İnsanlara hürriyət, millətlərə istiqlal!

Su polisi kartdan 15 min manat oğurlayaraq qaçan şəxsi saxlayıb - VİDEO

Polis əməkdaşları tərəfindən bank kartlarından edilən oğurluqların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Belə ki, DİN Su Nəqliyyatında Polis İdarəsinə xidməti ərazidə olan bir nəfər vətəndaş şikayət edərək onun kartından onlayn yolla naməlum şəxsin 15 min manat oğurladığını bildirib. Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Gəncə şəhər sakini Vasif Məmmədov ölkəni tərk etmək istəyən zaman hava limanı ərazisində saxlanılıb. Araşdırma zamanı onun sosial şəbəkələrdə səhifələr yaradaraq insanların kart məlumatlarını qanunsuz yollarla ələ etdiyi müəyyən olunub. V.Məmmədovun qanunazid əməllərindən zərərçəkən başqa şəxslər varsa, polis orqanlarına müraciət edə bilərlər.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları, həmçinin Xəzər dənizinin Sumqayıt şəhəri sahilində xidmət aparan zaman naməlum şəxs tərəfindən əraziyə atılan bir ədəd “Kalaşnikov” markalı avtomat, bir ədəd sandıqça və 47 ədəd patron aşkar ediblər. Qeyd edilən silah-sursat təhlükəsizlik tədbirləri görülərək ərazidən götürülüb. Araşdırmalar davam etdirilir.

Sonda qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən brakonyerliklə, Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli balıqların və adı “Qırmızı Kitab”a düşən quşların ovlanması ilə məşğul olan şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb edilmələri, eləcə də dənizin dibi ilə çəkilən dəmir boru kəmərlərini qanunsuz olaraq kəsib satışını təşkil edənlərə qarşı mübarizə tədbirləri daha da gücləndirilib. Sadalanan qanun pozuntularına yol verən şəxslərə  xəbərdarlıq edilərək bildirilir ki, onlar barəsində Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən digər müvafiq dövlət orqanları ilə birgə qanunauyğun ciddi tədbirlər görüləcək.

Vətəndaşlardan Xəzər dənizində və ölkə ərazisində yerləşən su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin (012) 433-38-12 və (012) 433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR