İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh danışıqları adı altında atəşkəsə “hə” demək tarixi səhv olar-Politoloq

“Rusiyanın Paşinyanı cəzalandırmaq istədiyi və guya bu məqsədlə Azərbaycandan istifadə etdiyinə dair absurd iddia, təəssüf ki, davam edir. Ermənistanda Paşinyan hakimiyyətə gəldikdən sonra başlayan, 44 günlük müharibə dövründə və ondan sonra israrla davam etdirilən qüsurlu yanaşma sonuncu proseslərlə bağlı olaraq da ortaya qoyulur. Təəssüf ki, bu fikri müdafiə edənlər arasında sadəcə Ermənistanın mövqelərini gücləndirmək ya da regionda öz maraqlarını reallaşdırmaq istəyən xarici qüvvələr deyil, öz soydaşlarımız da (onların arasında müxtəlif məsələlərlə bağlı yanaşmalarına hörmət etdiyin şəxslər də) var”.

Musavat.com xəbər verir ki, bu fikirləri Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin direktoru Araz Aslanlı bildirib: “Davam etdirilən bir digər iddia isə guya regionda sülh üçün yaxşı imkan olduğu, Azərbaycanın bu imkanı Rusiyanın istəyi ilə baltalamasıdır.

Beynəlxalq münasibətlərin mürəkkəbliyini, sistemin və ayrı-ayrı dövlətlər arasında münasibətlərin özünəməxsus xüsusiyyətlərini, ölkədaxili müxtəlif amilləri nəzərə almadan bəsit yanaşmalar ortaya qoyurlar. Yanaşmaları sadəcə zərərli deyil, eyni zamanda qüsurlu və dardır.

1. Azərbaycan 44 günlük müharibəni əsgərlərinin qanı bahasına, özünün düzgün strategiyası və qardaş Türkiyənin mənəvi, siyasi, texniki və s. dəstəyi ilə qazanıb. Rusiya istədiyi ya da icazə verdiyi üçün deyil. Rusiya "istəsəydi" ya da "Azərbaycana icazə versəydi", Ermənistana o qədər silah daşımazdı, Gəncəyə, Bərdəyə, Tərtərə raketlər atılmazdı. Müharibənin gedişatında hədiyyə olaraq göndərilən silahlar kifayət etmədiyi zaman Rusiya ordusunun inventarında olan silahlar Ermənistana verilməzdi. Bir neçə mərhələdə Bakıya və nəhayət Şuşaya o raketlər atılmazdı.

2. Regionda sülh yalnız beynəlxalq hüquqa, ədalətə, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə tam əsaslandığı zaman mənalı olar. Hazırda bu cür sülhü keçmiş həmsədr dövlətlərin heç birisi istəmir, o cümlədən də Rusiya. Amma sanki sadəcə Rusiya istəmirmiş, digərləri isə istəyirmiş kimi görüntü yaratmağa çalışmaq qüsurludur. Böyük güclərin Qafqaz və Anadolu ilə bağlı siyasətlərini (istər tarixi, istər mövcud), strateji maraqlarını dərin təhlil edən hər kəs bu reallığın fərqindədir. Xüsusilə keçmiş həmsədrlər, eləcə də bəzi qonşularımız Azərbaycan ilə Ermənistan arasında gərginliyin davam etməsini mütləq qaydada istəyirlər. Sadəcə bəziləri müharibədən mədət umur, bəziləri tez-tez pozulan atəşkəsdən. Təbii ki, hər birinin özünə görə əsasları var, özlərinə görə haqlıdırlar. Amma Azərbaycan da özünə görə haqlıdır, onlardan fərqli olaraq eyni zamanda beynəlxalq hüquqa görə haqlıdır.

3. Beynəlxalq hüquqa (dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə) tam riayət edilməklə mümkün qədər tez vaxtda sülhün əldə edilməsi önəmlidir. Hər iki tərəf, eləcə də dünya üçün bu daha faydalıdır. Amma sülh danışıqları adı altında Ermənistanın və bəzi digər dövlətlərin 9 noyabr (10 noyabr) bəyanatını 1994-cü il atəşkəsinə çevirməsinə (psixoloji vəziyyəti dəyişdirərək revanş üçün fürsət axtarmasına) imkan vermək olmaz. Bu tarixi səhv olar. Azərbaycan öz gücü, əsgərlərinin qanı, canı, rəhbərliyin siyasəti hesabına, amma eyni zamanda tarixi şəraitin uyğun olması sayəsində ərazilərini azad edib. Tarixi şəraitə hazır olmaq, o şəraitin hazır olması üçün çalışmaq dəyərlidir. Amma unutmayaq ki, heç bir dövlət tarixi şəraiti təkbaşına müəyyənləşdirə bilmir, Azərbaycan miqyaslı dövlətlərin isə tarixi şəraitin formalaşmasındakı rolu kiçikdir. Mövcud şərait (qlobal və regional siyasət çərçivəsində) doğru təhlil edilməlidir.

4. Azərbaycan 1987-ci ildən sonra bir neçə dəfə sülh naminə kritik məqamda dayanıb, sülh ümidiylə geri addım atıb. Hər birində də ağır nəticəylə qarşılaşıb. 1991-ci ildə İcəvan razılaşmasından sonra 20 noyabr Qarakənd cinayəti, İranın vasitəçiliyi ilə danışıqlardan sonra Xocalı soyqırımı və Şuşanın işğalı və s. misallar var. Kim Azərbaycanı ümumi (amma ədalətsiz) sülh naminə güzəştə ya da sakit durmağa səsləyirsə istəyərək ya da istəmədən eyni proses riskini Azərbaycan üçün yaradır. Sülh dəyərlidir. Çünki insanların həyatı xilas edilir. Amma daha öncəki təcrübədən gördük ki, müxtəlif ədalətsiz (yarımçıq) atəşkəs-sülh təşəbbüsləri bir müddət sonra daha ağır insan itkilərilə nəticələndi.

5. Ermənistanın daxili və xarici siyasətindəki hansısa nüans, regional və qlobal şərait işimizə yaramış ola bilər. Amma sırf hansısa başqa bir qüvvənin də marağına uyğundur deyə Azərbaycan öz maraqlarına uyğun amillərdən, şəraitdən istifadə etməməlidir? Bunu istəmək məntiqli bir yanaşma deyil. Azərbaycan miqyasda bir dövlətin təkbaşına iddialı və tam müstəqil xarici siyasət yürütməsi mümkün deyil. Amma Azərbaycan xarici siyasətdə heç vaxt başqa dövlətlərin qurduqları oyunun oyunçusu da olmayıb. Özünəməxsus xarici siyasət xətti (uğurları və qüsurları ilə) var. Bu dəfələrlə sübut olunub. Belə davam etməsi də daha doğru olar”.

 

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR