İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Vyetnam əlaqələri - ənənəvi tərəfdaşlığın inkişafı

Azərbaycan-Vyetnam əlaqələri yeni deyil. Hələ Azərbaycan sovetlərin işğalı altında olanda belə bu ölkə ilə Azərbaycan SSR arasında mədəni, elmi sahədə əlaqələr var idi.

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın 7-də Bakıya səfəri də ötən illərin əlaqələrinin məntiqi davamı sayıla bilər. Ötən gün Prezident İlham Əliyevlə To Lamın başçılıq etdiyi nümayəndə heyəti qarasında geniş tərkibdə görüşü keçirilib.

Görüşdə iki ölkə arasında diplomatik münasibətlərin 30 il ərzində mövcud olmasına baxmayaraq, dostluq təmaslarının hələ keçən əsrin 50-ci illərinin sonlarına təsadüf etdiyi vurğulanıb. Həmin dövrdən etibarən Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana, mərhum Heydər Əliyevin isə SSRİ rəhbərliyində olduğu zaman Vyetnama səfərləri məmnunluqla xatırlanıb.

1959-cu il iyulun 23-də prezident Ho Şi Min Azərbaycanın (o zaman Sovet İttifaqının tərkibində olan) paytaxtı Bakıya səfər edib. Hanoyda Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası və Azərbaycanın Vyetnamdakı səfirliyi ilə birgə 2019-cu il iyulun 23-də ölkə paytaxtı Hanoyda bu səfərin 60 illiyinə həsr olunan tədbir keçirilmişdi. Tədbirdə Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri, rəsmi şəxslər, Azərbaycanda təhsil almış və işləmiş tələbələr iştirak etmişdilər.

Onda Ho dayı (Vyetnamda hörmət olaraq belə deyilər) Azərbaycanda neft-qaz sənayesinin lider və mühəndislərinə deyib: "Vyetnamın dənizi var. Ona görə də bizim mütləq neftimiz olacaq. Ancaq biz müharibə vəziyyətindəyik və bunu edə bilmədik. Ümid edirəm və inanıram ki, Vyetnam müqavimət müharibəsində qalib gəldikdən sonra siz, yoldaşlar, bizə neft tapmaqda, sonra neftin hasilatı və emalında kömək edəcəksiniz, həmçinin Bakı kimi neft-qaz sənaye zonası quracaqsınız”.

QURACAQ.jpg (47 KB)

Ho dayının arzusu çin oldu. Ötən illər ərzində Azərbaycan Respublikasının universitetləri Vyetnam üçün minlərlə mühəndis, həkim və alim hazırlayıb. Təkcə Azərbaycan Neft və Kimya Universiteti, indiki Azərbaycan Neft və Sənaye Universiteti, son 50 il ərzində (1967-2017) 500-dən çox vyetnamlı vətəndaşı ali təhsilli mütəxəssis kimi hazırlayıb.

1981-ci ildə “Vietsovpetro” Sovet-Vyetnam birgə müəssisəsi yaradılıb. Şirkətin 1981-1984-cü illərdə ilk baş direktoru azərbaycanlı mütəxəssis Cəlal Məmmədov, şirkətin geologiya bölməsinin ilk rəhbəri Müslüm Vəliyev olub.

“Vietsovpetro” şirkətinin yaradılmasından bir müddət sonra Sovet İttifaqı Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev 1983-cü ildə Vyetnama rəsmi səfər edib. Səfər çərçivəsində Heydər Əliyev Vyetnam və sovet, o cümlədən Azərbaycan neft mütəxəssisləri ilə görüşmək üçün Vunq Tau şəhərinə də baş çəkmişdi. Onun səyləri, Bakıdan gətirilən əlavə azərbaycanlı mütəxəssislərin və texnikanın cəlb edilməsi nəticəsində Vyetnamda ilk neft proqnozlaşdırıldığından xeyli əvvəl hasil olunur.

SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin səfərindən sonra minlərlə azərbaycanlı mütəxəssis Vyetnamın müharibədən sonrakı infrastrukturunun bərpasına, xüsusilə neft sənayesinə kömək etmək üçün ora göndərilib. Ümumilikdə 5000-dən çox vyetnamlı tələbə və aspirant da Azərbaycanın təhsil müəssisələrində təhsil almaq, burada işləmək üçün göndərilib. Onlar bu ölkənin quruculuğuna və inkişafına mühüm töhfə veriblər.

1983-cü ilə qədər Heydər Əliyev həmçinin Vyetnam Kommunist Partiyasının ovaxtkı Baş katibi Le Zuanla görüşmək imkanı əldə edib. 1981-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının XXVI qurultayında iştirak etmək münasibətilə Le Zuan Azərbaycana səfər edib. O zaman mərhum Prezident Azərbaycan SSR-in KP MK-nın birinci katibi idi.

KATİB.jpeg (57 KB)

Vyetnama bu səfərin 40 illiyi ərəfəsində Hanoyda mərhum Prezidentin Azərbaycanla Vyetnam arasında dostluq quruculuğu missiyasına töhfəsinə həsr olunmuş seminar keçirilib.

İki respublika arasında əlaqələr ABŞ ilə müharibəndən sonra da davam edib.

Azərbaycan SSRİ-nin tərkibində olmasına baxmayaraq, Vyetnama azadlıq müharibəsində və birləşmə prosesində göstərdiyi dəstək xalq tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycan müasir Vyetnamın mədəni həyatında rol oynayıb. Əjdər İbrahimov 1959–1962-ci illərdə Vyetnam Demokratik Respublikasında ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edib. Onun bədii rəhbərliyi ilə "İki əsgər", "Acgöz quş", "Bir payız günündə" filmləri çəkilib.

1955-ci ildə Azərbaycan bəstəkarı Qara Qarayev Vyetnam müharibəsi haqqında ilk sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələyib, onun premyerası 2023-cü ildə Hanoyda olub.

HANOY.jpg (113 KB)

Vyetnam xalqı milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizədən də keçib.

1858-ci ildə Vyetnam hökumətinin azad ticarət tələblərini qəbul etməkdən imtina etməsi bəhanəsi ilə Fransanın ölkəyə müdaxiləsi başlayıb. 1862-ci ildə ələ keçirilmiş üç şərq əyalətindən Fransız Koçinçina koloniyası yaradılmışdı.

Bununla da XIX əsrin ikinci yarısından Vyetnam Fransanın müstəmləkə asılılığına düşdü. Ölkə süni şəkildə üç hissəyə bölündü — Koçinçina koloniyası (Cənubi Vyetnam), Annam (Mərkəzi Vyetnam) və Tonkin (Şimali Vyetnam) protektoratları. Vyetnam Laos və Kamboca ilə birlikdə Fransız Hindçininin tərkibinə daxil oldu.

Müstəmləkə rejimi 1885-ci ildə tam bərqərar oldu.

1930-cu illərə qədər ölkədə Hindçin Kommunist Partiyasının lideri Ho Şi Min tərəfindən idarə olunan güclü milli-azadlıq hərəkatı formalaşdı.

1945-ci il sentyabrın 2-də Ho Şi Min Hanoyda 500 min nəfərlik mitinqdə Müstəqillik Bəyannaməsini elan edərək, bütün Vyetnam ərazisində yeni dövlətin - Vyetnam Demokratik Respublikasının yaradıldığını dünyaya bəyan etdi.

1946-cı il noyabrın 9-da isə bu ölkənin parlamenti konstitusiya qəbul etmişdi.

XX əsrin 30 ili ərzində Vyetnam müharibə vəziyyətində olub. Hər şey 1940-cı illərdə kommunistlərin fransız müstəmləkə hakimiyyətinə qarşı müharibəsi ilə başladı. Şimalda yerləşən Ho Şi Minin rəhbərlik etdiyi kommunist qüvvələri 1954-cü ildə fransızları məğlub etdilər.

MEGLUB.jpg (138 KB)

Amerikalıların "Vyetnam müharibəsi", vyetnamlıların isə "Amerika müharibəsi" adlandırdığı dövr 1965-ci ildən 1973-cü ilə qədər davam etmişdi.

Ölkəni kommunist şimala və Amerika tərəfdarı cənuba bölən sazişlər imzalandı. Onların arasında demilitarizasiya olunmuş zona yerləşirdi.

Hanoyun qiymətləndirmələrinə görə, 21 illik döyüş əməliyyatları zamanı Şimali və Cənubi Vyetnamda 4 milyon mülki şəxs, həmçinin kommunistlər tərəfində döyüşən bir milyondan çox insan həlak oldu.

ABŞ-ın məlumatlarına görə, müharibənin "Amerika" dövrünü əks etdirən, 1965-ci ildən 1973-cü ilə qədər döyüşlərdə 250 min Cənubi Vyetnam əsgəri ölüb, 58 200 amerikalı həlak olub və ya itkin düşüb.

Ötən əsr Vyetnam üçün müharibəsiz keçməyib. Bu ölkədə az qala bir əsr boyu hərbi əməliyyatlar keçirilib.

O vaxtlar Azərbaycan SSR-in əhalisi müxtəlif aksiyalarla Vyetnama humanitar yardım ediblər.

EDİBLER.jpg (61 KB)

Yeri gəlmişkən, Azərbaycan bu ölkədə humanitar istiqamətdə fəaliyyətini dayandırmayıb. Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, ölkədə fəal surətdə müxtəlif layihələr həyata keçirir. Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri zamanı vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb.

Vyetnamın milli azadlıq, ərazi bütövlüyü, milli dövlət quruculuğu uğrunda mübarizəsi ilə dünya ictimaiyyəti tərəfindən sayğı ilə yad edilir, örnək sayılır. Bu istiqamətdə Fransa müstəmləkəçilərinə, ABŞ neokalonializminə qarşı yüz illik mübarizədən, savaşdan Vyetnam xalıq qalib çıxıb.

Torpaqlarını işğaldan təmizləmiş Azərbaycan da milli azadlığı, ərazi bütövlüyü, Rusiya və sovet imperiyasına qarşı mübarizəsi ilə oxşar tale yaşayıb.

Müasir Vyetnam şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizində çox maraqlıdır. O, Hind okeanı vasitəsilə İran üzərindən Azərbaycan və Rusiyaya həmçinin cənub-qərb istiqamətində Avropa marşrutu ilə yüklərini ixrac etmək imkanına malikdir. Habelə şərq-qərb nəqliyyat dəhlizi üzrə Vyetnam-Çin-Qazaxısan-Azərbaycan və Avropa istiqaməti üzrə nəqliyyat məsələlərində Vyetnam tərəfi üçün də maraqlıdır. Bu, Vyetnamın ixracat marşrutlarının şaxələndirilməsində maraqlı olduğunun göstəricisidir. Odur ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaxşı imkanlar yaradacağı istisna edilmir.

EDİLMİR.jpg (316 KB)

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsində də iki ölkə arasında əlaqələrin keçmişi və indiki vəziyyətindən bəhs edərək deyib: “Mənim 2014-cü ildə ölkənizə dövlət səfərim və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi. Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirildi”.

Prezidentin müsahibəsində iki ölkənin beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatında səmərəli əməkdaşlıq edirlər. İki ölkə arasında iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası fəaliyyət göstərir.

Ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir.

Prezident İlham Əliyev müsahibəsində vurğulayıb ki, 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. O qeyd edib ki, iki ölkə neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir: “2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb”.

Bu əlaqələrin inkişaf etməsi üçün regiondakı şəraitdən Vyetnamın da yararlanması üçün Azərbaycan ona ənənəvi yardımını və dəstəyini verə bilər. Çünki Azərbaycanla Vyetnam ötən əsrdən bir-biri ilə elan edilməmiş tərəfdaşdır.

Sədrəddin İsmayılov
Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

BÜTÜN XƏBƏRLƏR