İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh müqaviləsi olmadan daha iki il

Bakı sülh sazişi üzrə 11-ci təkliflər paketini qarşı tərəfə göndərib, amma Ermənistandan cavab yoxdur; Qərbin diktəsi ilə rəsmi İrəvan sülh pərdəsi arxasında hiyləgər plan hazırlayır

Məlum olduğu kimi, Azərbaycan Ermənistanın sülh sazişi layihəsi ilə bağlı təkliflərinə cavab verib. Bakı sülh sazişi üzrə 11-ci təkliflər paketini qarşı tərəfə göndərib. Amma hələ Ermənistandan bir cavab yoxdur. 

Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkə arasında sülh sazişinin əsas şərti kimi Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı Azərbaycanın tələbini qəti şəkildə rədd edib. Paşinyan Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmadığını iddia edib. Paşinyanın bu mövqeyi sülh müqaviləsinin bağlanması, həm də iki ölkə arasında sərhədin demarkasiyası prosesində irəliləyiş olacağı ilə bağlı şübhələr yaradır. Dalana dirənmiş bu vəziyyət təbii olaraq ortaya sual çıxır: bu qeyri-müəyyən vəziyyət hələ nə qədər davam edə bilər? Müharibənin bitməsindən 4 ildən də çox zaman keçib, amma iki qonşu ölkə hələ də öz aralarında heç bir sülh müqaviləsi imzalaya bilmir. Formal nöqteyi-nəzərdən belə çıxır ki, Ermənistanla Azərbaycan hələ də müharibə şəraitindədir. Şərqi Avropa ölkələri üzrə ekspert, "AzadlıqRadiosu"nun jurnalisti Vadim Dubnov (Praqa) Pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb: “Prinsipcə sülh müqaviləsi olmadan da yaşamaq mümkündür. Çünki sərhədlərin delimitasiyası, az-çox əhəmiyyəti olan çoxlu müxtəlif kiçik praktiki vacib məsələlər var. Onlar konkretdir və sülh müqaviləsi olmadan həyata keçirilə bilər”. Bu mənada bəzi ekspertlər Yaponiya-Rusiya nümunəsini də yada salırlar.

Xatırladaq ki, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçirilməlidir. Paşinyan məhz bu seçkidən “salamat” çıxmağı hədəfləyir. Bu isə o deməkdir ki, ən azı iki il sülh müqaviləsini Azərbaycanın şərtləri ilə qəbulunu ləngitmək istəyəcək. 

Deputat Sahib Alıyev seçki dairəsini dəyişdi

 Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında öncə bildirdi ki, mövcud durum fərqlidir: “Azərbaycanla Ermənistan arasında sülh sazişi olmadan, bir sıra ekspertlərin dedikləri kimi, Yaponiya-Rusiya sayaq əməkdaşlığa başlanacağını düşünmürəm. Çünki anklav kəndləri nəzərə almasaq, artıq nə Azərbaycan torpaqları əvvəlki kimi işğal altındadır, nə də Ermənistan. Anklavlar haqda isə danışıqlar gedir və sərhədlərin delimitasiyası çərçivəsində bu məsələ həllini tapacaq. Amma sülh anlaşması olmadan əməkdaşlığa başlanacağını düşünmürəm. Söhbət Azərbaycanla Ermənistan arasında qurulacaq əməkdaşlıqdan gedirsə, bu, ilk növbədə kommunikasiyaların açılması deməkdir”. Milli Məclis üzvü xüsusilə vurğuladı ki, kommunikasiyaların açılması bizim tələb etdiyimiz kimi, Zəngəzur dəhlizindən başlamalıdır. Sülhə gəldikdə, S.Alıyev əminliklə qeyd etdi ki, Ermənistan rəsmilərinin bu haqda açıqlamaları möhtəkirlikdən, revanşizm hazırlıqlarını, durmadan hərbi potensiallarını artırmalarını pərdələməkdən başqa bir şey deyil: “Mən hətta 2026-cı il seçkisini udduqdan sonra belə Paşinyanın öz xoşuna Azərbaycanın tələblərini yerinə yetirəcəyini düşünmürəm. Onun qonşularına qarşı torpaq iddiası irəli sürmənin doğru olmadığından, "real" Ermənistandan bəhs etməsi sülh göyərçini görüntüsü yaratmaqdır və eyni zamanda Azərbaycanla Türkiyəyə hayların arasında pisin yaxşının elə məhz özü olduğunu çatdırmaqdır. Sonuncunun nə məqsədlə edildiyini açıqlamağa gərək duymuram və bir daha vurğulayıram ki, Paşinyan 2019-cu ildəki adamdır, dəyişməyib, dəyişən, daha dəqiqi, dəyişdirilən onun ritorikasıdır. Reallıq  budur ki,  nifrət pandemiyasının hələ uzun müddət davam edəcəyi hay toplumunda pisin yaxşıları da hələ ki, Paşinyanla bəzi komanda üzvləridir".

Tural İsmayılov: Azərbaycan OPEC ilə əməkdaşlığını genişləndirir - AZƏRTAC

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, siyasi şərhçi Tural İsmayılovun sözlərinə görə, sülh müzakirələri  bəzi neoimperialist dairələri ciddi şəkildə narahat edir: “Faktiki müşahidə edilən odur ki, Qərb dövlətləri guya sülhə dəstək olduğunu bildirsələr də, əslində Ermənistanı əlaqələrin normallaşmasından uzaqlaşdırırlar. İlin sonuna qədər sülhlə bağlı Azərbaycanın qalib ölkə kimi diktə etdiyi şərtlər Ermənistan tərəfindən qəbul olunmuş görünsə də, rəsmi İrəvandan siyasi rıçaq kimi istifadə edən qüvvələr prosesin "ölü nöqtədən" tərpənməməsi üçün əllərindən gələni əsirgəmirlər. Sülhün aktuallaşdığı və delimitasiya komissiyalarının görüşlərinin keçirilməsi fonunda Fransanın Ermənistanı silahlandırması, ABŞ-ın bütün vasitələrlə Azərbaycana qarşı haqsız dezinformasiya hücumları sülh prosesinə əngəl törədir". T.İsmayılov qeyd etdi ki, Qərb şəbəkələri hazırda Ermənistan cəmiyyəti içərisində Azərbaycan əleyhinə aqressiv ritorikanın qalmağında maraqlı tərəf kimi görünür: "Qərb Ermənistanı rəsmi Moskvaya qarşı qızışdırmaqla regional platformaları da sabotaj etmək məqsədi güdür. Ümumiyyətlə, bu bölgənin əsas güclərinin koordinasiyalı fəaliyyətinin və regional əməkdaşlığının pozulması Ermənistandan təsir aləti kimi istifadə etmək istəyən müstəmləkəçi Fransa və ABŞ mərkəzli qüvvələrin əsas hədəflərindəndir". Ekspert qeyd etdi ki, bundan əlavə, Ermənistanı sülhdən yayındıranlar, regionda qızışdıranlar heç Ermənistan xalqını da düşünmürlər: “Əksi olsaydı, Fransa Ermənistanı silahlandırmaz, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və oxşar fondlar bu ölkəni dəstəkləməzdi. Ermənistanın dövlət kimi mövcudluğu təkcə Azərbaycanla sülh müqaviləsinin imzalanmasından asılıdır. Ermənistan bunu dərk edərək ya regionda əməkdaşlığa çalışacaq, ya da bu ölkənin siyasi alət kimi istifadəsi davam edəcək. Ermənistanın bir dövlət olaraq düşdüyü çətin iqtisadi vəziyyətdən və siyasi xaosdan yeganə qurtuluşu Azərbaycanla sülhdən keçir. Ermənistan iradə göstərməli, Türkiyə ilə münasibətləri normallaşdırmalı, eyni zamanda regional əməkdaşlıqdan imtina etməyərək bölgənin güc mərkəzləri ilə hesablaşmağı bacarmalıdır”.

İranın dəstək verdiyi Husilər dünyanı təhdid edir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə əmindir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi məhz qarşı tərəfin qeyri-konstruktiv mövqeyinə görə bu il də bağlanmadı: “Çünki Nikol Paşinyan konstitusiyada Azərbaycana qarşı ərazi iddialarını çıxarmaq istəmir və tələbləri qəbul etmir. O, bunu parlament seçkilərindən sonra etməyi hədəfləyir. Paşinyan müstəqillik bəyannaməsini Ermənistanın inkişafını qarşısını alan sənəd kimi qeyd etsə də, daxili auditoriyaya görə anti-Azərbaycan iddiaları dəyişmək istəmir”. Bununla belə, M.Əsədullazadə hesab edir ki, ikitərəfli danışıqlarda sərhədlərlə bağlı irəliləyişlər var: “Amma Azərbaycanın tələbi təkcə konstitusiya məsələsi ilə bağlı deyil. Bura Zəngəzur dəhlizinin açılması da daxildir. Regionda yeni siyasi reallıqlar yaranır. Ermənistan prosesləri düzgün qiymətləndirə bilmir. 2026-cı ilə kimi yeni çağırışlar ortaya çıxa bilər. Ona görə də Ermənistan tərəfinin hazırkı siyasəti müharibə şəraitinin davam etməsinə xidmət edir. Məhz Ermənistanın silahlanması, müdafiə nazirinin Fransaya səfəri və hərbi müqavilə bağlanması bunu göstərir”. Siyasi şərhçi hesab edir ki, iki ölkə arasında sülh müqaviləsi olmadan əlaqələrin normallaşması mümkün deyil: “Çünki Ermənistan ağır şəkildə Azərbaycana qarşı müharibə aparıb, revanşistlər hələ də qalmaqdadır. İki ölkə arasında hüquqi baza olmalıdır sülh sazişi üçün. Ermənistan tərəfi sülhü gecikdirsə, silahlanmaya davam edərsə, bu ölkə ilə bağlı tədbirlər görülə bilər. Demək olar ki, Türkiyə də Ermənistanı sülhə tələsdirir. Türkiyə qlobal gücdür və regionda söz sahibidir”.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR