuna üzv seçilməklə Azərbaycanı həm Sovet İttifaqı, həm də dünya miqyasında tanıtdı. Erməni faşizminin və separatizminin baş qaldırdığı dövrdə xalq hərəkatına ciddi dəstək oldu.
Böyük cəsarət və vətənpərvərlik nümayiş etdirərək İlham Əliyevlə birlikdə 20 Yanvar faciəsinə Moskvada kəskin formada etirazını bildirdi, Sovet İttifaqı rəhbərlərini qınadı.
Müstəqillik illərində - 1992-ci ilin mayında Mütəllibov antikonstitusion yolla hakimiyyətə qayıtmaq istəyəndə onun qarşısının alınmasında müstəsna rol oynadı. Xalq Hərəkatının təmsilçiləri ilə birlikdə SSRİ-nin saxlanmasının əleyhinə səs verdi.
Məhz onun məsləhəti və qətiyyətli tövsiyyəsi ilə AXC-nin rəhbərliyi insanların Milli Məclisin binasına yürüşünü təşkil etdi və Mütəllibov hərbi təyyarə ilə Moskvaya uçdu. Ölkəmiz böyük vətəndaş qarşıdurması vəziyyətində olanda o, məsuliyyətdən qorxmadı, Elçibəyin dəvəti ilə Bakıya gəldi, ölkəmizi vətəndaş qarşıdurmasından xilas etdi.
Dövlət hakimiyyət orqanlarına hörmət bərpa olundu. Hakimyyət boşluğundan istifadə edib rayonlarımızı ard-arda işğal edən erməni hücumlarını dayandıra bildi, atəşkəs haqqında saziş imzalandı. Silahlı müxalifətin mövcudluğuna son qoyuldu.
Xalqımızın və dövlətimizin taleyində misilsiz rol oynayacaq “Əsrin müqaviləsi”ni imzaladı, Ordu quruculuğuna başlanıldı”.
Deputat əlavə edib ki, həmin müqavilə sayəsində məktəblər, səhiyyə obyektləri, inzibati binalar tikildi, yollar çəkildi, yaşayış məskənləri abadlaşdırıldı, bu gün Qarabağ bərpa olunur:
“Heydər Əliyev mətbuatda senzuraya son qoydu, latın əlifbasına keçidi təmin etdi və onun rəhbərliyi ilə ölkənin yeni Konstitusiyası qəbul olundu.
Bütün çətinliklərə, təzyiqlərə, şirnikləndirici təkliflərə baxmayaraq, ermənilərlə ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan heç bir saziş imzalamadı.
Bu gün ruhu şaddır, ona görə ki, inandığı və xalqı dəstək verməyə çağırdığı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunub.
Heydər Əliyev xalqımızın potensialına - onun tarixinə, mədəniyyətinə, mentalitetinə - bütün digər siyasətçilərdən da yaxşı bələd idi. O, realist siyasətçi olaraq daxili və xarici siyasəti müəyyənləşdirərkən məhz buna əsaslanırdı.
Heydər Əliyev xalqımızın azad, hüquq və azadlıqların qorunduğu, təhlükəsiz, firavan, güclü iqtisadiyyata sahib bir ölkədə yaşamasını istəyirdi. Buna nail olmaq üçün hüquqi dövlət quruculuğu istiqamətində qarşımızda hələ keçiləsi böyük bir yol var.
İnanıram ki, cəmiyyətimizin inkişafı ilə biz o hədəflərə də çatacaq və onun ruhunu şad edəcəyik.
Allah rəhmət eləsin!”
E.Paşasoy,
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ