İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh danışıqları ərəfəsində ermənilərin növbəti təxribatı: fitvaçı kimdir - Rusiya, yoxsa İran...

Ermənistan region uğrunda savaşan güclərin əlində oyuncağa çevrilib; politoloq: “Təxribat hücumunun Ermənistanla Tehranın birgə planı olması ehtimalı böyükdür”

İkinci Qarabağ müharibəsindən iki il yarıma yaxın vaxt ötsə də, Ermənistanla nə sülh müqaviləsi imzalamaq mümkün olub, nə də delimitasiya həyata keçirmək. Birmənalı şəkildə buna əngəli də Ermənistan və onun havadarları törədib. Hər dəfə sülh masasına oturmaq ərəfəsində Ermənistan atəşkəsi pozub, təxribat törədib. 

Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub, 4 hərbçimiz isə yaralanıb. Ermənistanın təxribatlarına adekvat reaksiya verilib və düşmən susdurularkən Ermənistanın xüsusi təyinatlı ordu korpusunun komandiri yaralanıb, xeyli erməni hərbçisi isə öldürülüb. İlkin məlumata görə, ölən ermənilərin sayı 6 nəfərdən çoxdur. 

Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini Bakıda qəbul edərkən Ermənistanın ötən gün təxribat həyata keçirdiyini bəyan edib. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidenti qeyd edərək, bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğunu bildirib.

11 apreldə Laçın istiqamətində Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələrlə əlaqədar olaraq Azərbaycan Hərbi Prokurorluğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi açıb. Cinayət işi açılaraq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

İndiki həssas məqamda sərhədlərin müəyyənləşdirilməsindən danışıldığı, Laçın yolunun başlanğıcında post quraşdırılması mərhələsində bu təxribatın baş verməsi təsadüfi deyil. Ermənistan buna öncədən hazırlanıb və təhrik edilib. Son iki gündə - Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə danışdıqdan sonra eskalasiyadan, vəziyyətin gərginləşməsindən danışırdı və aydın görünür ki, məqsəd öncədən planladıqları təxribatla bağlı əsas yaratmaq olub. 

QƏRAR VERİLİB… YAXIN GÜNLƏRDƏ LAÇIN YOLUNDA POST QURULUR…

Laçın yolunda post qoyulması prosesi ilə bağlı Ermənistanın bu təxribatı Rusiyanın təsiri, təhriki ilə törədə biləcəyinə dair iddialar var. 

Azərbaycan 30 illik işğal dövründə ermənilərin irəli çəkdiyi dövlət sərhədini hazırda xəritələrə uyğun bərpa edir. Ermənistan isə bunu əngəlləmək üçün min oyundan çıxır. Ekspertlər bu versiyanı da irəli sürür ki, Ermənistan bu təxribatı törətməklə Avropa İttifaqın müşahidə missiyasına da guya təhdid altında olduqlarına dair görüntü yaratmaq hiyləsinə əl atır. 

Eyni zamanda Azərbaycana qarşı məkrli planlar quran və Laçın yolunda post qurulması məsələsində təxribatçı açıqlamalar verən İranın da Ermənistanı fitvalaya biləcəyi ehtimalı böyükdür. Mümkündür ki, İran Ermənistanla hərbi müttəfiqlik haqda saziş imzaladığını bəhanə edərək, Zəngəzura hərbi qüvvələrini cəlb etsin, bununla xof yaratmağa çalışsın. 

11 aprel təxribatının arxasında duran məqsədlər nədir? Hansı kənar gücün və güclərin bu təxribatda marağı ola bilərdi? 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, aprelin 11-də Gorusun Dığ kəndi istiqamətindən Laçın istiqamətində ermənilərin həyata keçirdiyi hərbi təxribatın xüsusi məqsədləri var idi: “Ermənistan tərəfi Azərbaycanla sərhədləri delimitasiya etmədən birtərəfli qaydada mühəndis istehkam işlərini həyata keçirməyə başlayıb. Ağır texnikanın bu iş üçün cəlb olunması, xüsusi təyinatlı silahlı qüvvələrinin iştirakı ilə bu prosesin icrası məlumdur ki, Azərbaycan tərəfindən etirazla qarşılanacaq. Yayılan videogörüntülər də bunu deməyə əsas verir ki, burada açıq-aşkar təxribatı Ermənistan tərəfi törədir. Məsələni aydınlaşdırmaq istəyən Azərbaycan hərbi qulluqçularına qarşı təzyiq edilir, yaranan qarşıdurma sonradan silahlı toqquşmaya gətirib çıxarır. Eyni zamanda maraqlı bir nüans bundan ibarətdir ki, Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçiriləcəyi haqqında məlumat yayıldıqdan sonra bu hərbi təxribat baş verdi. Şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Azərbaycan necə ki, ermənilərin cavabını aprelin 11-də verdi, bundan sonra da istənilən təxribatın cavabı sərt şəkildə veriləcək. Cənubi Qafqazda vəziyyəti qarışdırmaq, burada öz maraqlarını təmin etmək, mövculduğunu genişləndirmək istəyən kənar qüvvələrin sayı çoxalmaqdadır. 11 aprel təxribatında İranın təhrikçiliyi ehtimalı da yüksəkdir”.  

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI, en son xeberler 2023, xeberler bu gun 2023

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, İranın Ermənistanı silahlandırdığı gözlənilən idi. Ukraynaya qarşı işğalçı müharibəni genişləndirmək üçün Rusiyaya pilotsuz uçuş aparatları və raket qurğuları verən İran eyni silahları strateji tərəfdaşı Ermənistana da ötürüb. Aprelin 11-də yayılan xəbərlərə görə, Ermənistan Laçın istiqamətində hərbçilərimizi İran istehsalı olan hərbi texnikaların vasitəsilə atəşə tutub. Bizə təmas xəttində istehkamlarımızı qurmağa mane olmağa çalışırlar: “Bu hadisədən iki gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Tehrana çağıran İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin erməni həmkarına lazımi təlimatlar verdiyi aşkardır. Görüşdən sonra "Cənubi Qafqaz regionunda istənilən coğrafi dəyişikliyin əleyhinəyik" deyən Əli Şamxani Armen Qriqoryanı Azərbaycan əleyhinə gərəkli addımlara “cəsarətləndirib”. Qriqoryan da bu təlimatları baş nazir Nikol Paşinyana və ordu rəhbərliyinə çatdırıb. Ermənistan və Qarabağ separatçıları  Rusiya və İranın Azərbaycana qarşı istifadə etdikləri alətlərdir. Halbuki İkinci Qarabağ müharibəsindən və ötənilki sentyabr döyüşlərindən sonra Ermənistan Azərbaycana qarşı istənilən təxribatdan çəkinməli idi. Çəkinmirlərsə, demək, onları qızışdıranlar var. Bunun nəticəsidir ki, Ermənistan nə Azərbaycanla sülh sazişi imzalamaq istəyir, nə sərhədin müəyyələşməsi ilə bağlı danışıqlara başlayır, nə də Zəngəzur dəhlizini açmağa həvəs göstərir. Biz isə təmas xəttində möhkəmlənməli və Qarabağın tamamında ərazi bütövlüyü və suverenliyimizin bərpası çalışmalarını davam etdirməliyik. Başqa alternativimiz yoxdur".

Asif Nərimanlı yazır...

 Asif Nərimanlı

Politoloq Asif Nərimanlı isə bildirib ki, baş verənlər əsas hədəfin daha genişmiqyaslı olduğunu göstərir. İrəvanın məqsədini bir neçə kontekstdə dəyərləndirmək olar. Birincisi, sərhədin delimitasiyasının qarşısını almaqdır: “Yeni Laçın yolunun istifadəyə verilməsindən sonra bu istiqamətdə sərhədin bərpası başlandı. Bu, işğal dövründə Ermənistanın irəli çəkdiyi dövlət sərhədinin bərpasıdır və proses konkret xəritələrə əsasən aparılır. Əsas diqqətçəkən məqamlardan biri də rəsmi İrəvanın Azərbaycan Ordusu tərəfindən sərhədin bərpası prosesinə əvvəlcə etiraz etməməsi, hər şeyin razılaşma əsasında həyata keçirildiyini deməsi, etirazı mühəndis işlərinin aparıldığı vaxt etməyə başlaması idi. Paşinyan bəyan etdi ki, Laçın istiqamətində sərhədin 12 kilometrlik hissəsinin 7 kilometrində yerləşmə məntəqələri dəqiqləşdirilib, 5 kilometr hissəsi mübahisəlidir. Əgər 7 kilometr hissə xəritə üzərindən dəqiqləşdirilirsə, İrəvanın 5 kilometr hissədə etiraz etməsi şübhələr yaradır və istisna deyil ki, burada məqsəd dünən baş verən hərbi eskalasiyaya əsas yaratmaq üçün səbəbin formalaşdırılmasıdır.

İkinci məqsəd masadakı razılaşmaları dağıtmaq və yeni şərtlər formalaşdırmaqdır. Hərbi eskalasiya üçün İrəvana siyasi baxımdan bunlar lazımdır:

- 44 günlük müharibədən sonra danışıqlar masasında gündəmdə olan məsələləri sıfırlayır, yeni gündəm formalaşdırır, yaxud ən pis halda prosesi uzadır;

- Üçtərəfli razılaşmalarda üzərində götürdüyü öhdəliklərdən imtinaya əsas əldə edir;

- Sərhədə gətirdiyi Avropa İttifaqı missiyasının hesabatının “Azərbaycan təcavüzkardır” kontekstində hazırlanmasına zəmin yaradır: Laçın yolu məsələsində Bakıya qarşı beynəlxalq təzyiq kampaniyasına nail ola bilməyən İrəvanın bunun daha effektli olacağını düşündüyü sərhəd üzərindən edəcəyi gözlənilirdi;

Üçüncü məqsəd Rusiyanın yerini yeni iştirakçılarla doldurmaqdır. İstisna deyil ki, Ermənistan bu döyüşlərlə KTMT-dən dəstək tələbini yenidən aktuallaşdıracaq və bu dəstəyin alınmamasını əsas gətirərək, təhlükəsizliyin təmin edilməsində yeni iştirakçıların vacibliyini önə sürəcək. Bu iştirakçılardan biri Avropa İttifaqı və ittifaqın missiyası altında çıxış edən Fransadır".

Politoloq hesab edir ki, təxribatın arxasında İranın əlinin olması ehtimalı da var: “Təxribat hücumunun məhz indi edilməsinin səbəbini burada axtarmaq zərurəti var, xüsusilə Bakı-İrəvan münasibətlərinin normallaşması prosesində yeni addımların atılacağı gözləntisi fonunda. Qərb masasında danışıqlar konkret nəticə verməsə də, növbəti görüşün Vaşinqtonda keçiriləcəyi gözlənilir. Rusiya bölgədə təşəbbüsü yenidən ələ almaq məqsədilə aktivləşir-Lavrovun Ankarada Qarabağı müzakirə etməsi, eyni gündə Putinin Paşinyanla telefon danışığında üçtərəfli razılaşmaların icrası və sülh sazişinin hazırlığından danışması bundan xəbər verir. Qərb və Rusiya bölgədə bir-birinə qarşı olsa da, hansısa tərəfin təşəbbüsü ələ alması Ermənistanın götürdüyü öhdəliklərin icrasını aktuallaşdırır və bu, həm də İranı oyundankənar vəziyyətə salır. Bu baxımdan, təxribat hücumunun Ermənistanla İranın birgə planı olması ehtimalı böyükdür. Tehran üç mümkün hədəfi görünür. Birincisi, danışıqlarda mövcud gündəliyi pozmaq, özünün də hansısa formada iştirak imkanlarını yaradacaq yeni gündəliyi formalaşdırmaq, ikincisi, Azərbaycana qarşı hücumu Ermənistan üzərindən davam etdirmək və "sərhədlərin dəyişməsi" perspektivinin qarşısını almaq, üçüncüsü, Ermənistanın təhlükəsizliyinin qorunmasında Rusiyanın zəifləyən yerini tutmaq, ən azı iştirakçıya çevrilmək. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın hücumdan öncə Tehranda iranlı həmkarı Şamxani ilə görüşü də bu kontekstdə diqqət çəkir".

Qeyd: Rusiyadan 11 aprel hadisəsinə reaksiya verilib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib ki, Ermənistan-Azərbaycan sərhədində baş verənlər Bakı və İrəvanın qarşılıqlı olaraq təmkin göstərməsinin vacibliyini təsdiq edir. Onun sözlərinə görə, baş verənlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarına riayət edilməsinin vacibliyini göstərir. Zaxarova dünən Ermənistan-Azərbaycan sərhədində insident baş verən kimi Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin dərhal Azərbaycan və Ermənistanın məsuliyyətli şəxsləri ilə təmasa girdiklərini və deskalasiya ilə bağlı tədbirlər gördüyünü söyləyib.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR