Onlayn ictimai-siyasi qəzet
Son vaxtlar Azərbaycan və Ermənistan rəsmiləri arasında yüksək səviyyəli ikitərəfli təmaslar, dialoq artıb. Söhbət təkcə XİN başçıları - Ceyhun Bayramov və Ararat Mirzoyanın birbaşa təmasından getmir. Mayın 16-da Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri - Sahibə Qafarova ilə Alen Simonyan arasında da görüş keçirilib. Bundan əvvəl onlar martın 22-də eyni şəhərdə bir araya gəlmişdilər.
Mayın 15-də isə Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, həmçinin Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib. Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb.
Siyasi müşahidəçilərə görə, bu qəbildən nəticəli görüşlər Bakı və İrəvan arasında sülh müqaviləsi və ya çərçivə sazişinin imzalanması tarixini yaxınlaşdıra bilər. Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında delimitasiya haqqında protokolun imzalanmasını böyük uğur adlandırıb.
“Bakı Ermənistanla münasibətlərin son inkişafına çox müsbət yanaşır”.
Bunu isə mayın 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in hazırkı sədri Yan Borqla birgə mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, son vaxtlar əldə olunan nəticə “tarixi” sayıla bilər. 2024-cü ildən intensiv danışıqlara başlandığını qeyd edən nazir həmçinin bildirib: “Münxendə, Berlində, Almatıda tərəflər arasında danışıqlar aparılıb. Gözləntilərdə realist olmalıyıq, detalları açıqlaya bilmərəm, çünki spesifik məqamlar var”.
Bununla belə C.Bayramov Ermənistanla sülh sazişi üçün Azərbaycanın şərtlərini də açıqlayıb: “Sülh sazişi açıq məqamları olmayan, bir müddətdən sonra yenidən müzakirə mövzusuna çevriləcək məsələlərin yer almadığı sənəd olmalıdır”.
Yəni söhbət həm də gələcəkdə müharibəni istisna edən sülh sənədindən gedir.
Beləcə, ilkin adı “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” adlanan sənədin əsas şərti bəlli. Bəs imzalanacaq tarix, yer, məkan nə vaxt məlum olacaq?
Oqtay Qasımov: “İstisna deyil ki, saziş elə sərhəddə də imzalana bilər”
Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Ermənistan arasında bu il ikitərəfli təmasların davam etməsi, vasitəçilər olmadan danışıqlar aparılması artıq müəyyən müsbət nəticələrə gətirib çıxarıb: “Artıq delimitasiya prosesi başlayıb və davam edir. Müəyyən ərazilərdə demarkasiya da həyata keçirilib. Xüsusilə də Qazax istiqamətində bu proseslər davam etməkdədir. Görüşlər, danışıqlar bu tempdə davam eləyərsə, Ermənistan hakimiyyəti siyasi iradə nümayiş etdirib konstruktiv davranış sərgiləyərsə ilin sonuna qədər çərçivə sazişini imzalamaq mümkün olar. İstisna deyil ki, çərçivə sazişi və ardınca sülh sazişi elə sərhəddə də imzalana bilər”.
Qabil Hüseynli: “Noyabr ayınadək sülh müqaviləsi bağlanacağı gözlənilir”
Politoloq Qabil Hüseynli isə bildirib ki, Almatı görüşünün ardınca tərəflərin belə bir protokol imzalaması ikitərəfli təmaslardakı müsbət dinamikanın davamı kimi dəyərləndirilir. Nəinki ilin sonuna qədər, hətta noyabr ayınadək, yəni COP-29 tədbirinə qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanacağı gözlənilir və mən buna əminəm. Çünki sülh müqaviləsinin bütün mürəkkəb məqamları razılaşdırılıb, delimitasiya məsələsində uğurlu nəticə əldə olunub, beləliklə, atılan addımlar gələcəyə nikbin baxmağa imkan verir".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ