İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh sazişini başqa erməni baş nazir imzalaya bilər

Moskva-İrəvan gərginliyi kulminasiya nöqtəsinə yaxınlaşıb, XİN-in son bəyanatı Nikola axırıncı xəbərdarlıqdır; Tofiq Abbasov: “Paşinyan həyatında ən vacib imtahanı verəcək, əgər buradan sağ çıxarsa, Rusiya ona son şans tanıyacaq”

Rusiya-Ermənistan, iki müttəfiq arasında gərginlik kulminasiya nöqtəsindədir. Artıq hadisələr həlledici mərhələyə qədəm qoyub. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi İrəvana xəbərdarlıq xarakterli son bəyanatından da sezmək mümkündür. Ermənistanın baş naziri Nikol Paşinyanın fikirləri və Qarabağ ətrafındakı vəziyyətlə bağlı bəyanatı iki ölkə arasında münasibətlərdə də gərginliyin hansı həddə olduğunu göstərdi.

Bəyanatda Paşinyanın Qarabağ razılaşmalarına əməl etmədiyi ittihamlar yenə də səsləndirilib ki, biz onları təkrar etmirik. Əsas diqqəti iki ölkə arasındakı yaranmış çata yönəldirik. Bəyanatda bildirilib ki, Paşinyanın xalqa 24 sentyabr müraciətində daxili və xarici siyasətdəki uğursuzluqlara görə məsuliyyəti Moskvanın üzərinə yıxmaq cəhdi var: “Paşinyanın son müddəaları Qərbdən ilhamlanan və rəsmi İrəvanın təkan verdiyi proseslərin, ölkəmiz və müttəfiqlik münasibətlərimiz üçün dağıdıcı proseslərin epizodik yox, sistemli xarakter daşıması ilə bağlı əvvəlki qənaətlərimizi təsdiqləyir. Hökumət başçısı faktiki olaraq etiraf etdi ki, bütün bu müddət ərzində respublika bilərəkdən Rusiyadan üz döndərməyə hazırlanırdı. Onların Ermənistanın inkişafı məqsədilə yeni Qərb vektoru təyin etmək üçün atdıqları addımlar Rusiya Federasiyası və KTMT-nin səhvləri ilə inandırıcı şəkildə əsaslandırılır. Eyni zamanda unudulur ki, dövlətlərimizin təhlükəsizlik və inkişaf məsələlərində maraqları əsasən oxşardır və ABŞ və digər NATO ölkələri Rusiyaya nəinki strateji ziyan vurmağı, həm də ümumi sabitliyimizi pozmağı qarşılarına məqsəd qoyublar”.

Bəyanatda açıq bildirilir ki, Ermənistanda Rusiya şirkətləri üçün süni çətinliklərin yaradılması barədə tez-tez siqnallar alıblar: “Paşinyan komandasının bu məsuliyyətsiz yanaşması erməni cəmiyyətinin bir hissəsinin başadüşülən narazılığına səbəb olub və bu, xalq etirazlarında ifadə olunub. Təbii ki, onların Rusiyadan ilham alması ilə bağlı iddiaların reallıqla heç bir əlaqəsi yoxdur. Ermənistan hökumətinin başçısı yaxşı bilməlidir ki, Moskva belə şeylərlə məşğul olmur - "rəngli inqilablar" təşkil etməkdə kifayət qədər mahir olan Qərbdən fərqli olaraq. Lakin qəribə təsadüf nəticəsində İrəvandakı hakimiyyət orqanları tərəfindən etirazçıların təqib olunması ilə bağlı çoxsaylı faktlara diqqət yetirməmək qərarına gəlib. Eyni zamanda məlum olduğu kimi, ABŞ səfiri hökumətlə sıx əlaqə saxlayır. Bütün bunların fonunda, açıq-aşkar hakimiyyətin təhriki ilə erməni mətbuatında əsl anti-Rusiya vakxanaliyası üzə çıxıb. Əminik ki, İrəvan rəhbərliyi qəsdən Ermənistanla Rusiya arasında çoxşaxəli və çoxəsrlik əlaqələri pozmağa və ölkəni Qərbin geosiyasi oyunlarının girovuna çevirməyə cəhd edərək çox böyük səhvə yol verir. Əminik ki, Ermənistan əhalisinin böyük əksəriyyəti bundan xəbərdardır", - deyə qeyd olunub.

Göründüyü kimi, bu bəyanat iki ölkə arasında münasibətlərin hansı həddə gərginlik olduğunu və Paşinyanla anlaşmanın getdikcə daha da mümkünsüzlüyünü göstərir. O cümlədən, sülh danışıqlarında da Paşinyanın bundan sonra hansısa irəliləyiş əldə edəcəyi sual altına düşür.

Paralel olaraq İrəvanda etirazlar səngimir. Müxalifətin əsas fiqurlarından olan İşxan Saqatelyan 26 sentyabrdan etibarən etirazların yeni planlaşdırmasının aparılacağını açıqlayıb. Bu böhran şəraitində Rusiya XİN-in bəyanatı sinxronluq təşkil edir və Kremlin düyməyə basdığı görünməkdədir. Hətta etirazlar davamlı xarakter alarsa, Ermənistanda destabilizasiya yaranması mümkündür. Bu da yekunda Paşinyanın istefaya məcbur edilməsi və yeni baş nazir seçilməsi ilə nəticələnə bilər. Lakin Nikolu hərtərəfli müdafiə edən ABŞ onu devrilmək təhlükəsindən sığortalaya biləcəkmi? Proseslər hara qədər inkişaf edə bilər?

Paşinyan artıq bəyan edib ki, istefa vermək niyyəti yoxdur, hakimiyyət legitimdir və çevriliş cəhdlərinə adekvat reaksiya veriləcək. Artıq mitinq təşkilatçılarının həbsinə başlanılıb, eks-prezident Robert Köçəryanın oğlu, “Ermənistan” fraksiyasından olan deputat Tadevos Adevisyan həbs edilib, çoxlu sayda fəallar da nəzarət altına alınıb. Paytaxtda bütün küçə və prospektlər bağlıdır, çoxminlik polis qüvvələri İrəvanın baş meydanında hakimiyyətdən əmr gözləyir. Rusiya isə müttəfiq ölkədə hakimiyyəti dəyişməkdə qərarlıdır, buna özünün Cənubi Qafqazdakı həyati maraqlarının qarantı kimi baxır. Qərpərəst Paşinyan devrilir, hakimiyyətə Rusiyanın dəstəklədiyi keçmiş siyasi elita qayıdır, Qərbə inteqrasiya prosesi dayanır, Ermənistan Kremldən idarə olunan hərbi, siyasi, iqtisadi birliklərdə qalır.

AzTV-nin İctimai-siyasi proqramlar studiyasının direktoru, politoloq Tofiq Abbasovun “Yeni Müsavat”a dediyinə görə, Paşinyan meyl göstərmir, Qərbdən isə  onun yaxasından yapışıblar ki, bizə tabe olmalısan. “Ona deyirlər ki, Rusiyadan əl çəkməlisən və bizimlə işləməlisən. Hazırda USAID rəhbəri Samanta Pauer, eləcə də ABŞ dövlət katibinin köməkçisi Yuri Kim Ermənistandadır. İki odioz fiqur İrəvana gediblər. Samanta Paueri göndəriblər ki, Paşinyanın üzərində işləsin və istəklərinə nail olsunlar. Hazırda Ermənistanın baş naziri üçün situasiya 50-50-yədir. Bir tərəfdən onun ətrafında hamını bədgümanlıq bürüyüb, çünki Rusiya ilə sonuncu körpü qalıb. Moskva da mesaj verir ki, bunu da yandırsan, səni bağışlamayacağıq. Amma digər tərəfdən erməni seçicisinin də etirazları təşkil edənləri görən gözü yoxdur. Çünki onlar keçmiş "Qarabağ klanı"dır və xalqın pullarını sovurublar. O cəhətdən hadisələr kulminasiya nöqtəsinə yaxınlaşıb. İndi qərar veriləcək ki, Nikol qalır, yoxsa gedir..." 

T.Abbasov hesab edir ki, bununla belə, təkrar seçki olarsa, yenə Paşinyan qalib gələcək: “Ona görə ki, rəqibi yoxdur. Ola bilsin ki, Rusiya ona bu dəfə sonuncu şansı versin. Bu mənada Paşinyan həyatında ən vacib imtahanı verəcək. Əgər buradan sağ çıxarsa, hakimiyyəti qoruyub saxlayarsa, Rusiya ona növbəti etapa son şans tanıyacaq. Yəni "qalırsan, amma sonuncu körpüləri yandırmırsan"".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR