Onlayn ictimai-siyasi qəzet
Polkovnik: “Ermənistan hərbi büdcəsindəki artımla Azərbaycan ordusunun inkişaf tempinin heç yaxınına da gələ bilməz”
Ermənistanda müdafiə xərcləri 2024-cü ildə ÜDM-in 5,3%-ni təşkil edəcək. Belə ki, gələn il hökumət Müdafiə Nazirliyinə 554 milyard dram (1 milyard 377 milyon dollar) ayırmağı planlaşdırır.
Bu barədə Ermənistanın maliyyə naziri Vahe Ovannisyan dekabrın 6-da parlamentdə 2024-cü il üçün dəqiqləşdirilmiş dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, bu, 2023-cü il dövlət büdcəsində nəzərdə tutulan müdafiə xərclərindən 7% çoxdur.
Göründüyü kimi, üç ildir Azərbaycanla sülh müqaviləsi imzalamaqdan yayınan yoxsul bir ölkə hərbi xərcləri rekord həddə qaldırmaqla de-fakto müharibə hazırlıqları içindədir. Erməni müdafiə naziri Suren Papikyanın, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bu il ərzində dəfələrlə Parisə, Nyu-Dehliyə, Vaşinqtona səfərlər etməsinin tək hədəfi də bu - yeni silah-sursat və hərbi sistemlər əldə etmək. Açıq-aşkar havadarlarına güvənərək və sülh danışıqlarını imitasiya etmək hesabına vaxt udub təzədən silahlanmaq, ayaqlanıb üstümüzə gəlmək, Azərbaycanı təxribata çəkmək.
“Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda qeyri-real fikir formalaşdırırlar”.
Bu sözləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən Forumda bildirib.
Dövlət başçısı qeyd edib ki, Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Dağlıq Qarabağı işğal edə bilər: “Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin nəticəsi insanlar və onların ruhu sayəsində həll edilir. Hətta İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min dezertiri, fərarisi olub. Yəni onlar Azərbaycan qarşısında tab gətirə bilməzlər”.
Bəs, Ermənistanın hərbi büdcəsini artırmaqla Azərbaycan üzərində üstünlük əldə etməsi mümkündür? Azərbaycanın hərbi büdcəsi ilə Ermənistanınkını müqayisə etdikdə bu necə görünür?
Rövşən Məhərrəmov
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, 44 günlük müharibə zamanı Ermənistanın, demək olar, bütün silahlı qüvvələrini, silah arsenalını çökdürdük. Ermənistan öz ordusunu bərpa etməyə çalışa bilər. Ermənistanın ordusu müharibədə elə vəziyyətə düşüb ki, silahdan öncə bu ordunun şəxsi heyətinin formalaşması problemi dayanır. Ermənistan üçün bu problemi həll etmək elə də asan deyil: “İkincisi, 30 il ərzində Ermənistan Rusiya ordusu modelində ordu qurmuşdu. Əsas silahlanması Rusiyadan təmin olunmuşdu və Rusiya erməni ordusuna ya güzəştlərlə, ya da pulsuz silahlar vermişdi. 2020-ci ildə müharibədə Ermənistan ordusunun arsenalındakı silahların 70 faizi məhv edildi. İndi Ermənistan hərbi büdcəsini 7 faiz artırmaqla həmin itkiləri bərpa edə bilməz. Ermənistanın hərbi büdcəsi çox deyildi ki, 7 faiz artım ciddi bir məbləğ olsun. Ermənistanın hərbi büdcəsi ordusunu gücləndirməyə yetməz. Bu büdcə ən uzağı verdikləri itkilərin müəyyən hissəsini bərpa etməyə yetər. Bərpa isə uzun müddət tələb edir. Müdafiə naziri Suren Papikyanın həm Hindistanda, həm də Fransada keçirdiyi görüşlər Ermənistanın rus silahlarından imtina etmək niyyətini göstərir. Ermənistan Fransa silahlarını əldə etməklə NATO silahına yiyələnmək istəyir. Amma məlum olub ki, Fransanın son aylarda Ermənistana göndərdiyi silahlar, hərbi texnikalar köhnə və yararsızdır. Hətta Rusiyanın xarici İşlər Nazirliyinin sözçüsü bəyan etdi ki, Fransa istismar müddəti bitmiş yararsız silahları Ermənistana soxuşdurub. Məsələnin başqa bir tərəfi də var ki, heç kəs Rusiya kimi Ermənistana pulsuz silah verəsi deyil. Heç bir ölkə dəyərindən qat-qat aşağı qiymətə İrəvana silah satmayacaq. Yəni Ermənistan hərbi büdcəsindəki 1 milyard 400 milyon dollar ordunun həm bərpası, həm saxlanması, həm xidmətin təşkili, bütün növ təminatları, həm sosial məsələlərinin həllinə yönəlməlidir. Bununla isə bu tələblərin hamısını lazımi səviyyədə həyata keçirmək mümkün deyil. Bu büdcə Azərbaycan ordusunun uzağı iki korpusuna lazım olan, ayrılan büdcə qədər deyil. Azərbaycan Ordusunun hətta 20 il bundan öncəki hərbi büdcəsi belə, Ermənistan ordusunun indiki artım büdcəsindən dəfələrlə çox olub. Azərbaycan hökuməti 2024-cü il dövlət büdcəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 6,421 mlrd. manat - indiki məzənnə ilə 3,78 milyard dollar vəsait ayırıb. Azərbaycan Ordusu NATO-nun ikinci ən güclü ordusu olan Türkiyə ordusu modelinə keçid edir. Ordumuz bu istiqamətdə xeyli məsafə qət edib. Bir üstünlüyumüz də budur”.
Bununla belə, hərbi ekspertin sözlərinə görə, Ermənistandan şübhəsiz ki, istənilən an hərbi təxribatlar, Azərbaycana qarşı hərbi təcavüz gözləmək olar: “Onlar şübhəsiz ki, revanş və qisas hissi ilə yaşayırlar. Öz aləmlərində hesab edirlər ki, bir az özlərinə gələn kimi Azərbaycana hücum edə və nəyəsə nail ola bilərlər. Ona görə də Azərbaycan daim hazır olmalı və müharibədən sonra keçən müddətdə də inkişaf etdirdiyi ordusunu bundan sonrakı dövrdə də bütün istiqamətlərdə gücləndirməlidir. Ordumuzun gücləndirilməsi prosesi daimi olmalıdır. Azərbaycan Prezidenti də bəyan etdi ki, ordunun gücləndirilməsi, ən müasir silahlarla təminatı davamlı olaraq həyata keçirilir və keçiriləcək. Yəni müşahidə olunan tendensiya əminliklə onu deməyə əsas verir ki, Ermənistan hərbi büdcəsindəki artımla Azərbaycan ordusunun inkişaf tempinin heç yaxınına da gələ bilməz. Azərbaycanın Ermənistandan daha bir üstünlüyü odur ki, Azərbaycan müdafiə sənayesi Ermənistanın müdafiə sənayesindən dəfələrlə güclüdür. Azərbaycan istehsal etdiyi bir sıra silahlarla nəinki öz ordusunu təmin edir, hətta xaricə silah satmaq imkanındadır. Azərbaycan ordusunun arsenalında elə müasir silahlar var ki, təkcə onun dəyəri Ermənistan hərbi büdcəsinin az qala yarısı qədərdir. Ermənistanın hərbi büdcəsi həmin silahı almaq iqtidarında deyil”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ